Ramiz Quliyevin Ərdəbildə solo konserti keçirilib

Görkəmli Azərbaycan musiqiçisi, professor, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin Ərdəbil şəhərində solo konserti keçirilib.SİA-nın məlumatına görə, KİV nümayəndələrinin və konsertdə iştirak edən dinləyicilərin fikrinə uyğun olaraq gecə “tarixi bir hadisəyə” çevrilib. Bu tanınmış tarzənin Ərdəbil şəhərində ilk konserti olduğu üçün böyük əsk-sədaya səbəb olub. Konsertə biletlər artıq bir neçə ay qalmış satılmış və tam olaraq anşlaqla keçib. Gecədə tarzəni tanınmış pianoçu Eta Etminan və zərb ifaçısı Əmir Əli Nəbi müşayiət ediblər. Professor Ramiz Quliyevin ifasında həm Azərbaycan klassik bəstəkarları ( Üz.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, C.Cahangirov, T.Quliyev, Q.Hüseynli, H.Rzayev), həmçinin, müasir bəstəkarların əsərlərindən nümunələr təqdim olunub. Bununla bərabər, proqramda Azərbaycan klassik muğamları, xalq mahnıları və Qərb bəstəkarlarının (F.Şubert və Y.Brams) əsərləri yer alıb. Hər bir əsərin ifasından sonra dinləyicilərin tarzən Ramiz Quliyevi ayaq üstə alqışlanması Azərbaycan milli musiqisi və tar ifaçılığına olan sevgisinin bariz nümunəsidir. Konsertdə Ərdəbil şəhərinin meri, bələdiyyə rəhbərliyi, tanınmış sənət xadimləri, rəssam və yazıçıları iştirak ediblər. Gecə bitdikdən sonra professor Ramiz Quliyevin xahişini nəzərə alaraq, konsertin təşkilatçıları azərbaycanlı sənətkarla bərabər “Şeyx Səfi” türbəsini və görkəmli yazıçı Mir-Cəlal Paşayevin doğulduğu Əndəbil kəndini ziyarət ediblər. Tarzən Ramiz Quliyev Şah İsmayıl Xətai, onun babası Şeyx Səfi və Mir-Cəlal Paşayevin atası və digər ailə üzvlərinin məzarınlarına gül dəstələri qoyublar.

sia.az