Müsahibimiz Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva
- Ülviyyə xanım, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixinə qızıl hərflərlə yazılan son 20 ilin nəticələrini necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. Qısa zamanda Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, Ona dərin inamını ifadə etdi. Xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində böyük ruh yüksəkliyi ilə cənab İlham Əliyevi dəstəkləməklə Ümummilli Liderə sevgi və inamını bir daha nümayiş etdirdi. Azərbaycan xalqı sülh və əmin-amanlıq şəraitində inkişaf və tərəqqi, eləcə də sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, bu siyasətə alternativin olmadığını göstərdi.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz Liderinə inam və etimadı daha da artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev yenidən inamlı qələbələr qazandı.
Ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə edilib, ölkəmiz regionda və dünyada mövqelərini xeyli gücləndirib. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması, Azərbaycan dövlətinin milli maraqlarının qorunması prioritet istiqamətlər kimi uğurla təmin edilib. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilib. Müstəqil daxili və xarici siyasət yürüdən dövlət başçısı milli maraqlarımızı layiqincə müdafiə edərək təhdidləri neytrallaşdırıb. Uğurlu xarici siyasət kursu Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Regional təşəbbüslər dövlətimizin beynəlxalq müstəvidə mövqeyinin daha da güclənməsinə, eləcə də bölgədə uğurlu əməkdaşlıq formatının inkişafına xidmət edir.
Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, Azərbaycanın tarixi Qələbəsi dayanır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün tam bərpası xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik cəbhədə də əsl liderlik keyfiyyətləri nümayiş etdirdi, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərərək mübarizlik rəmzinə çevrildi.
- Müstəqilliyin bərpasından sonra ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu baxımdan, fevralın 7-nə təyin edilən prezident seçkiləri tarixi əhəmiyyət kəsb edir...
- “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin cənab İlham Əliyev haqqında dediyi bu fikir hər ötən gün öz təsdiqini tapır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərdən sonra seçkilər müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Bu, böyük tarixi hadisədir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ona görə də 7 fevral prezident seçkilərini Zəfər seçkiləri kimi dəyərləndirmək olar. Hazırda üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan azad edilmiş digər rayonlarda şərəflə dalğalanır. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız dövlət başçısı İlham Əliyevin ətrafında həmişə sıx birləşəcək, həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.
- Ülviyyə xanım, ölkəmizdə seçki mühitini necə dəyərləndirmək olar?
- Seçki Məcəlləsinə əsasən bütün namizədlər eyni hüquqlara malikdir və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edilməsinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi unikal fürsətdir.
“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin isə uydurma iddiaları puç olub. Heç bir elektoratı olmayan radikallar öz zəifliklərini etiraf etmək əvəzinə, cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Bu isə siyasi acizlik və məğlubiyyətin göstəricisidir.
Azərbaycan xalqı əmindir ki, bütün strateji hədəflərimizi yalnız İlham Əliyev reallaşdırmağa qadirdir. Xalqımızı 7 fevral prezident seçkilərində fəal olmağa səsləyirəm. Hadisələrin gedişatı, bütün təhlillər göstərir ki, qüdrətli dövlətimiz etibarlı əllərdədir. Xoşbəxt o xalqdır ki, onun güclü və qətiyyətli lideri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideridir. Perspektivdə bizim hələ görüləsi çox işlərimiz var.
...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı