Cəmiyyət

  • 6 234

Təhsil eksperti: “Onlara 1 il vaxt verildi, yenə kəsildilər”

image

Ramin Nurəliyev: “7-8-ci sinif şagirdlərinin bildiyini o qədər müəllim bilməyib”

Ekspert: “Bu imtahan nə vaxtsa hörmətlə, rüşvətlə işə girməyin nəticəsidir”

Bu günlərdə müəllimlərin sertifikasiyadan kütləvi kəsilmə halının şahidi olduq. İmtahandan kəsilənlər arasında ibtidai sinif müəllimləri və Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllimlərin sayının çoxluğu nəzərə çarpdı. Bu vəziyyət cəmiyyətdə haqlı etiraz və müzakirəyə səbəb oldu. Məsələni təhsil eksperti Ramin Nurəliyevlə müzakirə etdik.

-Bu günlərdə mətbuatın gündəmində olan bir məsələni müzakirə edək sizinlə. Sertifikasiyadan kəsilən müəllimləri nəzərdə tuturam. Necə düşünürsünüz bu nəticə haqqında?

- Elə bir vəziyyətlə qarşı-qarşıyayıq ki, adam həqiqətən söz tapıb danışa bilmir. Həqiqətən də bu, böyük bir biabırçılıqdır deyərdim. Bu məsələni mən istəyirəm keçən ilə aparam. Keçən il bildiyiniz kimi, Azərbaycan dili fənni üzrə və ibtidai sinif müəllimi olaraq 28.000 müəllim sertifikasiya imtahanına cəlb olundu və 28 min müəllimdən 8 mindən yuxarısı sertifikasiya imtahanından kəsildilər. Yəni müsbət nəticə əldə edə bilmədilər. Sertifikasiya haqqında təlimata əsasən kəsilən müəllimlərə bir il daha şans verilir və bir il müddətində növbəti təkrar sertifikasiya imtahanına cəlb olunur. Bu müəllimlər bir il sonra, bu ilin iyun ayının səkkizində təkrar Azərbaycan dili və ibtidai sinif müəllimləri olaraq təkrar sertifikasiya imtahanına cəlb olundular.

8 iyun sertifikasiya imtahanın nəticəsinə əsasən, hansı ki, o 8 mindən yuxarı müəllim keçən il kəsilmişdi, həmin 8 min müəllimin 50 faizdən çoxu bu il təkrar olaraq sertifikasiya imtahanından müsbət nəticə əldə edə bilmədi, yəni kəsildi. Bu müəllimlər keçən il kəsilib, bir il şans verildi və bu bir il müddətində öz sahələri üzrə, ixtisasları üzrə özlərini ciddi bir şəkildə təkmilləşdirməli və imtahanda iştirak etməli idilər. Amma çox təəssüflər olsun ki, bu belə olmadı və təkrar imtahanda müəllimlər kəsildilər.

Həqiqətən də bu cəmiyyətdə çox mənfi qarşılandı. Valideyn nə düşünür? Mən valideynəm, istəyirəm övladımı aparıb ən yaxşı ibtidai sinif müəlliminin sinfinə qoyam. Amma ibtidai sinif müəllimi öz ixtisası üzrə, fikir verin, başqa bir sahədən imtahan olunmur, öz ixtisası üzrə imtahandan kəsilir. İnanın, o suallara mən baxdım, o qədər asan suallar idi ki. Yəni bir müəllimin o suallardan 50 faiz nəticə göstərə bilməməsi böyük bir fəlakətdir. Mən buna görə bu nəticələrə dəhşət, fəlakət deyirəm. Elm və Təhsil Nazirliyi həmin sualları yayımladı. Riyaziyyat və Azərbaycan dilindən ibtidai sinif müəllimlərinin suallarına baxdım, həqiqətən çətin suallar deyildi. Düzdür, içərisində çətin suallar da vardı, amma ümumi baxdığımız təqdirdə 50 faizi keçə bilməyəcək səviyyədə çətin deyildi. Yəni bu sualları 11-ci sinif şagirdlərinə versən, 80 faiz nəticə əldə edər.

-İmtahandan kəsilən müəllimlərin işə qəbul prosedurları necə olub zamanında? İmtahanla girmədikləri bəllidir.

-Yaxşı sualdır. Necə olub ki, əmək fəaliyyətinə başlayıblar. Bu müəllimləri mən üç hissəyə bölürəm. Birinci, bu müəllimlərin əksəriyyəti kollec təhsil alan ibtidai sinif müəllimlərdir. Orta ixtisas təhsili olan kolleclərdə ibtidai sinif müəllimliyi bu zamana qədər var idi. Artıq ləğv olunub, birbaşa ali təhsilə yönləndirilib, artıq dörd illik ali təhsil alınmalıdı. Bu kolleclərə müəyyən yollarla qəbul olurdular. Rüşvətlə, hörmətlə, izzətlə kolleci bitirib diplomunu alırdı. Əvvəl orta ümumtəhsil məktəblərinə müəllimlərin qəbul olunmasına icra strukturları baxırdı, icra hakimiyyətinə müəyyən yollarla rüşvət verib məktəblərdə əmək fəaliyyətinə başlayırdılar. Bu müəllimlərin bir qismi bunlardır.

İkinci qisim ixtisas dəyişməsi ilə müəllim olan şəxslərdir. Bilirsiz, əvvəllər ixtisasartırma, ixtisas dəyişmələri vardı. İbtidai sinif müəllimliyi dərs saatı çox olan bir sahədir. Ona görə də rəsm müəllimi ixtisas dəyişmə vasitəsilə olurdu ibtidai sülh müəllimi və rahatlıqla dərs deyirdi. Üçüncü kateqoriyaya isə bunların heç birinə aid olmayan, zamanda məktəb direktoru ilə danışmış, razılaşmış fərqli ixtisasın müəllimi, yaxud da heç müəllim olmayan, kitabxanaçı olan və yaxud başqa bir sahəyə baxan, hər hansı bir dərnəkdə müəllim kimi fəaliyyət göstərənlərdir. Zamanında direktorla danışıb, razılaşıb olub ibtidai sinif müəllimi, diplomu belə yoxdur. Bunu Elm və Təhsil naziri özü bəyan elədi ki, ibtidai sinif müəllimlərimizdən bəzilərinin ibtidai sinif müəllimi olaraq təhsili yoxdur. Ali təhsili qoyaq bir qırağa, orta ixtisas təhsili də yoxdur. Təbii ki, bütün müəllimləri nəzərdə tutmuram,söhbət kəsilən müəllimlərin böyük qismindən gedir. Təbii ki, acınacaqlı haldır ki, bu müəllimlərin də göstərdiyi nəticə bundan ibarətdir.

-Deməli, müəllimlərin işə elektronlaşdırılmış sistemlə qəbul edilməsi, sertifikasiyası bu kimi işəqəbul hallarının qarşısını alacaq.

-Əlbəttə, indi bu kimi hallara imkan yoxdur. Çünki Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu bilavasitə öz əlinə cəmlədi və imtahan yolu ilə həyata keçirir. Artıq qeyri-leqal yollarla ümumtəhsil məktəblərində müəllimlərin işə cəlb olunması mümkün deyil, işləməsi mümkün deyil, işə qəbul olunması mümkün deyil. Birbaşa imtahan yolu ilə, MİQ imtahanı verəcək. Müvəffəq olduğu təqdirdə müəllim kimi işləyəcək. Bütün proses elektron sistem üzərindən aparılır, müdaxilə yoxdur. Həmçinin də sertifikasiya imtahanının keçirilməsi ilə Elm və Təhsil Nazirliyi çox böyük bir uğur əldə etdi ki, həmin o müəllimləri ümumtəhsil məktəblərindən kənarlaşdırdı və kənarlaşdırılacaq. Çünki bizim cəmiyyətimizə bizim gənc nəslimizə, gələcəyimizə belə müəllim lazım deyil. Mən bunu açıq deyirəm, bəyan edirəm belə müəllimlər bizim cəmiyyətimizə lazım deyil. Öz ixtisasını bilməyən, öz ixtisası üzrə 50 faiz nəticə göstərməyən müəllim bizə lazım deyil.

Əlbəttə, sertifikasiya imtahanında müvəffəq olanlar da var və az deyil, kifayət qədərdir. O cümlədən müəllim kimi pedaqoji fəaliyyətində uğur əldə edənlər də var. Yəni pedaqoji kollektiv tərəfindən sevilənlər, tanınanlar da var. Əlbəttə ki, bizim sözümüz olaraq deyil. Onları biz də dəstəkləyirik.

-İbtidai sinif müəllimlərinin çox kəsilməsindən danışdıq, bu, dediyiniz kimi, daha çox dərs saatının olduğuna görə ixtisasartırma ilə rahat əldə edilən sahədir. Az balla universitetə daxil olmaq nə qədər təsir göstərir bu vəziyyətə?

-Mən bunu savadsızlığın əlaməti kimi qiymətləndirirəm. Bunun başqa adı yoxdur. Əgər bu müəllimlərin yaş həddinə baxarıqsa və yaxud da pedaqoji fəaliyyətinə baxarıqsa, mən düşünürəm ki, müəllimlərin əksəriyyəti yaşlı müəllimlərdir və əksəriyyəti də 10 ildən yuxarı pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərdir. Əksinə, bu müəllimlər daha çox savadlı olmalıdır. Bu müəllimlər gənc müəllimlərə nəzərən daha çox uğur əldə etməlidir, nailiyyətli olmalıdır. Amma çox təəssüflər olsun ki, bu müəllimlər müsabiqə şərtlərinin 50 faizni əldə edə bilməyiblər. Əldə edə bilməməsinin səbəbi əksəriyyətinin hardasa müxtəlif formada texnikumlara qəbul edilməsidir. Çünki balla qəbul olmaq məsələsi yaxın 7-8 ilin prosedurudur. Əvvəllər müsahibə əsasında və yaxud da ki, rüşvət verərək kolleclərə qəbul həyata keçirilirdi. Ona görə də bu vəziyyətdə olub, sonra da işə qəbulda da müəyyən yolar, imkanlar tapıb girib.

Mən düşünürəm ki, gənc müəllim onların içərisində çox azdır. Çünki gənc müəllim, yaxın 5 -6 il içərisində müəllimlərin işə qəbulu yolu ilə işə girib, bu da elektronlaşdırılmış sistem üzərindən imtahanla həyata keçirilir. Fərqi yoxdur, istər ibtidai sinif müəllim olsun, istər digər fənn müəllim olsun. Ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu MİQ imtahanı vasitəsilə həyata keçirilir və mən düşünürəm ki, bu imtahandan keçən müəllim sertifikasiya imtahanından rahatlıqla keçə bilərdi.

Bu qədər bəsit suallara cavab verə bilməməkləri, üstəlik ikinci şansda da eyni performans göstərməkləri savadsızlıq göstəricisidir, lakin iddialara görə həyəcanları da təsir edib nəticələrinə. Sizcə, bunu həyəcanala əlaqələndirmək doğru olardı? Bunun həyəcanla qətiyyən əlaqəsi yoxdur. Gənc müəllim olsa, 1-2 ilin müəllimi olsa deyərəm ki, həyəcanlıdır, stress keçirir. Lakin 30 ilin müəllimi də həyəcanlanarsa müəllim işləməsin artıq. Yəni burda bir bilavasitə əsas səbəb savadsızlıqdır. Bunun ikinci bir adı yoxdur. Çünki mən o suallara baxdım, o sualları bu gün aparın heç 11-ci sinif demirəm, 8-9-cu sinif şagirdlərinə verin, 50 faiz dən yüksək nəticə əldə edər.

-Apelyasiya şikayətləri effekt verəcəkmi sizcə? Nəyi əsas tutub şikayət edirlər?

-Mən düşünürəm ki, apellyasiya müraciətləri effekt verməyəcək. Niyə? Çünki test üsulu ilə həyata keçirilən imtahanların elektron sistem üzərindən yoxlanılması həyata keçirildiyi üçün burada səhv ehtimalı maxsimum 5 faizdir, bəlkə heç o qədər də deyil. Çünki ümumi suallara əgər diqqət yetirəriksə, bəlkə də beş faiz ola bilər ki, bir xəta olsun. Mən elə düşünürəm ki, o da əgər olarsa, bu ümumi nəticəyə ciddi təsir etməyəcək.

-Həm bir təhsil eksperti, həm də valideyn kimi siz necə qiymətləndirirsiniz bu imtahanları? Təhsilin keyfiyyətini yaxşılaşdıracağı bəllidir təbii ki, amma etiraz edənlər də var kəsilən müəllimlərin işsiz qalmalarına görə.

-Mən bir vətəndaş olaraq, bir təhsil eksperti olaraq Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı islahatları dəstəkləyirəm. Sertifikasiya imtahanı keçirilməsi cəmiyyətin bütün üzvləri tərəfindən alqışlanmalıdır. Çünki biz hər birimiz öz övladımızı aparıb ibtidai təhsildən orta məktəbə qoyuruq. Əgər ibtidai təhsilimiz bu vəziyyətdədirsə, bizim uşağımızın gələcəyi nə olacaq? Ona görə də istər ibtidai sinif müəllimliyi olsun, istər digər ixtisas müəllimləri olsun, müəllimlərin sertifikasiya imtahanının aparılmasına bütün cəmiyyət olaraq alqışlamaq lazımdır. Təbii ki, burda bu imtahanın aparılmasında müəyyən obyektivliklər diqqətə alınmalıdır, sualların səviyyəsi diqqətə alınmalıdır. Sertifikasiya dünyanın inkişaf etmiş ölkələrində də var. Adı sertifikasiya, təkmilləşdirmə, inkişaf və s. ola bilər, mahiyyət eynidir. Əksər peşələr üzrə sertifikasiya var, peşələr üzrə təkmilləşdirmə imtahanları həyata keçirilir, müsahibə yolu ilə, imtahan, test üsulu ilə həyata keçirənlər var.

Həmçinin də MİQ imtahanı istiqamətində Elm və Təhsil Nazirliyinin apardığı islahatları dəstəkləyirəm. Elektronlaşdırılması, müəllimlər imtahanın birbaşa elm və Təhsil Nazirliyinə bağlanması bura müxtəlif icra strukturlarının müdaxiləsini mümkün etmir. Birbaşa elektron sistem üzərindən vakant qeydiyyatdan keçir, imtahanda iştirak edir, hazır olan vakansiyalara elektron formada müraciət edir, qəbul olunduğu zaman təsdiqlənir və əmək fəaliyyətinə başlayır. Yəni bu həqiqətən böyük bir nailiyyətdir. Mən bu istiqamətdə atılan müsbət addımların hər birini təbii ki dəstəkləyirəm.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər