Mədəniyyət

  • 10 099

Şuşa Şəhər Kitabxanasının 120 illiyinə həsr edilən tədbir keçirilib

image

Dünən Milli Kitabxanada Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisi ilə tanış olublar.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, Azərbaycanda kitabxanaların yaranması ilə bağlı məlumat verdikdən sonra, tədbir iştirakçıları Şuşa şəhərinin tarixini və mədəniyyətini özündə əks etdirən video-çarxı izləyiblər.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Şuşa şəhəri Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla bərabər, həm də mədəni qüdrətini yaşadan torpaqdır. Hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi, mədəni dəyərləri yaşayır və unudulmur: "Şuşa Azərbaycan tarixinin ləyaqətli və şərəfli bir səhifəsidir. Qarabağın tarixi və mədəniyyəti Azərbaycan xalqının yaddaşından silinməyəcək. Əminəm ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət sayəsində işğal altında olan ərazilərimizi geri qaytaracağıq. Bu, bizim mənəvi və vətəndaşlıq borcumuzdur".

Sonda Şuşa Şəhər Kitabxanasının 120 illiyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir sıra əməkdaşları nazirliyin fəxri mədəniyyət işçisi döş nişanı və fəxri fərmanlarla təltif edilib.

Tədbirdə Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin üzvü Elman Məmmədov, icra hakiminin müavini Vüsalə Fətəliyeva, Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova çıxış edərək, Şuşanın tarixi və görkəmli şəxsiyyətləri haqqında söz açıb. Bildirilib ki, Azərbaycanda ilk kütləvi kitabxana 1894-cü ildə Nəriman Nərimanov tərəfindən yaradılandan sonra ikinci belə böyük kitabxana, məhz Şuşada yaradılmışdır. Şuşada ilk qiraətxana Pənah xan tərəfindən yaradılmış, Mir Mövsüm Nəvvab tərəfindən ilk daşbasma üsulu ilə kitab çapı da, məhz Şuşada həyata keçirilmişdir. Müasir dövrdə Şuşa MKS nəzdində fəaliyyət göstərən kitabxanaların durumu və vəziyyəti barədə nazirə məlumat verilərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Şuşanın mədəni mühiti, tarixi məkan və turizm imkanları ilə bağlı fikirlərini bölüşən natiqlər gec-tez doğma yurda qayıdacaqları günün uzaqda olmadığına inandıqlarını vurğulayıblar.

Tədbir Şuşa Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin ifası ilə sona çatıb.

ZÜMRÜD

Digər xəbərlər