Analitika

  • 4 155

Serj Sarkisyan izlərin itirilməsi ilə məşğuldur

image

ANALİTİKA

Erməni nəşri ölkə başçısının "siyasi gücünü" araşdırdı və belə nəticəyə gəldi

"Serj Sarkisyanın öz siyasi planları barədə konkret fikirlər söyləməkdən inadla qaçması, eyni zamanda, bu mövzudan kənar qalmağa göstərdiyi cəhdləri belə qənaətə gəlməyə zəmin yaradır ki, heç də hər şey onun nəzarətində deyil". Bu barədə Ermənistanın aparıcı müxalifətyönlü saytı olan 1in.am saytının analitik bölümündə yazılıb. Analitika şöbəsinin qeyd etdiyinə görə, əgər Serj Sarkisyan az ya da çox, kompleksli şəkildə situasiyanı idarə edə bilsəydi, bu zaman hər şey, sözsüz ki, daha da dəqiqləşdirilmiş və müəyyənləşdirilmiş şəkildə görünərdi, xüsusilə, "möhtəşəm" parlament seçkilərindən sonra: "Lakin bundan sonra da Serj Sarkisyan izlərin itirilməsi ilə məşğuldur. Məsələn, o, ümumiyyətlə, siyasətdən uzaq olan adamı parlamentin sədri təyin edir ki, həmin adam həkimdir və bu sənəti ilə uzun zamandır məşğul olmur. Hər halda, bu həkim hakim Respublika Partiyasının deputatlığa namizədlər siyahısında yer aldıqdan sonra həkimliklə məşğul olmayıb".

Serj Sarkisyanın hərəkətləri onun həqiqi hədəflərini ifşa edir

Erməni saytı, həmçinin, qeyd edir ki, Serj Sarkisyan öz nəzarət xidmətinə yenidən Ovanes Ovsepyanı təyin edir. Belə ki, Ovanes Ovsepyan Ermənistanın hakimiyyət sistemində seçilən fiqurlarından biridir: "Digər tərəfdən, prezidentin nəzarət xidməti keçici xidmətdir və çox yəqin ki, Ovsepyanın təyinatı Serj Sarkisyanın növbəti "müvəqqəti" qərarıdır. Məhz bu amilin özü də izlərin itirilməsi çərçivəsində yürüdülən taktikalardan biridir".

"Serj Sarkisyanın hərəkətləri onun həqiqi hədəflərini ifşa edir"-deyə qeyd edilən analitik yazıda bildirilir ki, o, kimsənin öz planları barədə xəbərdar olmasını istəmir: "Lakin onun məqsədi budur ki, heç kim Serj Sarkisyanın nə etdiyini, hansı planlar üzərində işlədiyini bilməməlidir. Bütün bunlar heç də situasiyaya hakim olan insana aid hərəkətləri deyil. Nə qədər qəribə görünsə də, bütün bunlara rəğmən, Serj Sarkisyana situasiyanı idarə etmək müyəssər olur".

Məsələlərin kökü üzərində Ermənistanın siyasi həyatının anormallığı və qeyri-inkişaf həddi nəzərə çarpır

Analitik yazıda o da vurğulanır ki, Ermənistanda, ümumiyyətlə, siyasi mühitə təsir edə biləcək qüvvələr və güclər yoxdur. Səbəb hakim rejimin monopoliyasıdır. SİTAT: "Bütün bunların kökündə dayanan səbəb budur ki, Ermənistanın siyasi mühitində ölkənin siyasi vəziyyətini düzəltmək qabiliyyətində olan qüvvələr praktiki olaraq yoxdur. Əbəs yerə deyil ki, siyasi güclər Ermənistandakı ağır siyasi vəziyyəti, eyni zamanda, hakimiyyətin monopoliyalaşmış mövqeyi barədə etirazlarını bildirərkən, ötən ilin iyul hadisələrinə, ya da fövqəladə hadisələr fonunda baş vermiş digər bənzər halların inkişafına işarə edirlər".

Sonda isə belə nəticəyə gəlinir ki, Serj Sarkisyan, məhz bu cür rejimi vasitəsilə öz "gücünü" qoruyub-saxlamağa nail olub. Lakin nəticədə, Ermənistanda anormallıq siyasəti daha da böyüyərək, partlamaq həddinə çatıb: "Beləliklə, məhz bu kimi məsələlərin kökü üzərində Ermənistanın siyasi həyatının anormallığı və qeyri-inkişaf həddi nəzərə çarpır. Görünür, Serj Sarkisyanın hakimiyyətinin "gücü" də bundadır..."

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər