Müsahibə

  • 9 024

Azərbaycan xalqının bir seçimi var!

image

Müsahibimiz Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva

- Jalə xanım, ölkəmiz əhəmiyyətli siyasi proses - prezident seçkiləri ərəfəsindədir. Bu, tarixi Zəfərdən sonra keçirilən ilk seçkilər olacaq. Bu baxımdan, seçkilərin önəmini necə dəyərləndirirsiniz?
- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda düşmənin növbəti hücumuna qarşı Orduya bütün cəbhə boyu əks-hücum əmri verməklə təkcə Azərbaycan tarixində deyil, bütövlükdə bölgənin və Türk dünyasının tarixində yeni səhifə açmış oldu. Həmin gün 2016-cı ilin Aprel döyüşlərindən 4 il, 2018-ci ilin mayındakı Günnüt hərbi əməliyyatından 2 il, Tovuz döyüşlərindən isə cəmi 2 ay keçirdi. Dünya hərb tarixində hər günü düşmənin məğlubiyyəti ilə tarixə düşən bir müharibə yoxdur. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyuldu, düşmən darmadağın edilərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Lakin bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən korrupsiyalaşmış siyasətçilər tərəfindən şirnikləndirilən təcavüzkar dövlət 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının maddələrinin icrasını təmin etmək əvəzinə, gizli şəkildə silahlanmağa üstünlük verdi, təxribatlar törətdi, mina terroruna əl atdı. Bütün bu təxribatlara qarşı işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı düşmənə dəfələrlə xəbərdarlıq edən Ali Baş Komandan bunun cavabında “Dəmir yumruğun” gücünü yenidən görməli olacaqlarını söyləyirdi və belə də oldu.
2023-cü il aprelin 23-də Laçın rayonunun Həkəri körpüsü üzərində - Ermənistanla şərti dövlət sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə Azərbaycanın ərazi bütövlüyü praktiki olaraq təmin edildi. Bütün Qarabağa və Şərqi Zəngəzura tam nəzarət Azərbaycanın daxili işinə çevrildi. Azərbaycan torpağında Ermənistan ərazisindən silah-sursat daşınmasının qarşısı alındı. Qarabağın erməni əhalisinin reinteqrasiya prosesi ön plana çıxarıldı, erməni əhalisinin separatçıların və terrorçuların girovluğundan xilas edilməsi istiqamətində praktiki addımlar atıldı. 2023-cü il 19 sentyabr tarixli lokal antiterror tədbirləri nəticəsində Ermənistan ordusunun ərazilərimizdəki tör-töküntüləri darmadağın edildi, separatçı – terrorçu dəstələr tərk-silah və təslim edildi.
44 günlük Zəfər yürüşündə BMT-nin 4 qətnaməsini təkbaşına icra edən dövlətimiz, yenə təkbaşına 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı. Müzəffər Ali Baş Komandan ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı.
44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması böyük mənəvi-siyasi məna daşıyır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə oldu. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra – “Heydər Əliyev İli”ndə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirildi. Dəmir iradə, “Dəmir yumruq” bizə qəti Qələbə sevincini yaşatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 il əvvəl xalqa verdiyi vədi tam yerinə yetirdi.
Sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı, uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurmuş və gələcək nəsillərə parlaq inkişaf yolu açmış Lider - İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnu tam bərpa etdi. "Nəyi, nə vaxt və necə edəcəyini" hamıdan yaxşı bilən Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfər milli dövlətçiliyimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaratdı.
Bu gün Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi nəhəng bərpa-quruculuq işləri ilə heyrətləndirir. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız məhz Prezident İlham Əliyevin əzmkarlığı ilə cənnətə çevrilir. Uzun illər yurd həsrətiylə yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar.
Ölkə və xalq olaraq əldə etdiyimiz uğurların təməlində sağlam ictimai-siyasi mühit, xalqla-iqtidar birliyi dayanır.
- Jalə xanım, ölkədəki seçki mühitini necə qiymətləndirmək olar? Mövcud reallıqlar nəyi göstərir?
- Yeni Azərbaycan Partiyası 15 dekabr 2023-cü il tarixində cənab İlham Əliyevin prezident seçkilərində namizədliyini irəli sürdü. Düşünürük ki, bu, sadəcə YAP üzvlərinin deyil, eyni zamanda, bütün Azərbaycan xalqının istək, arzu və rəyini ifadə edirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında özünə böyük bir dayaq və lider qazanıb. Məhz cənab Prezidentin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan mümkün olmayanları mümkün etdi.
Bu gün Azərbaycana dünya tamamilə başqa bir prizmadan yanaşır. Bu gün Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan öz torpaqlarını geri qaytarıb və bu torpaqlarda sülh, əmin-amanlıq yaradaraq üçrəngli bayrağını dalğalandırıb. Azərbaycan həmin torpaqlarda sürətlə böyük quruculuq işləri aparır. Bütün ölkə boyu durmadan inkişafa istiqamətlənən nəhəng layihələr həyata keçirilir.
7 fevral tarixində keçiriləcək prezident seçkisi bir daha Azərbaycan xalqının arzusunun, etimadının, iradəsinin nümayişi və təsdiqinə çevriləcək. Xalqımız birmənalı olaraq öz Liderinə, xilaskar Prezidentinə, Müzəffər Ali Baş Komandanına səs verəcək. Bu seçki nəticəsində Azərbaycan daha parlaq günlərini yaşayacaq.
Azərbaycan bu günə qədər olduğu kimi, 7 fevraldan sonra da həm Cənubi Qafqazın, həm də dünyanın nüfuzlu ölkəsi olaraq daha da yüksələcək. Biz seçkilərdə xalqımıza, Azərbaycansevərlərə, damarında azərbaycanlı qanı axan hər bir insanımıza uğurlar arzu edirik. Təbii ki, Azərbaycan xalqının bir seçimi var - o da İlham Heydər oğlu Əliyevdir. Azərbaycan xalqı öz liderinə - Prezidentinə güvənir və inanır! Xalq öz Prezidentini sevir! Xalq öz Prezidentinin arxasındadır!
Əminik ki, bu qarşılıqlı inamla 20 ildə əsrə bərabər möhtəşəm bir yol qət edən, cəmi 23 saat ərzində qəti Qələbəyə imza atan xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanımızı bundan sonra da daim zəfərlərə, zirvələrə aparacaqdır!

Digər xəbərlər