Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. SİA qurumun saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turundakı qayda pozuntulaı ilə bağlı qərarlar qəbul edilib: "Qəbələ" – "Şamaxı" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Qəbələ" 2500 manat cərimələnib.
"Kəpəz" – "Turan Tovuz" matçında "Kəpəz"dən 6 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Bu oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Kəpəz" 2500 manat cərimələnib. Eyni görüşdə "Kəpəz" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə təmsilçisi 3000 manat cərimə edilib.
"Zirə" – "Neftçi" oyununun 70-ci dəqiqəsində "Neftçi"nin 14 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Bakı klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə edilib.
"Sumqayıt" – "Qarabağ" oyununda "Sumqayıt" azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "gənclik şəhəri" təmsilçisi 5000 manat cərimələnib.
Eyni matçın 31-ci dəqiqəsində "Qarabağ"ın 20 nömrəli futbolçusu Kadi Borqes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmayacaq. "Qarabağ" isə 3000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin edilib.
Mətləb