Analitika

  • 8 375

Qarabağ şərti

image

İlk dəfədir tərəfdaş dövlət Avropa İttifaqına əməkdaşlıq haqqında saziş bağlamaq təklifi ilə müraciət edir

Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlıq müqaviləsinin imzalanması üzrə danışıqların bərpası barədə Avropa Komissiyasının saytında yerləşdirilmiş mətn qılıqlı, hətta komplimentar xarakterlidir. Brüssel, ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsplərinə tərəfdar olduğunu vurğulayaraq, Azərbaycanın Avropa Şurasının önəmli üzvü, tərəfdaşı olduğunu bəyan edir, həmçinin, dini tolerantlığın və multikulturalizmin təşviqinə görə yüksək dəyərləndirir.
Xatırladaq ki, rəsmi Bakı Qarabağ konfliktinin həlli istiqamətində Avropadan əməli dəstək görmür və Avropa Şurası ilə həddindən artıq yaxınlıq Azərbaycana əcnəbi "dəyərlər", qanunvericiliklər və mental düşüncəyə uyğun olmayan həyat tərzi kimi təhlükələr vəd edir. Bir sözlə, Azərbaycan öz işlərinə qarışılmasını qəbul etmir, ikitərəfli və qarşılıqlı əlaqələrin inkişafına üstünlük verir. Bəli, Azərbaycan müstəqil ölkədir və Avropa Şurasına enerji təhlükəsizliyi kontekstində öz şərtlərini diktə etmək hüququna malikdir. Hətta rəsmi Bakı xatırlatdı ki, süni təzyiqlər, sıxışdırmalar, erməni təəssübkeşliyi və lobbiçilik fəaliyyətinin təsirləri səbəbindən, Azərbaycan Qarabağ konfliktinin həllində heç bir yardımı olmayan Avropa Şurasını tərk edə bilər.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, multikulturalizm və tolerantlığı etiraf edilir

Görünür, Azərbaycanın prinsipial mövqeyi rezonansa səbəb olub və Avropa ölkəmizin maraqlarına hörmətlə yanaşmaq məcburiyyətindədir. Məhz bu səbəbdən, Brüssel Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə sadiqliyini, Avropa İttifaqının önəmli tərəfdaşı olduğunu, multikulturalizm və dini dözümlülüyünü artıq etiraf edir. Avropa Komissiyasının saytında Avropa İttifaqı ilə Azərbaycanın tərəfdaşlıq müqaviləsinin imzalanması üzrə danışıqların bərpası mövzusunda yerləşdirilmiş komplimentar xarakterli mətn barədə "Rosbalt" saytında dərc edilmiş məqalədə, müəllif İrina Corbenadze Azərbaycanın üstün mövqeyini layiqincə dəyərləndirir.
Məqalə müəllifinin sadaladıqları, əslində, erməni kütləvi informasiya vasitələrinin uzun zaman təhrif etməyə çalışdığı tezislərdir. Erməni KİV-ləri, təhrif olunmuş şəkildə, Azərbaycanın ərazi bütövlüyünü Avropanın tanımadığını, Azərbaycanda etiqadca xristian olan ermənilərə qarşı dözülməzliyin olduğunu təşviq etməyə çalışır. Lakin Brüsselin saytında yerləşdirilən mətn erməni KİV-lərinin bu taftalogiyasını dağıtdı. İrina Corbenadze öz məqaləsində bunu, Bakının göstərdiyi qətiyyətlə bağlayır və qeyd edir ki, Avropa İttifaqı Azərbaycanı hərbi-siyasi və iqtisadi baxımdan özünə tabe edə bilmədi, Azərbaycan Qərbin istənilən təşəbbüsünə öz milli suverenliyi, mövcud hakimiyyətin dayanıqlılığı prizmasından baxır və öz ayağı üstündə dayanmağı bacaran bu ölkənin Avropa İttifaqına şərtlərini diqtə etməyə haqqı var.

Rəsmi Bakı Avropadan ərazi toxunulmazlığı və müstəqilliyə hörmət prinsiplərilə yanaşma tələb edir

Azərbaycanın Avropaya diqtə etdiyi əsas şərt Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Rəsmi Bakı Avropanın Qarabağ məsələsinə Helsinki prinsipləri - ərazi toxunulmazlığı və müstəqilliyə hörmət prinsipləri əsasında yanaşılmasını tələb edib və indi də tələb edir. Amma AŞPA-da fəaliyyət göstərən erməni lobbisi məsələyə xiristian həmrəyliyi donu geyindirməyə ciddi-cəhdlə çalışır. İşğalçıların bu ciddi-cəhdi dünya ictimaiyyətinin diqqətindən, sözsüz ki, kənarda qala bilməz və Azərbaycanın bu barədə haqlı iradları da öz təsirini göstərir. Artıq erməni təəssübkeşliyi, lobbiçilik öz nüfuzunu və təsir gücünü itirir. Göründüyü kimi, Azərbaycanın göstərdiyi qətiyyət Avropa İttifaqını Qarabağ məsələsinə də, postsovet məkanının digər münaqişələri kimi, yanaşmağa məcbur edir. Başqasının prinsplərinə tabe olmayan Azərbaycanı Avropanın öz orbitinə salmaq istəyi baş tutmadı. Böyük ehtimalla, bu münaqişənin Madrid prinsipləri üzrə həlli məsələsi də Azərbaycanın tələblərinin nəzərə alınması ilə nəticələnəcək.
Bürsseldən verilən son açıqlamalar ermənilərdə ruh düşgünlüyü yaradıb. İşğalçı Sarkisyan rejimi və Ermənistan ictimaiyyəti Avropa Komissiyasının saytında sərgilənmiş mövqedən ciddi narahatlıq keçirir. Bu narahatlığı erməni ekspertlərinin və politoloqlarının şərhində, hətta etiraflarında görmək çətin deyil. Avropa Komissiyasının saytına yerləşdirilmiş mətndən qıcıqlanmış və "1in.am" portalına müsahibə vermiş erməni politoloq Laura Baqdasaryan etiraf edir ki, Ermənistanla bağlanmış müqavilə ilə Azərbaycanın təklif etdiyi müqavilə arasında ciddi fərq var. Azərbaycanın Avropa İttifaqına strateji əməkdaşlıq haqqında saziş bağlamaq təklifinə L.Baqdasaryan öz təəccüb dolu qısqanclığını da gizlədə bilməyib və etiraf edib ki, ilk dəfədir tərəfdaş dövlət Avropa İttifaqına bu cür təkliflə müraciət edir.
Erməni politoloqları etiraf edir ki, Azərbaycanın təklif etdiyi sazişdə rəsmi Bakı yetərincə imtiyazlı durumdadır və Avropa Komissiyasının saytına yerləşdirilmiş mətndən, belə görünür ki, Azərbaycan təklif etdiyi bu imtiyazların müqavilədə də yer almasına nail olacaq. Çünki Azərbaycan postsovet müstəvisinin bəzi ölkələri kimi, Avropadan yardım istəmir və özü Avropaya enerji mənbələrinin şaxələndirilməsində yardım edir.

Avropa İttifaqının Azərbaycana qarşı maraqlı olması günün reallığıdır

Göründüyü kimi, ölkəmizin iqtisadi qüdrəti, uğurlu siyasətinin məntiqi nəticəsi olaraq, Avropa Azərbaycan həqiqətlərini etiraf etmək məcburiyyətindədir. Artıq ikili standartların tətbiq edilməsinin mənasız olduğunu başa düşən beynəlxalq təşkilatlar, Azərbaycanın tərəfdaşlıq yönündə daha maraqlı və perspektivli ölkə olduğunu qəbul edir, hətta onların bunu etiraf etməkdən başqa yolu da qalmır. Çünki heç bir qlobal layihədə iştirak etməyən, gələcək perspektivlərdən məhrum olan, səfalət içində inləyən, daim Avropadan yardımlar uman, marginallaşmış və küncə qısılmış Ermənistanın işğalçılıq siyasətini dəstəkləmək, qanunsuz hərəkətlərinə etinasız yanaşmaq, yaxud separatçılarla mübarizədə Azərbaycana ikili standartlar tətbiq etmək Avropaya heç nə vəd etmir. Erməni ictimaiyyəti də, çox yaxşı başa düşür ki, Avropa İttifaqının Ermənistana deyil, Azərbaycana qarşı maraqlı olması günün reallığıdır. Azərbaycanın dinamik inkişaf tendensiyası ilə səfalət içində olan Ermənistan müqaisə belə edilə bilməz və əgər Avropa, eləcə də, onları dəstəkləyən beynəlxalq təşkilatlar bunun fərqindədirlərsə və bunu etiraf edirlərsə, deməli, ermənilər öz dayaqlarından məhrum olmaq astanasındadırlar. Avropada öz dəstəyini və dayağını itirmək isə ermənilərin, nəinki Dağlıq Qarabağ məsələsində məğlubiyyətini aktuallaşdırır, hətta bu fakt tezliklə Ermənistanın, bir dövlət kimi süqutu və dünya xəritəsindən silinməsi deməkdir.
İnam Hacıyev

Digər xəbərlər