Müsahibə

  • 13 177

Qardaşlığımız da müstəqilliyimiz kimi əbədidir!

image

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov

- Rəşad müəllim, Türkiyədə baş vermiş güclü zəlzələ əsrin fəlakəti kimi dəyərləndirilir. Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Türkiyəyə ilk dəstək verən ölkə oldu. Qardaşlıq örnəyi olan dost dəstəyi hansı reallıqları ifadə edir?
- Fevralın 6-da qardaş ölkədə baş verən və içimizi sızladan dəhşətli zəlzələ nə qədər faciə ilə nəticələnsə də, qüdrətli bir xalqın xarakterini bir daha dünyaya nümayiş etdirdi. Türkiyəmizin böyük bir bölgəsində insanlar zəlzələ zamanı həlak oldu. Böyük Türkiyə dövləti, türk xalqı bu dəfə terror, təhdidlərlə deyil, zəlzələ və onun yaratdığı ağır fəsadlarla savaşır. Heç bir ölkənin sığortalanmadığı, ən inkişaf etmiş dövlətlərin belə qarşısında aciz qaldığı dağıdıcı zəlzələnin növbəti hədəfi Türkiyəmiz oldu.
Çoxsaylı insan ölümləri ilə müşayiət olunan bu dəhşətli hadisənin kədərli mənzərəsini ürək ağrısı ilə yaşayırıq. İnsan itkisi durmadan artır. Amma hər şeyə rəğmən, mərd və yenilməz türk xalqı bu sınaqdan da qalib ayrılacaq. Bütün savaşlarda olduğu kimi! Çünki bütün zamanlardakı kimi Türkiyənin taleyin bu sərt imtahanından da şərəflə çıxacağına heç kim şübhə etmir.
Zəlzələnin ilk anındaca Prezident İlham Əliyevin çevik reaksiyası, qardaş ölkəyə peşəkar xilasedicilərimizdən ibarət böyük heyətin ardıcıl şəkildə göndərilməsi, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Türkiyədəki zəlzələdən zərər çəkənlərə ardıcıl humanitar yardımlar göstərilməsi bir daha onu sübut etdi ki, Azərbaycan bu faciəni özününkü kimi hiss edir və təqdir olunası fəaliyyəti, əməli işi ilə qardaş ölkənin yanındadır! Bundan başqa, “Regional İnkişaf” İctimai Birliyinin Türkiyəyə dəstəyi və Bakıda yardım kampaniyasına start verməsi, şübhəsiz ki, hər cür alqışa layiqdir. Daha sonra bu humanitar marafonun ölkənin bütün şəhərlərini əhatə etməsi qardaşlıq nümunəsi kimi dostu sevindirməklə yanaşı, türk soyuna düşmən kəsilənləri də pərişan etdi. Fərdi qaydada vətəndaşlarımızın səmimi, ürəklə Türkiyəyə yardım aksiyasına qoşulmaları kövrək, lakin həm də qürurlu bir mənzərə yaratdı. Azərbaycan dövləti, insanlarımız bütün qəlbi ilə Türkiyənin yanındadır, zəlzələni və onun ağrılarını özününkü kimi hiss edir.
Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə zəlzələ bölgəsində fədakarlığı, axtarış-xilasetmə əməliyyatlarında dağıntılar altında qalanların xilas olunması istiqamətində fəaliyyəti də xidməti işdən başqa sevgi üzərində aparılır. Xilasedicilərimizin fəaliyyətini seyr etdikcə bir daha əmin olursan ki, sanki doğmalarını, əzizlərini dağıntılar arasında axtarırlar.
- Bütün Azərbaycanın qardaş ölkəyə yardım kampaniyasına qoşulması qürurverici haldır. Belə demək olarsa, Azərbaycan səfərbərdir! Elə deyilmi?
- Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında Azərbaycan qüvvəsini qardaş ölkədə zəlzələnin yaratdığı fəsadların qaldırılmasına səfərbər olunub, lazımi dəstəyini göstərməkdə davam edir. Azərbaycan Liderinin ilk dəqiqələrdən qardaş ölkənin yanında olmasını ifadə edən göstərişləri və dövlətin bu münasibətinə xalqın dəstəyi Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini bir daha bütün dünyaya göstərdi. Azərbaycan Prezidenti dövlətimizin bütün resurslarını Türkiyədən olan qardaşlarımıza yardıma səfərbər etməsi ilə qardaşlıq və müttəfiqliyin bütün zamanlar üçün əbədi olmasını təsdiqlədi.
Dünya bir daha şahid oldu ki, Türkiyə ilə Azərbaycan qədər səmimi qardaşlıq nümunəsi yoxdur və iki dövlətin bir milləti sevinci də, kədəri də birgə yaşayır. Türkiyə elə Azərbaycandır, Vətəndir bizim üçün. Qarabağ Azərbaycan olduğu kimi. Tanrı iki dövlətin bir millətini bir daha sınağa çəkməsin! Səninləyik, əziz Türkiyə. Qardaşlığımız da müstəqilliyimiz kimi əbədidir!

Digər xəbərlər

Bayden suala cavab verməkdən yayınıb...

...ABŞ-ın Rusiya ilə müharibəyə hazır olması ilə bağlı