Müsahibə

  • 8 099

Azər Allahverənov: “Azərbaycanın yeni inkişaf strategiyasının reallaşdırılması 7 fevral seçkisindən keçir”

image

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov Azərbaycanda fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı secki-2024.az saytının suallarını cavablandırıb.
Sizcə, 2024-cü il fevral ayının 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri Azərbaycanın gələcək inkişafı baxımından nə kimi əhəmiyyət daşıyır?
- 7 fevral prezident seçkiləri bir çox göstəricilərinə görə böyük əhəmiyyət kəsb edən siyasi hadisədir. Hər şeydən əvvəl ona görə ki, növbəti müddət üçün Azərbaycan Respublikasının Prezidenti seçiləcək. Bu, ölkənin siyasi həyatında yeni dövrün başlanğıcı deməkdir. Bundan başqa, məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədərki inkişaf istiqamətləri ilə bağlı milli prioritetlər konsepsiyası qəbul edilib, hər bir milli prioritet üzrə isə konkret alt vəzifələr müəyyənləşib. Bu konsepsiya Azərbaycanda müxtəlif sahələrdə inkişaf tempinin artırılması və bununla bağlı dövlət siyasətinin müəyyən olunması elementlərini özündə birləşdirir. Bura Azərbaycan üçün yeni sayıla biləcək “yaşıl” və bərpaolunan enerji, ətraf mühitin mühafizəsi ilə bağlı yeni çağırışlar və s. daxildir. Hesab edirəm ki, qeyd edilən prioritetlər üzrə qarşıya qoyulmuş hədəflərə aparan yolda növbəti mərhələ 7 fevral seçkiləridir. Yəni, Azərbaycanın yeni inkişaf strategiyasının reallaşdırılması 7 fevral seçkisindən keçir.
Prezident seçkiləri ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. Bu amil gələcək proseslərdə özünü necə büruzə verəcək?
- İlk növbədə onu demək istəyirəm ki, bu seçkilər bütün xalqımız üçün tarixi bir hadisədir. Otuz ilə yaxın müddətdə torpaqlarımızın təxminən beşdə bir hissəsinin erməni işğal altında olması və həmin bölgələrdən olan insanların ölkənin müxtəlif şəhər və rayonlarında məcburi köçkün həyatı yaşamaları bu və ya digər formalarda seçkilərə də təsirsiz ötüşmürdü. Çünki həmin vətəndaşlarımız öz torpaqlarında, öz yerlərində seçkilərdə iştirak etmək hüququndan məhrum idilər. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib, 7 fevralda onların bir qismi ilk dəfə olaraq Laçında, Xocalıda, Füzulidə, Xankəndidə, Şuşada və digər işğaldan azad olunmuş Azərbaycan ərazilərində azad şəkildə öz namizədlərinə səs verə biləcəklər. Bu baxımdan prezident seçkiləri əvvəlkilərdən fərqlənir və xüsusi əhəmiyyət daşıyır.
Seçki mühitini necə qiymətləndirirsiniz?
- Azərbaycanda seçkilərin keçirilməsi üçün kifayət qədər demokratik mühit mövcuddur. Hamı şahid oldu ki, prezident seçkilərində namizəd qismində iştirak etmək istəyən şəxslər üçün lazımi şərait yaradılıb. Onlar müvafiq qaydada sənədlərini, imza vərəqələri təqdim etdilər, müraciətləri qanunvericiliyə uyğun cavablandırıldı. Sonrakı mərhələdə də qeydə alınmış namizədlərin təşviqatı üçün KİV-də geniş imkanlar yaradılıb. Yəni, İctimai televiziya və İctimai radioda pulsuz efir vaxtı, eləcədə dörd mətbu nəşrdə təşviqat materiallarının ödənişsiz dərci üçün yer ayrılıb. Yanvarın 15-dən etibarən biz çox konstruktiv məcrada davam edən teledebatların şahidi oluruq. Seçkiləri müşahidə etmək istəyən çoxsaylı beynəlxalq təşkilatların və xarici KİV-in müraciətləri müsbət cavablandırılıb. Qeyd edilənlər Azərbaycanda 7 fevral seçkiləri ərəfəsində bütün parametrlər üzrə şəffaf demokratik mühitin olduğundan xəbər verir.
Seçki günü seçici fəallığının hansı səviyyədə olacağını təxmin edirsiniz?
- Mən bəri başdan əminəm ki, seçici fəallığı yüksək olacaq. “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi olaraq çoxsaylı görüşlərimiz zamanı insanlar bu seçkilərdə böyük məmnuniyyətlə iştirak edəcəklərini bildirirlər. Xüsusilə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi hər kəsi qürurlandırır. Hamı vətəndaş məsuliyyətini dərk edərək, özünün konstitutsion hüququndan rahat şəkildə istifadə etmək üçün yaradılmış bu şəraitdən maksimum yararlanaraq seçkilərdə iştirak etmək arzularını ifadə edirlər.

Digər xəbərlər