Analitika

  • 11 619

İşğalçı Ermənistanda müharibə xofu - düşmən KİV-ləri niyə narahatdır?

image

Ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin hərbi və qələbə əzmli ritorikalarını Ermənistan rəhbərliyinin zəifliyi, keyfiyyətsiz diplomatiyası ilə də əlaqələndirirlər

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakı səfərləri Ermənistanın ictimai-siyasi cameəsində yeni müzakirələrə səbəb olub. Xüsusilə, Naxçıvanda keçirilən hərbi təlimlər zamanı baş tutan səfəri qabardan erməni mətbuatı bu barədə gen-bol yazı, açıqlama və müsahibələr verərək, işğalçılıq siyasətlərinə "müsbət" don geyindirməyə cəhdlər göstərir. "SƏS" İnformasiya Agentliyinin bu mövzuda apardığı araşdırmanın ardınca bəlli olub ki, artıq erməni tərəfi də Azərbaycanın səbrinin tükəndiyinin fərqinə varmağa başlayıb. Məsələn, işğalçı ölkənin aparıcı KİV-lərindən olan 1in.am saytının rus dili bölməsində (Yazıya bu linkdən baxa bilərsiniz: http://ru.1in.am/1193351.html) gedən və müəllifi Sarqis Artsruni olan analitik yazıda bildirilir ki, həmsədrlərin səfərləri guya "Azərbaycan tərəfinin təxribatı" nəticəsində 4 nəfər erməni hərbçi qulluqçusunun öldürülməsi günlərinə təsadüf edir. Halbuki təxribat, məhz Ermənistan və separatçı "DQR" silahlı birləşmələri tərəfindən törədilmişdi, özü də 4 nəfər deyil, 6 nəfər erməni hərbi qulluqçusu bu təxribat nəticəsində öldürülmüşdü. Bu baxımdan, bəri başdan nəticə çıxarmaq olar ki, ermənilər ATƏT-in Minsk Qrupunun səfəri ərəfəsində təxribata əl ataraq, indi də bunu Azərbaycan Ordusunun üzərinə yıxmağa cəhdlər göstərir.
Digər məqam budur ki, ermənilər təxribatlarına lazımi cavab veriləcəyinə elə də inanmayıblar. Ancaq aldıqları sərt cavab sonradan onların səs-küy salmalarına səbəb olub. Məsələn, adıçəkilən müəllif yazır ki, "Bakı həmsədrlərə etdikləri səfərlərindən elə də məmnun qalmadığını, onların Azərbaycanda gözlənilmədiklərini göstərmək üçün hər şey etdi və bunu qlobal mənada sərgilədi". Məhz bu fikirlər əsas götürülərək, belə nəticəyə səbəb olur: Ermənistan ATƏT-in Misnk Qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində Azərbaycanın onların təxribatlarına sərt şəkildə cavab verməkdən yayınacağını planlaşdırıb. Amma bu planında yanılıb. O cümlədən, erməni mətbuatı Azərbaycanın ATƏT-in Minsk Qrupuna olan inamının azaldığını, hər an torpaqlarının azadlığı istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyini sətiraltı şəkildə vurğulayıb. Eləcə də, Naxçıvanda keçirilən nəhəng hərbi təlimləri də buraya əlavə edib.

1in.am: "Həmsədrlərin Azərbaycana səfər etdiyi ərəfədə 23 minlik hərbi qulluqçu və zabit heyətinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilir"

Erməniləri də narahat edən, məhz bu kimi faktorlardır. Məsələn, Sarqis Artsruni əlavə edir ki, 12-16 iyun tarixlərində Naxçıvanda Azərbaycan və Türkiyə hərbi birləşmələrinin birgə hərbi təlimləri keçirilib. "Bu gün isə - həmsədrlərin Azərbaycana səfər etdiyi ərəfədə 23 minlik hərbi qulluqçu və zabit heyətinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilir. Beynəlxalq KİV-lərin məlumatına görə, bu təlimlər müharibə şəraitinə maksimal dərəcədə yaxın üsulda keçirilir"-deyə yazan erməni analitiki həmsdrlərin belə fonda Bakıya səfərlərini "formal xarakterli səfər" kimi qiymətləndirib. Əlbəttə ki, erməni müəllif öz erməni xislətinə sadiq qalaraq, guya Bakının beynəlxalq öhdəliklərə əməl etməməsini iddia edərək, yeni müharibəyə hazırlaşdığını iddia edir. Əslində, müəllif də yaxşı anlayır və dərk edir ki, həqiqətən də, Azərbaycan xalqının səbri tükənib və torpaqlarımızın hər gün işğal altında qalması nə Ermənistana, nə də erməni xalqına yaxşı heç nə vəd etmir. Onsuz da, iqtisadiyyatı çökmüş bir ölkənin daxilində cərəyan edən özbaşınalıq və anarxiya, Sarkisyan iqtidarının xalqın qanını içməsi fakt olaraq qalmaqdadır. Təbii ki, güclü və qüdrətli Azərbaycan Ordusu torpaqlarının azad edilməsi istiqamətində bütün səylərini artıracağı təqdirdə, Ermənistanın buna tab gətirməyəcəyi faktdır. Ona görə də, bütün bunların baş verməməsi üçün erməni həyasızlığı və xisləti bir daha özünü göstərir. Halbuki bu gün bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin ən adi hüquqları pozulub, onlar doğma yurd-yuvalarında yaşamaqdan məhrumdurlar. Təkcə bu fakt Ermənistan rejiminin beynəlxalq öhdəliklərə əməl etməməsini kifayət qədər sübuta yetirməkdədir.

Daha bir etiraf: "Ermənistan Azərbaycandan fərqli olaraq, Rusiyanın vassallığı altında qalan geridə qalmış tipik Avrasiya ölkəsidir"

Daha bir xüsusi amilə diqqət çəkərək, qeyd edə bilərik ki, erməni KİV-ləri, adıçəkilən sayt da daxil olmaqla, Ermənistanın diplomatik çərçivədə uduzduğunu etiraf edirlər. Bakının mövqeyinə beynəlxalq aləmin nəyə görə susqun qalmasını erməni hay-harayına xas şəkildə car çəkən düşmən ölkənin mediası bu məsələdə Yerevan diplomatiyasının uğursuzluğuna işarə edirlər. "Bu, bizim ölkənin beynəlxalq avtoritetinin olmamasından irəli gələn bir haldır"-deyə Sarqis Artsruni öz təhlilində etiraf etmək məcburiyyətində qalır.
Əlbəttə ki, 1in.am saytının analitiki onu da etiraf edir ki, beynəlxalq ictimaiyyət ya münaqişə tərəflərinin paritetlərinə riayət edirlər, ya da daha demokratik model təqdim edən tərəfi dəstəkləyirlər. Düzdür, Sarqis Artsruni burada Azərbaycanın demokratik dəyərləri barədə, bilavasitə heç nə yazmır və bu da anlaşılandır ki, o, düşməndir. Ancaq öz sözləri ilə sübut edir ki, vətəndaşı olduğu ölkə - Ermənistan Azərbaycandan fərqli olaraq, Rusiyanın vassallığı altında qalan geridə qalmış tipik Avrasiya ölkəsidir.

Son nəticə: "Nəhəng günah tez-tez Mokvanın təxribatlarına uyan Ermənistan diplomatiyasındadır"

Beləliklə, erməni müəlifin fikirləri belə nəticələnir ki, Bakı hər an torpaqları azad etmək istiqamətində əməli tədbirlərə əl ata bilər və bu, yeni müharibə riskini artırır. Başlıca səbəb isə Ermənistan hakimiyyətinin uğursuz diplomatiyasıdır. SİTAT: "Nəhəng günah tez-tez Mokvanın təxribatlarına uyan Ermənistan diplomatiyasındadır. Belə ki, Ermənistan beynəlxalq formatda qəbul edilməyən - Rusiya-Azərbaycan-Ermənistan formatında danışıqlara gedib".
Yeri gəlmişkən, Sarqis Artsruni Azərbaycan Prezidenti İlham Əliyevin hərbi və qələbə əzmli ritorikalarını Ermənistan rəhbərliyinin zəifliyi, keyfiyyətsiz diplomatiyası ilə də əlaqələndirərək, etiraf etmək məcburiyyətinə qalıb ki, onlar (ermənilər-R.N.) səbəbləri özlərində axtarmalıdırlar...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər