Müsahibə

  • 8 416

Zəfər seçkiləri xalq-Lider birliyinin möhtəşəm təntənəsi olacaq

image

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovdur

- Eldar müəllim, bu gün Azərbaycan dünyada dinamik inkişaf edən ölkələrdən biri kimi tanınır. Son 20 illik dönəm Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub və sabaha daha böyük inamla baxmağa əsas verir. Hər bir azərbaycanlını qürurlandıran bu dövrü necə səciyyələndirərdiniz?
- Heç şübhəsiz ki, 2003-cü ilə gedən yol 1993-cü ilin yayından, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə yenidən, ikinci dəfə hakimiyyətə qayıtmasından, odlar içində yanan Azərbaycanı vətəndaş müharibəsindən, qardaş qırğınından, bölünmək, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etməsindən başlayır. Bu yol Heydər Əliyev yoludur və Azərbaycanı inkişafdan inkişafa, qələbələrdən qələbələrə aparan yoldur. Bu uğurlu yolun davamçısı isə 2003-cü ilin oktyabrında Azərbaycan xalqının mütləq əksəriyyətinin səsi, dəstəyi ilə ölkə Prezidenti seçilmiş Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir.
Cənab Prezident andiçmə mərasimində tarixi nitq söyləyərək “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” ,- deyə bəyan etmişdi. Ötən 20 il ərzində də sözünü, vədini tutdu, hər bir azərbaycanlının Prezidenti oldu. Dövlət başçımız vədlərinin hamısını tarixi əməlləri, addımları ilə reallığa çevirdi. Prezident seçkilərindən çox qısa bir müddət sonra, 2004-cü ilin əvvəllərində regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan ilk Dövlət Proqramı ilə bağlı tarixi sənədi imzaladı və bununla Azərbaycan regionlarının, Azərbaycan vətəndaşlarının həyatında yeni inkişaf və quruculuq mərhələsi yaşandı. Azərbaycan insanının sosial-iqtisadi güzəranı yaxşılaşdı, yüz minlərlə yeni iş yerləri yaradıldı, açıldı, Azərbaycan regionlarının siması büsbütün dəyişdi, gözəlləşdi. Regionlarımızla iri şəhərlər arasında fərqlər, demək olar ki, aradan qaldırıldı. Ötən müddət ərzində bu istiqamətdə 4 Dövlət Proqramı uğurla yerinə yetrildi və bu gün də icra olunmaqdadır.
Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar dialoq, tolerantlıq mərkəzlərindən birinə çevrildi. Azərbaycan dünyada söz və nüfuz sahiblərindən birinə çevrildi. Ən nəhayət, 30 il davam edən işğala son qoyuldu. Havadarlarına arxalanan işğalçı və təcavüzkar Ermənistan diz çökdürüldü. 2016-cı il Aprel döyüşləri və 2018-ci il Günnüt əməliyyatı ilə işğalçı dövlətə yerini göstərən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsi, “Qisas” və sonuncu – 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror əməliyyatları ilə işğalda olan bütün ərazilərimizi azad etdi və Azərbaycan Respublikasının suverenliyi təmin edildi.
Bu gün biz dünyanın qalib xalqı və qalib dövlətiyik. Bütün bunların birmənalı müəllifi isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevir. Bir sözlə, ölkəmizin son 20 ili inkişaf, tərəqqi, intibah dövrü kimi yaddaşımıza həkk olunub.
- İstənilən seçki hər bir demokratik cəmiyyət üçün mühüm siyasi hadisə hesab edilir. Bu baxımdan, qarşıdan gələn prezident seçkilərinin istər Azərbaycan cəmiyyəti, istər beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanması və izlənilməsi təbiidir. Seçkilərlə bağlı fikirlərinizi bölüşməyinizi istərdik.
- Azərbaycanda demokratik seçkilərin təməli 1993-cü ilin oktyabrın 3-də, Ümummilli Liderimiz Heydər Əliyevin ilk dəfə ölkə Prezidenti seçildiyi tarixdə qoyulub. Son 30 ildə də hər bir seçki demokratiyaya doğru növbəti bir addım olub. Ötən illərdə hər bir seçki azad, şəffaf və demokratik şəkildə baş tutub. Dostlarımız sevinib, düşmənlərimiz, bədxahlarımız dərindən kədərə qərq olunub. Yəni hər dəfə ölkədə keçirilən seçkilərdən öz maraqları üçün istifadə etməyə, “bulanıq suda balıq tutmağa”, Azərbaycanı tutduğu demokratik inkişaf yolundan, müstəqil xarici və daxili siyasət kursundan çəkindirməyə, onu “banan respublikası”na çevirməyə çalışan antiazərbaycan qüvvələrin arzuları gözlərində qoyulub, onlara fiasko yaşadılıb. Hər bir seçkidən Azərbaycan xalqı və dövləti daha monolit, daha səfərbər, daha əzmkar çıxıb.
Qeyd etdiyiniz kimi, bu il fevral ayının 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Artıq seçkilərlə bağlı müəyyən mərhələ geridə qalıb, namizədlər qeydə alınıb. Hazırda seçkiqabağı təşviqat kampaniyası davam edir. Bütün dünyanın gözü yenə bizdədir. Bizi istəyənlər də, istəməyənlər də seçkiləri maraqla izləyir. Şübhə yoxdur ki, budəfəki seçkilər də tam şəffaf, azad, ədalətli şəkildə baş tutacaq və Azərbaycan xalqı, Azərbaycan seçicisi yenə öz sözünü deyəcək, qətiyyətli mövqeyini ortaya qoyacaq və Azərbaycanı qələbələrdən qələbələrə, zəfərlərdən zəfərlərə aparan siyasi kursa səs verəcək, o kursun sahibini dəstəkləyəcək, ona növbəti dəfə mandat verəcək. Bu dəfə də seçkilərdən daha güclü və daha əzmkar şəkildə çıxacağıq. Kimsənin buna şübhəsi olmasın!
- Eldar müəllim, necə hesab edirsiniz, Zəfər seçkisi Azərbaycanın tarixində hansı rol oynayacaq?
- Qeyd etdiyim kimi, hər bir seçki Azərbaycanın tarixində demokratik inkişaf yolunda daha bir inamlı addım olub və bu dəfə də belə olacaq. Bu seçkilər də demokratiya, demokratik seçkilər tarixində növbəti Azərbaycan nümunəsi olacaq. Çünki demokratiya, demokratik inkişaf bizim öz könüllü seçimimizdir. Biz kimsənin təhdidi, diktəsi ilə bu yolu seçməmişik və ötən 30 il də sübut etdi ki, bizə nəyisə zorla, diktə, təhdid ilə qəbul etdirmək mümkün olmayıb və bundan sonra da mümkün olan məsələ deyil.
Bu seçkilər Azərbaycanın hər mənada inkişafına təkan verən seçkilər kimi tarixdə qalacaq. Artıq ərazi bütövlüyümüz, suverenliyimiz hər qarış torpağımızda bərqərar olunub. Bu gün Qarabağımız, işğaldan azad edilmiş yurd yerlərimiz əsl dirçəliş, intibah dövrünə qədəm qoyub, Böyük Qayıdış prosesi başlayıb. Qarabağımız, işğaldan azad edilmiş ərazilərimiz mənfur qonşumuz ermənilərin basdırdığı minalardan təmizlənir, yenidən qurulur, bərpa olunur və dirçəldilir.
Bu seçki onunla əlamətdardır ki, 30 il işğala məruz qalan ərazilərimizdə də vətəndaşlarımız ilk dəfə olaraq səs verəcəklər. Uzun müddət məcburi köçkünlük həyatı yaşayan insanlar üçün bunun nə demək olduğunu onlar özləri çox yaxşı bilirlər.
Azərbaycan insanının, Azərbaycan vətəndaşının güzəranı, sosial rifahı daha da yaxşılaşacaq. Dünyada yerimiz möhkəmlənəcək və siyasi çəkimiz daha da artacaq. Ona görə də Azərbaycan Respublikasını inkişaf və tərəqqi yoluna çıxaran, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən, xalqımızı xoşbəxt gələcəyə aparan siyasətə - qalib xalqın qalib Lideri İlham Əliyevə səs verək! Şübhə yoxdur ki, Zəfər seçkiləri xalq-Lider birliyinin möhtəşəm təntənəsi olacaq.

Digər xəbərlər