Bu tarixi hadisə Azərbaycanın növbəti parlaq diplomatik uğuru kimi qiymətləndirilməlidir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva
- Sevinc xanım, məlum olduğu kimi Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirildi. Eyni zamanda, Azərbaycan bu mötəbər təşkilata sədr seçildi. Bu hadisəni necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. Bu gün dünya əhalisinin təxminən 55 faizi Qoşulmama Hərəkatına üzv ölkələrdə yaşayır. Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi tarixi hadisədir. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı.
Qeyd edim ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.
Azərbaycan Respublikası da 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir.
Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.
XVIII Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti parlaq diplomatik uğuru kimi qiymətləndirilməlidir.
Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında ölkəmizin inkişafı, qazanılan uğurlar, eləcə də dünyada baş verən proseslərlə bağlı fikirlərini bildirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bir daha bu yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı vurğulayıb: “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.
Prezident İlham Əliyev nitqində Azərbaycanın dünya ölkələri ilə sosial, iqtisadi, o cümlədən humanitar əməkdaşlıq məsələlərinə də önəm verdiyini diqqətə çatdırıb: "2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə layihələr həyata keçirir". Hesab edirəm ki, bu fakt kifayət qədər önəmlidir.
Mötəbər tədbirdə digər ölkələrin də dövlət və hökumət başçıları dünyanı düşündürən, narahat edən poblemlərdən danışdılar, bundan çıxış yolları haqqında fikirlərini bildirdilər. Xüsusilə, Azərbaycana bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edildi. Hesab edirəm ki, Zirvə Görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar dünyada sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına öz töhfəsini verəcək.
- Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin və Azərbaycanın quruma sədr seçilməsinin əsasında hansı amillər dayanır?
- Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ötən dövr ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımızı tam təmin edilib. Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində ölkəmiz dünyanın yeganə qlobal təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanına - Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyini qazanaraq qeyri-daimi üzvü olub. Bu da ölkəmizin milli maraqlarını beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb. Müstəqil Azərbaycan özünün xarici siyasət prinsiplərinə əsaslanaraq, qonşu dövlətlərlə dostluq münasibətlərini qoruyur və onlara qarşı bitərəf siyasətini saxlayır.
Xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, həm enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün bir çox Avropa rəsmiləri qitənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində Azərbaycanı vacib ölkə hesab edirlər. Bütün bunlar beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir.
Beynəlxalq körpü rolu oynayan ölkəmiz üçün digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı və Avropanı birləşdirəcək yeganə qısa və alternativ bir nəqliyyat marşrutu olmaqla yanaşı, Prezidentimizin də dediyi kimi, iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənən bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub. Bu əməyin nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilib.
Xəzər dənizin hüquqi statusu ilə əlaqədar sənədin imzalanması Azərbaycanın dünyada regional və beynəlxalq səviyyədə ticarət əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaradıb, ölkəmizin qitələr və sivilizasiyalar arasındakı əhəmiyyətini daha da möhkəmləndirib. Prezidenti İlham Əliyev sənədin siyasi və iqtisadi əhəmiyyətinə toxunaraq Xəzər dənizini əməkdaşlıq, sülh və dostluq dənizi adlandırıb. Əlbəttə ki, Prezidentimizin beynəlxalq tədbirlərə üstünlük verməsi, yeni-yeni təşəbbüslər irəli sürməsi, ümumilikdə xarici siyasətimizdə nailiyyətlərin əldə olunması onun uzaqgörən siyasətinin, diplomatik savadının və innovativ düşüncəsinin əyani sübutudur.
Yəni, Azərbaycan beynəlxalq müstəvidə çox uğurlu siyasət həyata keçirir ki, bu da ölkəmizin dünyada nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi və növbəti mərhələdə təşkilata sədr seçilməsi də ölkəmizin uğurlu xarici siyasətinin və dünyada artan nüfuzunun parlaq ifadəsidir.
- Sevinc xanım, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yekununda qəbul olunan sənədlərin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Təşkilatın Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.
Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.
Yekun Sənəddə dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş Sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.
Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: “Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu.
Yekun Sənəddə deyilir: “Üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Bakı Sammiti çərçivəsində oktyabrın 24-25-də ilk dəfə olaraq Qoşulmama Hərəkatı Gənclər Sammitinin təşkil olunmasını alqışlayır və dayanıqlı tərəqqinin təmin edilməsi sahəsində çağırışlar barədə və onların cavablandırılmasına yönəlmiş birgə səylərə dair üzv dövlətlərin gəncləri arasında fikir mübadiləsinin aparılmasına imkan yaradan Gənclər Şəbəkəsinin yaradılmasını dəstəkləyirlər”.
Dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar.
- Sizcə, ölkəmizin bu mötəbər təşkilata sədrlik etməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə müsbət təsir edəcək?
- Bilirsiniz ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək bu problemin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü səbəbindən meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.
Ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan yeni hakimiyyətdən düzgün qərarlar gözləyirdi. Təəssüf ki, ötən dövr ərzində yeni hakimiyyət münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoymayıb, əksinə ziddiyyətli bəyanatlar verməkl məşğul olub.
Bütün hallarda Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Düşünürəm ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münaqişənin diplomatik yolla həlli istiqamətində səylərini daha da gücləndirəcək, işğalçı Ermənistanın təcavüzkar mahiyyətini ifşa etmək siyasətini daha da gücləndirəcək.

yap.org.az