“Azərbaycan ədəbiyyatında vətənpərvərlik”

Abdulla Şaiqin mənzil-muzeyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadçı Vətənpərvərlər Təşkilatı ilə birgə “Azərbaycan ədəbiyyatında vətənpərvərlik” mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, Abdulla Şaiqin mənzil-muzeyində keçirilən tədbirdə UNEC-in professor-müəllim və tələbə heyəti, muzey əməkdaşları iştirak ediblər.Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Muzeyin direktoru, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə babasının təkcə Azərbaycan ədəbiyyatının klassiki yox, həm də böyük pedaqoq olduğunu vurğulayıb. Həmçinin 1918-ci ildə əsası A.Şaiq tərəfindən qoyulan və yaradıcısının adını daşıyan Şaiq Nümunə Məktəbinin vaxtilə İqtisad Universitetinin binasında fəaliyyət göstərməsi faktını diqqətə çatdırıb.UNEC-in prorektoru, Əməkdar müəllimi Səadət Qəndilova torpaqlarımızın işğal altında olduğunu unutmamağımız üçün vətənpərvərlik mövzusunda əsərlərin daha çox yazılmasının, onların gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, həmçinin ölkəmizdə bu istiqamətdə aparılan dövlət siyasətini təqdir edib.Tədbirdə UNEC-in tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli vətənpərvərlik ideyalarının gənclər arasında yayılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə oxuduğu ali təhsil ocağında həyata keçirilən bir sıra layihələrdən söz açıb.Muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın “Vətənpərvər şair Abdulla Şaiq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə A.Şaiq yaradıcılığında vətən, millət, azadlıq ideyalarının xüsusi yer aldığı vurğulanıb.Tədbirdə iştirak edən araşdırmaçı jurnalist Aida Eyvazlı Aprel döyüşlərinin iştirakçılarına həsr etdiyi ikicildlik kitabının ərsəyə gəlməsindən danışıb və kitabının bir nüsxəsini UNEC-in ikinci kurs tələbəsi, Aprel döyüşlərinin iştirakçısı İbadət Bədəlova təqdim edib.Tədbirdə UNEC-in Azərbaycan dili kafedrasının müəllimləri adından filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz İsmayılzadə çıxış edərək vətənpərvərlik ideyalarının başlanğıcını folklordan götürdüyünü dilə gətirib.Sonra universitetin tələbələrinin ifasında bədii proqram nümayiş olunub və muzeyin müxtəlif nəşrləri UNEC-in prorektoruna təqdim edilib.

sia.az