Mədəniyyət

  • 5 574

Lənkəranda Milli Teatr Günü qeyd olunub

image

Lənkəranda 10 mart-Milli Teatr Günü qeyd olunub. SİA-nın məlumatına görə, bu münasibətlə Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov Azərbaycanda milli teatrın yaranma tarixindən, rəhbərlik etdiyi kollektivin inkişaf yolundan, yaradıcılıq planlarından ətraflı məlumat verib.Bildirilib ki, bu gün ölkəmizdə teatrlara və sənət adamlarına böyük diqqət və qayğı göstərilir. Paytaxtda və bölgələrdə yeni teatr binaları tikilir, əsaslı təmir edilir və ya yenidən qurulur. Ölkə başçısının “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. 127 yaşını qeyd edən Lənkəran teatrı dərin mündəricəli əsərlər tamaşaya qoymaqla teatr tariximizdə özünəməxsus ənənə formalaşdırıb. Həmin əsərlər bu sənət ocağında istedadlı aktyor və rejissor nəslinin yetişməsinə səbəb olub, bütöv bir tamaşaçı nəslinin estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb.Ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb.O da diqqətə çatdırılıb ki, hazırda kollektiv yüksək yaradıcılıq əzmkarlığı ilə yeni tamaşalar üzərində işləyir. Gənc rejissor Emil Əsgərov Belçika dramaturqu Moris Meterlinkin “Korlar” pyesinin məşqlərini aparır. Bundan əlavə, cari mövsümdə Sofokolun “Antiqona”, N.B.Vəzirovun “Pəhləvanı-zəmanə”, başqırd dramaturqu Süleyman Lətipovun “Evlən, oğul, evlən!” və daha bir neçə uşaq əsərinin də tamaşaya qoyulması nəzərdə tutulub.Tədbirdə teatrın aktrisaları Şahrud Mehdiyevaya, Qızılgül Quliyevaya, Şəbnəm Hüseynovaya, Günel Abbaszadəyə və rejissor asistenti Ziba Bədəlovaya teatr sənəti sahəsində səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanlar və pul mükafatı, həmçinin “ARB CƏNUB” TV-nin yaradıcı kollektivi Lənkəran Dövlət Dram Teatrının fəaliyyətini mütəmadi işıqlandırdığına görə təşəkkürnamə ilə təltif olunublar.Daha sonra teatrın truppasının ifasında görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” tamaşası nümayiş etdirilib. Əməkdar incəsənət xadimi Oruc Qurbanovun quruluş verdiyi səhnə əsərində əsas rolları respublikanın Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlardan Şahrud Mehdiyeva, Allahverən Babayev, Miraslan Ağayev, Əlibala Əsgərov, Səyad Əliyev, Hikmət Cəfərov, Nizami Qurbanov və digərləri ifa ediblər.Anşlaqla keçən tamaşanı Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla bu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri izləyiblər.

sia.az

Digər xəbərlər