Analitika

  • 12 914

Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə...

image

Bütün məsuliyyət Ermənistan dövlətinin və şəxsən Serj Sarkisyanın üzərinə düşür!

Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv surətdə atəşə tutması nəticəsində, yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinlərin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, bir daha terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi.
Digər tərəfdən, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması da növbəti dəfə sübut edir ki, mütəmadi olaraq, törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Çünki mövcud hal birinci dəfə yaşanmır. Məhz bu baxımdan, belə qənaətə gəlmək mümkündür ki, Ermənistan silahlı qüvvələrin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistandakı hökumətinin Xocalı faciəsində törətdiyi amansız qətliamın davamı və eyni qaniçən zehniyyətin növbəti məhsuludur.

Təəssüfedici hal budur ki, beynəlxalq aləm kəsərsiz, başdan edilmiş açıqlamalarla öz işlərini bitmiş hesab edir

Ötən il - 2016-cı il aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə alaraq, nəticədə, Azərbaycanın 34 yaşayış məntəqəsini və kəndini artilleriya atəşinə məruz qoymuşdu. Belə ki, işğalçılar tərəfindən törədilən vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla, 6 nəfər həlak olmuşdu və 33 nəfər ağır yaralanmışdı. Eyni zamanda, məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri ağır artilleriyanın aramsız hücumlarına məruz qalmış, ciddi zərər görmüşdülər. Bütün bu faktlar bir daha sübut edir ki, cinayətkar Ermənistan rəhbərliyi mülki, yaxud qeyri-mülki olmasından asılı olmayaraq, daha çox insan öldürməyi hədəf kimi seçib. Daha dəqiqi, Ermənistan ordusu daimi olaraq, Azərbaycanın mülki sakinlərini və yaşayış məntəqələrini hədəfə alır. Lakin təəssüfedici və acınacaqlı haldır ki, dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşsə də terroru dəstəkləyən və bilavasitə, onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətdə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir və yaxud bir neçə kəsərsiz, başdan edilmiş açıqlama ilə öz işlərini bitmiş hesab edirlər.
Sual yaranır ki, məhz iyulun 4-də baş vermiş ürək ağrıdan hadisə - dinc sakinlərin, xüsusən də, 2 yaşlı körpənin vəhşicəsinə qətl edilməsi beynəlxalq təşkilatların nəzərində Ermənistandakı rejimə təzyiq etmək üçün kifayət qədər ciddi və faciəli hadisə deyilmi?!

Cəzasızlıq mühiti Ermənistanın heç bir beynəlxalq konvensiyaya, bu konvesiyalardan irəli gələn öhdəliklərə məhəl qoymamasına zəmin yaradır

Onu da vurğulayaq ki, Ermənistanın dinc sakinləri ölkələrindəki quldur rejimin repressiyalarından qaçaraq, Azərbaycana pənah gətirir və burda beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılanırlar. Azərbaycanın dinc sakinləri isə Ermənistan dövləti tərəfindən qətlə yetirilir, onların təsərrüfatları, şəxsi əmlakları ağır silahlarla dağıdılır. Bütün bunlar, bir daha sübut edir ki, cəzasızlıq mühiti Ermənistanın heç bir beynəlxalq konvensiyaya, bu konvesiyalardan irəli gələn öhdəliklərə məhəl qoymamasına zəmin yaradır.
Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin, Uşaqların hüquqlarına və İnsan Hüquqlarının Müdafiəsi və Fundamental Azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Ermənistan Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır

1992-ci ildə Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələb irəli sürülüb. Ermənistan, nəinki bu mötəbər beynəlxalq təşkilatın qərarlarına əməl etmir, hətta öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə, daha da möhkəmləndirməyə çalışır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin, müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədli şəkildə atılan addımlardır. 4 iyul 2017-ci ildə erməni silahlı birləşmələrinin növbəti dəfə Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi kifayət qədər isbat etdi ki, Ermənistan dövləti regionda sülh və əmin-amanlığın, asayişin bərqərar olmasını istəmir və özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd dövlət siyasəti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır. Sarkisyan rejiminin reallaşdırdığı son qanlı aksiyalar da göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, sadəcə olaraq, Azərbaycanın sülhpərvər siyasəti münaqişənin alovlanmasının qarşısını alır.
Bu baxımdan, işğalçı və cinayətkar rejim bir faktı dərk etməyə məhkumdur - Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə, bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür!

Rövşən RƏSULOV

Digər xəbərlər