Analitika

  • 8 443

Ukrayna - sadəcə sınaq meydanı

image

ABŞ Rusiya sərhədlərinə çatmaq üçün Ukraynanı qurban verməyə hazırdır, bəs Rusiya?

Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat artıq 9 aydır ki, davam edir. İki günə bitəcəyi proqnozlaşdırılan müharibənin illərlə uzanacağı da ehtimal olunur. Bəs bir-biri ilə din və etnik cəhətdən eyni olan iki xalqın arasına nifaqı kim saldı ki, 2014-cü ildən başlanan fikir ayrılığı əvvəlcə siyasi qalmaqala, sonra münaqişəyə, daha sonra isə geniş müharibəyə səbəb oldu? Əlbəttə, burada ilk ağıla gələn kənar qüvvədir. Bizə məlum olanlardan bir versiya budur ki, Ukrayna Qərbin təhriki və şirnikləndirilməsi ilə Avropa İttifaqına və NATO-ya üzv olmaq istədi və buna hazırlaşdı. Əvvəlcə “Maydan hadisələri” ilə Moskvanın adamı olan Yanukoviçi taxtından saldılar, sonra rus dilini dövlət dili statusundan məhrum etdilər. Hadisələrin davamı olaraq Rusiya rusların daha çox yaşadığı Donetsk və Luqansk vilayətlərində çiçəklənən separatçılığı dəstəklədi, ardınca Krımın Rusiyaya birləşdirilməsi üçün yarımadada referendum keçirdi və 90 faizlik “hə” ilə bu bölgəni ilhaq etdi. Rəsmi Kiyev də sakit oturmadı, Qərbi arxasına alaraq Rusiyaya qarşı həm siyasi-psixoloji hücumlar etdi, həm də hərbi əməliyyatlara, Donetsk və Luqanskda isə lokal müharibə başlandı, tərəflər arasında itkilər artdıqca düşmənçilik bir az da dərinləşdi.…Sonra Qərb niyyətini açıq şəkildə ortaya qoydu, əvvəlcə, Rusiyanı böyük müharibəyə cəlb etməyin yollarını axtardı və tapdı. Putinin hərbi komandanlığı Ukraynanın artan ritorikasına son qoymağın hücum taktikasını olduğuna prezidenti də inandıra bildi. Ukrayna da ərazi bütövlüyü məsələsində güzəştin olmayacağını rəsmi şəkildə bəyan edib hətta müharibəyə hazır olduğunu da deməkdən çəkinmədi. Təbii ki, Ukraynanın rəsmi dairələri yalnız sözdə müharibədən danışsalar da toqquşmların belə geniş şəkildə olacağını heç vaxt gözləmirdilər. Nəhayət, ən qorxulu yuxuları çin oldu, 81 ildən sonra Ukrayna torpağı barıt iyi ilə nəfəs almağa başladı. 1941-ci ildə təhlükə qərbdən gəlmişdisə, 2022-ci ildə gözləmədikləri yerdən, şərqdən gəldi…
Bu müharibədə kim yoxdur?
Bu gün Ukraynada gedən müharibəni sonu görünməyən dünya savaşı da adlandırmaq olar. Bu müharibədə kim yoxdur? Dünyanın iki qütbə bölündüyünü təsəvvür etsək, bunu qlobal savaş da adlandıra bilərik – Şərqlə Qərbin qarşıdurması da deyə bilərik. Dünya gücləri iki səngərə toplanıb, birində Qərb – ABŞ və onun NATO müttəfiqləri, digərində isə Rusiya və… Burada hər hansı ölkənin adını çəkmək bir az çətindir. Çin, Hindistan, Braziliya, Cənubi Afrika kimi ölkələr Rusiyanın səngərində olmasalar da, hələlik iqtisadi birlik adlandırılan BRİKS təşkilatı olaraq Moskva ilə tərəfdaş olduqları görüntüsü yaratmağa çalışırlar. Ukrayna müharibəsində konkret iştirakçılar bəllidir - Rusiya və Ukrayna, yaxud Moskva və Kiyev. Digər oyunçuların müharibədə nə qədər yaxından iştirak etdikləri bir az gizli saxlanılır, amma sirr də deyil. Ukrayna müharibəsində NATO-nun (Türkiyədən başqa) bütün üzv dövlətlərinin iştirakını təsdiqləyə bilərik. Təkcə ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın həcmi 60 milyard dollardan yuxarıdır. İngiltərə, Almaniya, Kanada, İspaniya, Belçika, Danimarka, Norveç, Polşa, Rumıniya kimi ölkələr də Ukrayna müharibəsində Kiyevin yanında olduqlarını göstərdikləri hərbi və maliyyə yardımları ilə bildiriblər. Bu yardımlar və gizli iştirak onu deməyə əsas verir ki, bu müharibədə qələbə istəyi təkcə Rusiya və Ukrayna ilə məhdudlaşmır, birbaşa və yaxud dolayısı ilə bu savaşda iştirak edən ölkələrin hər biri bu müharibədən qazanclı çıxmaq istəyir. Onu da unutmayaq ki, Rusiyanın məğlubiyyətində maraqlı olan Qərb bu ölkənin yerüstü və yeraltı sərvətlərinə də diş qıcayıb.ABŞ həmişə Rusiyanın sərhədlərinə çatmaq və bununla da Avropada dominantlığını möhkəmləndirmək istəyib. Bu planları həyata keçirmək üçün onlara Ukrayna lazım idi. Lakin Moskva Ukrayna ərazisinin bir hissəsini qanadı altına almasına baxmayaraq, Vaşinqtonun planı dəyişməz olaraq qalır. ABŞ Avropanın ikinci ən böyük dövlətinin bütün ərazisinə tam nəzarəti ələ keçirməyə güclərinin olmadığını başa düşüb və məqsədinə çatmayacağı təqdirdə Ukraynanı güdaza verəcəyini də gizlətmir. Son zamanlar Qərb koalisiyasına aid bəzi olkələrin Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın şərtlərini qəbul etməyi və artıq doqquz aydır ki, cərəyan edən müharibəni bitirməli olduğunu məsləyət görmələri də bu qəbildəndir. Qərb hər iki ölkəni taqətdən salmaq planını artıq həyata keçirmək üzrədir. Çox güman ki, ikinci fazada Qərb – NATO Rusiya ilə birbaşa qarşıdurmaya getsin. Çünki, Rusiyanın gücünü imtahan edən Vaşinqton-Brüssel duetinin bundan sonra hansı addım atacağı indidən bəllidir. Böyük müharibə hələ qabaqdadır…

Parçala və hökm sür
Vaşinqton həmişə Rusiyanın sərhədlərinə çatmaq və bununla da Avropadakı hökmranlığını möhkəmləndirmək istəyib. Buna baxmayaraq Rusiya Ukrayna ərazisinin bir hissəsini öz qanadı altına ala bilib, “Donetsk və Luqansk respublikaları”, Zaporojye və Xerson vilayətləri Moskvanın idarəçiliyindədir. Bu isə avropalıları qorxudur. Çoxları hesab edir ki, Ukrayna münaqişəsi eyni zamanda XXI əsrdə böyük ölçüdə müstəqilləşmiş, dünyanın digər regionlarına, xüsusən də Uzaq Şərqə daha yaxından baxmağa başlayan Avropaya qarşı müharibədir. İndi Ukraynada sülh müqaviləsi imzalansa, bu ölkə yenə də Avropanın bir hissəsi olmayacaq. Ukrayna Şimali Atlantika Alyansı çərçivəsində bugünkü Polşa və ya keçmişdəki Almaniya kimi ABŞ hərbi bazasına çevriləcək. Bu o deməkdir ki, ABŞ-ın Rusiyaya qarşı müharibəsi nəhayət başa çatmayacaq. Bunu anlamaq avropalılardan hərəkətə keçməyi tələb edir.Belçikalı deputat Alain Destexin fikrincə, Avropa artıq müharibəni qızışdıran amerikalıların ögey qızı olmaq istəmir və Moskva və Kiyevlə bağlı siyasətinə yenidən baxmalıdır. Yeri gəlmişkən, ABŞ-ın Əfqanıstan, Liviya, İraqdakı rejimlərini zorla dəyişdirmək üçün bütün digər cəhdlər yalnız əlavə xaosa, böyük dağıntılara səbəb oldu və daha çox bədbəxtlik gətirdi. Eyni şeyi Balkanlarda da görürük.Vaşinqtonun məqsədi dövlətləri parçalamaq, onları kiçik bir-birindən fərqlənən birləşmələrə çevirməkdir, sonra onları Şimali Atlantika Alyansı kimi asanlıqla ABŞ-ın dominantlıq etdiyi bir növ hərbi struktura “sürüşdürmək” və onları Amerika hərbi bazalarına çevirməkdir. Yeri gəlmişkən, kiçik dövlətləri manipulyasiya etmək böyük dövlətlərə, məsələn, alyansın mərkəzi üzvləri olan Fransa və Almaniyaya təsir etməkdən daha asan və effektivdir.Ukrayna Rusiyaya keçmək üçün sadəcə bir pilləkəndir. Keçmişdə polyaklardan tutmuş fransızlara, almanlara və ingilislərə qədər Rusiya kimi ərazicə ən böyük dövləti məhv etmək arzusunda idilər. Məhz buna görə də bu gün Vaşinqton üçün Moskvadakı rejimi devirmək və onu daha “yumşaq” və Qərbin maraqlarına uyğunlaşmağa hazır olan rejimlə əvəz etmək çox vacibdir. Son yüz ildə ABŞ hakimiyyətdə kimin olmasından asılı olmayaraq Rusiyaya öz hökmranlığını sırımağa bir neçə dəfə cəhd edib. 1918-ci ildə Amerika qoşunlarının Avrasiya nəhənginin ərazisinə soxularaq bolşevik hökumətini devirmək cəhdlərini xatırlayaq.Bundan sonra Vaşinqton öz qırğınları və müharibə cinayətləri ilə məşhur olan Ağqvardiya əksinqilabçıları ilə əməkdaşlıq etdi. O zaman ABŞ prezidenti Vudro Vilson dünyaya və avropalılara öz müqəddəratını təyinetmə və xarici təcavüzdən qorunmaq hüququ haqqında nağıllar danışarkən, eyni zamanda Rusiyadakı vətəndaş müharibəsinə Amerika əsgərlərini göndərirdi. Amerikalılar bu prinsiplərə indi də sadiqdirlər. Müasir Rusiyanı parçalamaq mümkün olsa, o zaman aqressiv və revanşist qüvvələr ön plana çıxacaq. Dünyanın ən böyük ölkəsi 1991-ci ildə Sovet İttifaqı kimi sadəcə olaraq parçalanacaq. Qafqazı od və xaos bürüyəcək və milyonlarla yeni qaçqın yenidən Avropaya köçəcək, terrorizmin çiçəklənməsi üçün əlverişli şərait yaranacaq.
Ukraynanın taleyinə Rusiyanın taleyindən ayrı baxmaq praktiki olaraq mümkün deyil. Ona görə yox ki, ukraynalılar arasında rus etik qrupunun nümayəndələri çoxdur. İlk növbədə ona görə ki, iki ölkə uzun müddət eyni məkanı paylaşıb və eyni tarixi təlatümləri yaşayıb. Sovet İttifaqı dağılanda, dövlət sərhədləri çəkiləndə bu iki ölkə bir-biri ilə dost və qardaş kimi yaşamağa üstünlük vermişdilər.
Ukraynada müharibə: müttəhimlər kürsüsündə kim oturacaq?
Haaqa Beynəlxalq Məhkəməsinə görə, 2014-cü il iyulun 17-də Donbass səmasında vurulan Boeing sərnişin təyyarəsində Amsterdamdan Kuala-Lumpura gedən 298 nəfərin ölümünə görə cavab verməli olanlara qarşı ədalətin təqsirli hökmünün çıxarılmasına səkkiz ildən çox vaxt lazım oldu. Yalnız üç nəfərin günahkar olduğu müəyyən edilib: cinayəti törətdiyi vaxt “özünü elan etmiş DXR-in müdafiə naziri” olmuş İqor Qirkin (Strelkov) və onun tabeliyində olanlar – Rusiya hərbi kəşfiyyatının istefada olan yüksək rütbəli zabiti Sergey Dubinski və "DXR ordusu"nun hərbi kəşfiyyat bölməsinə rəhbərlik edən Leonid Xarçenko. Onlar “Boinq”in vurulduğu Rusiyanın “Buk” zenit-raket kompleksinin Ukrayna ərazisinə çatdırılmasını təşkil ediblər, təyyarənin məhv edilməsi və hava hücumundan müdafiə sisteminin Rusiyaya qaytarılması planını həyata keçiriblər. Eyni zamanda, onların heç biri raketin buraxılışında birbaşa iştirak etməyib. Bu arada insanların ölümündə hər üçünün günahı qeyd-şərtsiz sübuta yetirilir, onlar ömürlük həbs cəzasına məhkum edilir və yaxınlarını itirən ailələrə 16 milyon avro təzminat ödəmələri tələb olunur. Digər təqsirləndirilən şəxsin iştirakı sübuta yetirilməyib.Vurulan “Boinq”lə bağlı xəbəri Vladimir Putin Atlantik okeanı üzərində olarkən alıb. O, BRİKS çərçivəsində son dərəcə uğurlu görüşdən sonra Braziliyadan qayıdırdı. Hər şey onun Qərbə meydan oxumasından başlamışdı. Kremlin Krımda Ukraynaya öyrətdiyi və Donbasda öyrətmək niyyətində olduğu dərs Qərb üçün bir dərs oldu. Rusiya ilə hesablaşmağın lazım olduğunu onlara başa salırdı. Baş verən təyyarə qəzası sıradan bir hadisə deyildi. Rusiya prezidenti mümkün reaksiyadan ciddi narahat idi, çünki ölənlər arasında Hollandiya, Böyük Britaniya, Avstraliya, Belçika, Almaniya, Kanada, Yeni Zelandiya vətəndaşları çoxluq təşkil edirdi və bu da münasibətlərini korlayırdı. Rusiya Federasiyası isə qəti şəkildə istrar edir ki, Boeing ya Ukrayna raketi, ya da Ukrayna qırıcısı tərəfindən vurulub. Ukraynada başlayan müharibəyə görə məsuliyyət daşıyanların şəxsən iştirak edəcəyi məhkəmənin şahidi olub-olmayacağımızı heç kim deyə bilməz.ABŞ-ın NATO-dakı keçmiş səfiri və Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker müsahibəsində Ukraynanın hərbi qələbə qazanmaq ehtimalı, regiona davamlı sülhün perspektivləri, NATO-nun mümkün müdaxiləsi və Ukraynanın gələcəkdə NATO-ya daxil olmaq ehtimalından danışıb. Bildirib ki, bu o demək deyil ki, ukraynalılar qalib gəlməyəcək və bu onların qalib gəlmə ehtimalının aşağı olması demək deyil. Bu o deməkdir ki, növbəti bir neçə həftə və ya aylarda müharibə hələ də davam edəcək. NATO özünü Rusiya ilə müharibə vəziyyətinə salmaq istəmir. Rusiyanın da NATO ilə müharibə aparmaq istəmədiyi bəllidir.Eskalasiyanın qarşısını almaq üçün Moskvanın gizli şəkildə tədbirlər gördüyü haqda məlumatlar da dolaşır. Rusiyanın Ukraynanı zəbt etmək və Ukraynanı ələ keçirmək kimi strateji məqsədlərinə nail olma ehtimalı, bunun baş vermə ehtimalı sıfıra yaxındır. Amma onlar hazırda Ukraynanın 20 faizindədirlər. Yəni, ethimal baxımından, Ukraynanın hərbi qələbəsinin, yəni rusları bütöv Ukraynadan, o cümlədən onların iddia etdiyi Krımdan qovma ehtimalı, bunun yaxın gələcəkdə baş vermə ehtimalı, hərbi baxımdan çox da yüksək deyil. Rusiya indi yaxşı vəziyyətdə deyil. Rusiya ordusu çox itki verir.Bəli, bu gün Ukrayna və Rusiya müharibə aparan tərəflər kimi pat vəziyyətindədirlər. İki dövləti qarşıdurmaya, müharibəyə sürükləyən Qərb sanki çıxılmaz vəziyyətdədir, müharibəni nə qələbə ilə başa çatdırmağa, nə də ağ bayraq qaldırmağa həvəsli görünmür. Üçüncü məqsəd budur ki, hər iki ölkə, Avropanın gələcək hegemonları, söz sahibləri didişmədən halsız duruma, zəifləmiş bir vəziyyətə düşsünlər. Hadisələrin gedişi də bunu deyir. Rusiyanın da, Ukraynanın da büdcəsi tükənir, hərbi cəhətdən zəifləməkdədirlər, o cümlədən xarici ölkələrdən maliyyə asılılığı vəziyyətindədirlər. Qərbin istəyi də bu deyilmi?
V.VƏLİYEV

Digər xəbərlər