Analitika

  • 8 471

Ermənistanın məhvolması necə sürətlənir?

image

Yaxud apreldə keçiriləcək parlament seçkilərindən sonra işğalçı ölkəni etiraz bürüyəcək

Sosial-iqtisadi müstəvidə böyük problemlər yaşayan Ermənistanda əhalinin maddi durumu getdikcə ağırlaşır. İnsanlar hətta gündəlik qida məhsullarına olan tələblərinin ödənilməsində belə çətinliklə üzləşirlər. Belə bir acınacaqlı vəziyyətin mövcudluğu isə, ümumiyyətlə, heç kimdə təəccüb doğurmur.
Digər tərəfdən, yaranmış vəziyyətdə, onsuz da sayı az olan iş yerlərinin bağlanması isə problemlərin miqyasının daha da genişlənməsinə rəvac verir. Təbii ki, bu da vətəndaşlarda hakimiyyətə qarşı narazılığı daha da artırır, insanlar baş verənlərə ən sərt formada etirazlarını bildirirlər.
Ölkənin yerli mediası da, demək olar ki, hər saat Ermənistanda vəziyyətin dözülməz olması barədə informasiyalar yayır. Baxmayaraq ki, erməni hakimiyyəti bu kimi mediaların bağlanması istiqamətrində ən radikal tərzə hərəkətə keçir, ancaq mətbuat bu ölkədəki əsl reallığı dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda israrlılığını göstərir. Yerli media vəziyyətin ağırlığını göstərən daha bir amil kimi Yerevan bazarlarında alıcıların sayının gündən-günə azalmasını göstərir.

Sadə erməni: "Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır"

Bunu bazardakı satıcılar da təsdiqləyir. Onlardan biri qeyd edir: "Xalqın alıcılıq qabiliyyəti yoxdur, iş və əldə pul yoxdur, vəziyyət tamamilə iflic olub. Adamlar heç nə almaq imkanında deyillər. Əgər hökumət belə siyasət yürütməkdə davam edəcəksə, Ermənistan tamamilə boşalacaq".
Digər satıcı da qiymətlərin yüksək, pulun olmaması səbəbindən, vəziyyətin bu kökə düşdüyünü bildirir: "Adamlar gəlirlər, baxıb gedirlər, yaxud çox az şey alırlar". Üçüncü satıcı əlavə edir: "Bütün xalq Moskvaya yollanır. Artıq burada heç kim qalmayıb. Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır. Bütün hökumətlərin zamanında xalq bu çuxurdan çıxa bilməyib. Hökumətdən heç bir gözlənti yoxdur. Yalnız özümüzdən nəsə gözləyirik".
Yaranmış digər vəziyyətdə ermənilərin əksəriyyəti imkan tapan kimi, ölkəni tərk edərək xaricə üz tutmağa üstünlük verirlər. Elə bu səbəbdəndir ki, Ermənistan əvvəlki kimi boşalmaqda davam edir.
Misal üçün, hələ ötən ilin birinci yarısında Ermənistanın daimi əhalisi 6200 nəfər azalmışdı və bu barədə Ermənistanın rəsmi qurumu olan Milli Statistika Mərkəzi informasiya yaymışdı. 1 iyul 2017-ci il tarixinə olan vəziyyətə görə, daimi əhalinin sayı 15200 nəfər azalıb. Qurumun rəsmisi Kuyumcyan hesab edir ki, emiqrasiya əhalinin sayının mənfi göstəricisinə ciddi təsir göstərir. Bu, hələ rəsmi rəqəmlərdir. Qeyri-rəsmi məlumatlara görə isə, həmin rəqəmlər dəfələrlə çoxdur.
Beləliklə, işğalçı ölkədə əhalinin sürətlə azalması davam edir. Əlində açıqlanan rəqəmlər, demoqrafiya ilə bağlı mənfi tendensiyalar, o sırada emiqrasiya və təbii artımın azalması nəticədir. Səbəb isə, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durum və izolyasiya vəziyyəti ilə birbaşa bağlıdır.
Ağır sosial-iqtisadi durum ölkənin siyasi həyatına da təsirsiz ötüşmür. Müxalif qüvvələr bu durumda əhalini hakimiyyətə qarşı daha çox səfərbər etməyə çalışır. "Aykakan Jamanak" qəzeti yazır ki, belə vəziyyətdə aprel ayında keçiriləcək parlament seçkiləri hakimiyyət üçün heç də asan olmayacaq. Elə Seçki Məcəlləsinə edilən düzəlişlər fonunda müxalifət parlament seçkilərində qalib gələrək, indiki hakimiyyəti devirəcəyini bildirir.

Apreldə keçiriləcək parlament seçkiləri vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq

Ölkənin əsas müxalifət partiyası olan Ermənistan Milli Konqresi ilə yanaşı, daha 3 müxalifət partiyası ölkənin Seçki Məcəlləsinə düzəlişlər təklif etmişdi. Ötən həftə Ermənistan parlamenti dəyişikliklərlə bağlı təklifləri qəbul edib. Yeni dəyişikliklər imzalanmış seçici bülletenlərinin səsvermədən sonra dərc edilməsinə və səslərin hesablanması prosesinin internetdə birbaşa yayımlanmasına imkan verir. Müxalifət hesab edir ki, bütün bunlar saxtakarlıqların qarşısını almağa imkan verəcək.
Ermənistan Milli Konqresinin yaydığı bəyanatda deyilir ki, onlar seçkidə demokratik dəyişikliklərə nail olacaqlarına inanırlar. Partiyanın sədri, ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan açıqlamasında bildirib ki, seçkilərdə hökumətin dəyişməsi, legitim hakimiyyətin formalaşması və Ermənistanda əsl demokratiyanın qurulması üçün vacib olan ilkin ciddi və fundamental şərait yaradılıb: "Hakimiyyətin səsləri pulla alma, administrativ resurslardan qanunsuz istifadə kimi vasitələrdən yararlanması ehtimalı qalsa da, Seçki Məcəlləsi mükəmməl olmasa da, müxalifət və vətəndaş cəmiyyətinin hökumətə təzyiqi nəticəsində mühüm nəticə əldə olunub".
Ermənistan Milli Konqresi artıq indidən hakimiyyətin yarıtmaz sosial-iqtisadi siyasəti fonunda ətrafına daha çox insan cəmləməyə çalışır. Bu isə, qarşıdakı müddət ərzində iqtidar və müxalifət arasında vəziyyətin daha kəskin xarakter alacağını deməyə əsas verir. Ümumilikdə, Ermənistanı daha ağır tale gözləyir ki, bu da ölkənin məhvolma prosesini daha da sürətləndirməkdədir.

Rövşən RƏSULOV

Digər xəbərlər