Köşə

  • 28 720

Sosial şəbəkələr basdırılmış minaya çevrilir

image

Tarixən belə oxuyub, görüb və eşitmişik. Qızla oğlan nişanlanmamışdan öncə, bir-birini əyani şəkildə görər, hətta fürsət yaransa söhbət edər, sonra isə artileriya ilə önə çıxıb izdivacı rəsmləşdirərlər. Dövr və zaman dəyişdiyindən, qeyd etdiyim məsələlər köhnənin qalığı kimi dəyərləndirilir. İndi çoxları ailə institutunu Facebbok, Whatcapp, Twitter, Skype üzərindən keçməklə qururlar. Təbii ki, viritual aləmin hesabına qurulan ailənin də sonunun necə olacağını çoxları təsəvvür edir. Boşanmalar və yarımçıq talelər bir yana, bəzi hallarda öldürməyə qədər gedilən hadisələr törədilir. Bəzən isə, depressiya və yuxu pozulmaları halları baş verir. Alimlərin gəldiyi qənaətə görə, sosial şəbəkələr yeniyetmələrin sağlamlığına ən çox ziyan vuran vasitələrdəndir. Rusiya alimlərinin aşkar etdikləri məqamlara görə, sosial şəbəkələr gənclərdə asılılıq yaradır. İnsanlarla həyatda münasibət qurmaq məsələsini çətinləşdirir. Ailədə qadın-kişi münasibətlərinin pozulmasına səbəb olur. Alimlərin gəldiyi digər qənaətə görə, dünyada hər yeddinci nikah sosial şəbəkələr hesabına dağılır. Boşanan cütlüklər həyat yoldaşlarının sosial şəbəkələrdə paylaşdıqları fotoları, statusları ailə dəyərlərinə zidd olduğunu əsas gətirərək, boşanmalara qərar verdiklərini bildirirlər. Mövcud faktlara və reallıqları baxmayaraq, yeniyetmələr və cavanlar sosial şəbəkələri öz həyatlarının ayrılmaz hissəsinə çevirməkdə davam edirlər. Bir növ sosial şəbəkələrdən asılı vəziyyətə qalıblar. Durum o qədər acınacaqlı xarakter alıb ki, dini qaydaların hökm sürdüyü bəzi müsəlman ölkələrində də gənclər sosial şəbəkələri həyatlarının ayrılmaz hissəsi adlandırırlar. Bir ara İran İslam Respublikası sosial şəbəkələrdən, xüsusilə də, İnstagram və Whatcappdan istifadəni qadağan etsə də, son kütləvi aksiyalardan sonra hökumət cəmiyyətdə yumuşalma yaratmaq üçün tətbiq etdiyi qadağanı aradan qaldırmağa məcbur oldu. Bir ara Böyük Britaniyanın baş naziri və Türkiyənin prezidenti də sosial şəbəkələrə dövlətin nəzarət etməsi və bununla bağlı qanunvericilik bazasının yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bilmirəm, bu təşəbbüsün aqibəti necə oldu, ancaq fakt budur ki, sosial şəbəkə deyilən basdırılmış mina dünya üçün təhlükə mənbəyinə çevrilib. Təbii ki, qloballaşan dünyanın ayrılmaz hissəsi olan Azərbaycanda da sosial şəbəkələr gənclərin həyat tərzinə çevrilib. Araşdırmalar da təsdiq edir ki, bu gün Azərbaycanda əhalinin 70 faizi sosial şəbəkələrdən istifadə edirlər. Bunun mənfi cəhətləri odur ki, sosial şəbəkələr vasitəsilə tanış olub ailə quranlar az sonra boşanmağa qərar verirlər. Statistik məlumatlar, onu deməyə əsas verir ki, bir həftə ərzində tanış olan, ailə quran cütlüklər cəmi 10-15 gün bir damın altında yaşayırlar. Xəyanət hallarının baş verməsi isə gündəlik mətbuatdan oxuduğumuz hadisələrdəndir.

Nə qədər əcaib-qəraib, əlləm-qəlləm işlər və əməllər varsa hamısını sosial şəbəkələrdə görmək olar. Bir də görürsən, evində kiməsə yemək bişirən qız bunu sosial şəbəkələrə yükləməklə, dostlarından like tələb edir. Restoranda, kafedə və küçədə səviyyəsizlik edib, min hoqqadan çıxanlar da bunun fotosunu çəkib Facebbok, Whatcapp, Twittere yükləyib paylaşırlar. Belələrinə hansı adı vermək olduğunu deməyə çətinlik çəksəm də, bildiyim və gəldiyim qənaət odur ki, sosial şəbəkələr bir bəladır ki, keçib bu insanların boğazına.

İ.ƏLİYEV

Digər xəbərlər