Analitika

  • 12 696

Erməni lobbisinin ənənəvi maşası: Avropa Parlamenti

image

Antiazərbaycançı mövqeyi ilə tanınan bu qurum növbəti dəfə ölkəmizə qarşı qərəzli mövqe tutdu

Məlum olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarından sonra dünyanın diqqət mərkəzində olan Azərbaycana qarşı xarici qüvvələr tərəfindən yenidən hücumlar başlayıb. Bu dəfə də antiazərbaycançı şəbəkənin maşası olan Avropa Parlamenti əsas rol alıb. Bir neçə gün əvvəl həbs olunan Əfqan Muxtarlının sərhədi qanunsuz keçməyə, gömrük baxışından kənar pul vəsaitlərini sərhəddən qeyri-qanuni surətdə keçirməyə cəhd etməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmaması barədə rəsmi məlumat yayılıb. İstintaq isə işə yeni başlayıb və hadisənin təfərrüatları, hələlik, tam təsbit olunmayıb. Buna baxmayaraq, ölkəmizə qarşı hər zaman qərəzli yanaşma nümayiş etdirən qüvvələr dərhal hadisəni siyasiləşdirməyə çalışıb və Ə.Muxtarlının guya jurnalist fəaliyyəti ilə bağlı, həbs olunması haqqında əsassız şayiələr yaymaqla, məsələnin Avropa Parlamentinin iclasında müzakirəyə çıxarılmasına nail olublar. Belə ki, 2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Ə.Muxtarlı ilə bağlı qətnamə qəbul edildi. Təəssüfləndirici hal ondan ibarətdir ki, bəzi avropalı deputatlar regionda mövcud geosiyasi durumu nəzərə almadan, baş vermiş adi bir kriminal hadisədən siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərini anlamadan bu müzakirələrdə iştirak edib və təklif olunan qətnamə layihəsini dəstəkləyiblər. Bu qətnamədə baş vermiş hadisənin ciddi şəkildə araşdırılmasına və qanunauyğun addımlar atılmasına çağırışla yanaşı, Ə.Muxtarlının dərhal və qeyd-şərtsiz həbsdən azad olunması tələb olunur ki, bu da qanunvericiliyə zidd tələbdir.
Əlbəttə, elə bu başdan demək olar ki, cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil. Çünki ölkəmizin sərhədindən qanunsuz keçənlərin həbsi ilə bağlı informasiyaları tez-tez eşidirik. Bu cür hallar, mütəmadi olaraq, baş versə də, nədənsə Ə.Muxtarlının saxlanılması və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi müəyyən dairələr tərəfindən siyasiləşdirilir. Görünür, elə Ə.Muxtarlı da antiazərbaycançı şəbəkənin "piyadalarından" biri olduğu üçün, Avropa Parlamenti səviyyəsində, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir.
Bu, elə həmin Avropa Parlamentidir ki, illərdir fəaliyyətini Azərbaycanda nəyisə axtarmağa həsr edib. Antiazərbaycançı şəbəkənin, erməni lobbisinin alətinə çevrilən bu qurum sanki hər addımda ölkəmizə qara yaxmağa fürsət axtarır. Bu qurumda antiazərbaycançı şəbəkəyə və erməni lobbisinin maraqlarına xidmət edən, qərəzli mövqeyi ilə seçilən deputatlar, mütəmadi olaraq, Azərbaycanla bağlı məsələləri məqsədli şəkildə müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirir, bir neçə nəfərin səsverməsi ilə, bütövlükdə, AP adından sənəd qəbul edirlər. Azərbaycan hər zaman münasibətləri sivil çərçivədə qurmaq istəsə də, AP bu əməkdaşlığın sağlamlaşdırılmasına məqsədli şəkildə maneəçilik törədib, ermənipərəst təəssübünü gizlətməyərək, Azərbaycana qarşı Ermənistanın rəsmi mövqeyindən fərqlənməyən münasibət sərgiləyib. Bir sözlə, "erməni soyqırımı"nı tanımaqla kifayətlənməyərək, azad KİV-in fəaliyyətinin qadağan edildiyi, müxalifət təmsilçilərinin güllələndiyi, həbsə atıldığı, siyasi məhbuslarının sayının yüzlərlə olduğu Ermənistanı himayəsinə götürən AP Azərbaycana qarşı açıq qərəz və böhtan kampaniyası yürüdüb.
Ə.Muxtarlı ilə bağlı qətnamənin qəbulu AP-nin Azərbaycana qarşı qərəzli fəaliyyətini təsqiqləyən növbəti addım oldu. Sual oluna bilər ki, Avropada sərhədlərin qanunsuz keçilməsi qanun pozuntusu deyilmi? Hansı miqrant sərhədi maneəsiz keçib, Avropa ölkələrinin birində rahat yaşaya bilər? Əlbəttə, heç biri. Belə olan halda, AP-nin sərhəd pozuntusunu siyasiləşdirməsi hansı məntiqə sığır? Digər tərəfdən, bu adamın jurnalist kimi fəaliyyəti olmayıb. Olsa belə, bu, ona sərhədi qanunsuz keçmək səlahiyyəti vermir. Jurnalist də, hamı kimi, qanun qarşısında məsuliyyət daşıyır.
Bir daha bildirək ki, AP-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr heç bir hüquqi qüvvəyə malik deyil. Antiazərbaycançı şəbəkə bununla Azərbaycana təzyiq etməyi, ölkəmizi beynəlxalq səviyyədə nüfuzdan salmağı düşünsə də, əslində, tam əksi baş verib. Reallıq ondan ibarətdir ki, bu cür qətnamələrlə Azərbaycana təzyiq etmək mümkün deyil. Çünki illərdir ki, belə qətnamələr qəbul edilsə də, Azərbaycan dövləti öz milli maraq və mənafelərinə uyğun müstəqil siyasətini həyata keçirib. Heç bir qüvvə və təzyiq Azərbaycanı öz yolundan döndərə bilməz. Antiazərbaycançı dairələrin cəhdlərinə baxmayaraq, bu illər ərzində Azərbaycan dünya birliyindəki yerini və mövqelərini möhkəmləndirib, beynəlxalq nüfuzunu daha da artırıb. Bununla da, ölkəmizə qarşı həyata keçirilən bütün məkrli planlar və qarayaxmalar iflasa uğrayıb.
Bir sözlə, Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur. 2016-cı ilin sentyabr ayından Azərbaycanın "Avronest"də fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz. Azərbaycan Avropa İttifaqının üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Düşünürük ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar. Elə qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu təsdiqləyir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.

"Səs" Analitik Qrupu

Digər xəbərlər