Müsahibə

  • 6 539

"Bu seçkilərdə onların şansları yoxdur"

image

Mais Səfərli: "Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur"

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, Əli Kərimli və onun ətrafında olanlar hər fürsətdə şou yaratmağa və diqqət mərkəzinə çevrilməyə çalışırlar. Sizcə, bununla, cəmiyyətdə siyasi dividend qazanmaq olarmı?

- Bildiyiniz kimi, Ə.Kərimlinin başçılıq etdiyi partiya çox acınacaqlı durumdadır. Digər radikal müxalifət düşərgəsinə daxil olan partiyalarda da eyni ağır vəziyyət hökm sürür. Uzun illərdir ki, Kərimli kimilər müxalifətdə fəaliyyət göstərirlər və bu illər ərzində, onlar ortaya heç bir normal partiya fəaliyyəti qoymayıblar. Demək olar ki, radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin işləri-peşələri ancaq iqtidarın parlaq fəaliyyətinə kölgə salmaq və xaricdə olan havadarlarına reallığı özündə əks etdirməyən yanlış məlumatlar göndərməkdən ibarətdir. Cəmiyyətimiz isə, onların bu cür yersiz işlər tutmalarına nifrət edir. Məhz bunun nəticəsidir ki, adları çəkilən bu qüvvələr öz elektoratını itiriblər. O cümlədən də, ölkədə keçirilən bütün seçkiləri də uduza-uduza gəliblər. Sadəcə olaraq, müxalifətçilər bu gün gündəmdə qalmaq üçün, məhz belə anormal vasitələrdən istifadə edirlər. Ancaq onlar bunu dərk etmirlər ki, şou düzəltmək və heç nə olmayan yerdə, nə isə bir məsələni böyüdərək siyasiləşdirmək, demək olar ki, özlərinin daha da gözdən salmaqdan başqa bir şey deyil. Bu müxalifətə heç bir siyasi dividend qazandırmayacaqdır. Əksinə, onlar bu cür hərəkətləri ilə daha da tamamilə gözdən düşürlər. Bunu müxalifətin özü də çox gözəl başa düşür. Sadəcə olaraq, onların məşğul ola biləcəyi başqa bir iş yoxdur.
- Ə.Kərimli nəyinki ətrafı tərəfindən, eləcə də, cəmiyyət tərəfindən qəbul olunmur. Bu baxımdan, onun seçkilərdə namizəd qismində çıxış etməsi nə dərəcədə uğurlu olacaq?

- Azərbaycan cəmiyyəti və seçiciləri kifayət qədər savada və səviyyəyə malik olan insanlardır. Azərbaycan seçicisi ağı qaradan çox gözəl seçə bilir. Ona görə də, xalqımızı heç kəs aldada bilməz. Amma məhz bu cür fəaliyyətləri, artıq onlarla seçicilər arasında çox böyük uçurum yaradıb. Bu baxımdan, bu il keçiriləcək prezident seçkilərində müxalifətin nə isə bir uğur qazanmaq şansları sıfıra bərabərdir. İstər bu seçkilərə birlik şəkilində, istərsə də ayrı-ayrılıqda getsinlər, onların bu seçkilərdə iştirakının nəticəsi olmayacaqdır. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur.

- Hazırda müxalifətdə "vahid namizəd" olmaq iddiasında olan bir necə partiya sədrləri var. Ə.Kərimli iddia edir ki, onlardan ən şanslısı özüdür. Bunu özünəvurğunluq, həm də təkəbbür əhvalatı kimi qiymətləndirmək olarmı?

- Bildiyiniz kimi, indiyə qədər Ə.Kərimli seçkilərdə iştirak etməyib. Yəni bu zamana qədər seçkilərə özü getməsə də C.Həsənlinin, R.İbrahimbəyovun namizədliyini müdafiə edib. Ə.Kərimli başa düşür ki, yaşı keçir və artıq onun ətrafında olanlar da tələb edirlər ki, sən əgər siyasətdəsənsə və partiya sədrisənsə, onda nəyə görə namizədliyini irəli sürmürsən? Bu baxımdan da, Ə.Kərimli məcbur qalaraq, namizədliyini irəli sürür. Amma Ə.Kərimlinin, özü də çox gözəl başa düşür ki, bu, heç bir uğurla nəticələnə bilməyəcəkdir. Çünki bu seçkilərdə onların şansları yoxdur. Bir sözlə, növbəti dəfə müxalifət özünü biabır edəcək.

GÜLYANƏ

Digər xəbərlər