Müsahibə

  • 7 189

Azərbaycan xalqı İlham Əliyevin Liderliyi ilə yeni möhtəşəm uğurlara imza atmaq əzmindədir

image

Müsahibimiz Milli Məclisin deputatı Əli Hüseynli

- Əli müəllim, 7 fevralda ölkəmizdə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə inamlı qələbə qazandı. Bu tarixi qələbəni şərtləndirən amillərlə bağlı fikirlərinizi bilmək istərdik...

- Fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin inamlı qələbəsi bütövlükdə cəmiyyətin və xalqın arzu və istəyinin, səmimi seçiminin ifadəsidir. Belə ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 ildən artıq dövr ərzində müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin siyasi kursu zamanın çağırışlarına uyğun olaraq bütün istiqamətlərdə daha mükəmməl şəkildə davam etdirilib. Bu dövrdə demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərin qorunmasında və hüquqi dövlət quruculuğu yolunda ciddi nəticələr əldə olunub, dinamik sosial-iqtisadi tərəqqi dönməz xarakter alıb. Hesab edirəm ki, bu, Yeni Azərbaycan Partiyasının namizədi kimi cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsini şərtləndirən əsas amillərdən biridir.
İkincisi, xalqın etimadına və ordumuzun qüdrətinə arxalanan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyəti sayəsində 2020-ci ilin noyabrın 8-i Azərbaycanın son 200 ildə əldə edə bilmədiyi Zəfər tarixi kimi əbədi olaraq təqvimə yazıldı: 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilmiş Qarabağ torpaqları öz sahiblərinə qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Ötən ilin sentyabrında isə bir günlük lokal antiterror tədbirləri nəticəsində Qarabağda yuva salmış separatizmin kökü birdəfəlik kəsildi, Azərbaycanın suverenliyi və konstitusiya quruluşu bütün ölkə ərazisində tam şəkildə bərpa edildi. Xalqın özgüvənliyi və milli qüruru özünə qayıtdı. Azərbaycan qalib ölkə kimi beynəlxalq aləmdə heç zaman olmadığı kimi böyük nüfuz və mövqe əldə etdi. Bu, əfsanələrin reallığa çevrilməsi kimi heç nə ilə müqayisə edilməz dərəcədə bənzərsiz tarixi nailiyyətdir.
O da mübaliğəsizdir ki, Azərbaycan seçicisi həyata keçirilən köklü islahatların müsbət nəticəsini görür, obyektiv dəyərləndirir və ona Azərbaycanın yeni şərəfli tarixinin və möhtəşəm tarixi uğurların müəllifi kimi inam və rəğbət bəsləyir. Ona görə də öz seçimi ilə sağlam məntiqdən çıxış edən xalq bölgədə yaranmış yeni geosiyasi reallıqların və yeni tarixin çağırışları fonunda Azərbaycanı növbəti uğurlara aparan yola yalnız cənab İlham Əliyevin rəhbərliyi altında davam edə biləcəyinə əminliyini ifadə etmiş oldu.
- Prezident seçkilərini müşahidə edən nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələri təmsil edən çoxsaylı müşahidəçilər ölkəmizin demokratik ənənələrə sadiq olduğunu, səsvermə prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlmədiklərini vurğulayıblar. Bu barədə nə deyə bilərsiniz?

- Tam azad, demokratik və ən yüksək beynəlxalq standartlara uyğun şəraitdə keçən bu seçkiləri çoxsaylı yerli və beynəlxalq müşahidəçilər izləmişlər. Onların seçki kampaniyasının təşkili, prosesə hazırlıq səviyyəsi, namizədlər üçün geniş, eyni zamanda bərabər imkanların yaradılması, seçicilərin azad və sərbəst şəkildə səs vermələri üçün yaradılmış şəraitlə bağlı rəsmi rəyləri belə bir qənaət yaradır ki, demokratik ənənələrə sadiq olan Azərbaycan seçki demokratiyasının inkişafında əvvəlki dövlərdən daha yüksək səviyyəyə yüksələ bilmişdir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlərin bir çoxu bu seçkiləri hətta ən inkişaf etmiş ölkələr üçün nümunə sayılacaq qədər yüksək qiymətləndirmişdir.
Seçkilərin nəticələrinə gəlincə, nüfuzlu beynəlxalq təşkilatlar, müxtəlif ölkələri təmsil edən çoxsaylı müşahidəçilər tərəfindən bununla bağlı səslənən fikirlər və mətbuata verilən bəyanatların ruhu seçkilərin məhz qanunçuluğa hörmət və ədalət prinsipi əsasında keçdiyinin bariz göstəricisidir. Digər namizədlərin YAP-ın namizədi cənab İlham Əliyevi parlaq qələbə münasibətilə təbrik etmələri siyasi mədəniyyət nümunəsi olmaqla yanaşı, həm də səsvermənin nəticələrinin Azərbaycan xalqının dövlət başçısına olan inam və etimadının daha bir təsdiqidir. Bu, həm də ölkəmizin sosial-iqtisadi inkişafı və xalqımızın rifahı yolunda həyata keçirilən qətiyyətli siyasətə milli həmrəylik nümunəsi olaraq cəmiyyətin bütün təbəqələri tərəfindən verilən yüksək qiymətin və dəstəyin əyani təzahürüdür.
- İctimai fikirdə belə bir gözlənti və əminlik var ki, Zəfər seçkiləri növbəti tarixi qələbələrin başlanğıcı olacaq. Qalib xalqın qalib Lideri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni hədəfləri hansılardır?
- 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycanın yeni müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən seçki kimi tarixin yaddaşına yazıldı. Əlbəttə, tam məntiqlidir ki, hər seçkidən sonra ölkə qarşısında yeni hədəflər müəyyənləşir, yeni inkişaf mərhələsi başlayır. Heç şübhəsiz, bu seçkilər bundan əvvəlki prezident seçkilərinin keçirildiyi dövrlərdən fərqli cəhətləri ilə seçilir. Yeni geosiyasi reallıqlar və sülh şəraitində formalaşan növbəti inkişaf və bərpa-quruculuq mərhələsində nəzərdə tutulan fəaliyyət proqramı üçün demokratik hüquqi baza, möhkəm təməl rolunu oynayacaq bu seçkilər yeni yol xəritəsinin start nöqtəsi rolunu oynayacaq.
Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatların həyata keçirilməsi, xüsusilə dövlət quruculuğu sahəsində daha mükəmməl idarəetmə modelinin tətbiqi üçün yeni imkanlar yaranacaq. Bir sözlə, Azərbaycan dövləti və xalqı bu gün cənab İlham Əliyevin Liderliyi ilə yeni, möhtəşəm uğurlara imza atmaq əzmindədir.

Digər xəbərlər