Analitika

  • 5 115

QAÇQIN VƏ MƏCBURI KÖÇKÜNLƏRIN HAMİSİ TƏHLİL

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hansı məqamda, hansı şəraitdə, ən çətin anlarda vətəndaş amilinə, insan faktoruna qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması apardığı siyasətin mühüm prinsiplərindəndir. Məhz bu baxımdan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son 19 ildə mühüm və ardıcıl addımlar atılmaqdadır. O da əbəs deyil ki, Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda, sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir.

ÖLKƏMİZDƏ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ DÖVLƏT QAYĞISININ TƏZAHÜRÜ
Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi.2004-cü ildə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Sonrakı illərdə proqrama əlavələr edildi və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir həyata keçirildi.Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub.Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır. Çünki əhalinin rifahının yüksəldilməsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biri də məhz verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və bu sahənin müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.
DÜNYADA AZƏRBAYCAN QƏDƏR QAÇQINLARA DİQQƏT YETİRİLMİR
Bəli, bu, reallıqdır. Bu reallığı bir anlığa beynəlxalq təşkilatların hesabatlarına diqqət yetirməklə aydın görmək olar. Rəsmi məlumata əsasən, hazırda dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Elə buna görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçib. İndi beynəlxalq təşkilatlar tərəfindən dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı uğurların müəllifi olan Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edilir. Bu isə Ulu Öndər Heydər Əliyevin siyasi, sosial-iqtisadi strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin sözügedən istiqamətdə tədbirləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsinin, doğma ocaqlarından didərgin salınan soydaşlarımızın bütün problemlərinin Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilməsinin bariz ifadəsidir.Verilən sərəncam və fərmanlar, real nəticələr... Və indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılması deyilənlərin təsdiqidir. Ən əsası isə, 2007-ci ildən etibarən Azərbaycanda çadır düşərgələrinin ləğvi prosesi başladı və bu proses çox uğurla başa çatdı. Qeyd etdiyimiz kimi, qaçqın və məcburi köçkünlər üçün həm paytaxtda, həm paytaxtyanı qəsəbələrdə, həm də rayon və kəndlərdə böyük qəsəbələr salınıb. Kürdəxanıda, Qaradağ rayonunda, Abşeronun Masazır, Mehdiabad, Sabunçunun Ramana qəsəbələrində müasir tipli binalar inşa olunub. İndiyə qədər azad edilən ərazilərimizdə qəsəbələr salınıb. Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb. Yüz əlli evlik Cocuq Mərcanlıda müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb.Məcburi köçkünlərin sosial şəraiti ildən-ilə yaxşılaşır, üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılır. Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar bir daha dövlətimizin onlara diqqətinin əyani ifadəsidir. Prezident İlham Əliyev dəfələrlə "Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir" deyib. Artıq 19 ildir Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial siyasət bu sahədə inqilabi dəyişikliklərə səbəb olub. Xüsusilə, məcburi köçkünlərlə bağlı atdığı növbəti humanist addımında Prezident sosial dövlət prinsiplərinə üstünlük verdiyini və islahatlar prosesinin dönməzliyini göstərmiş oldu.
İNDİYƏDƏK 300 MİNƏ YAXIN QAÇQININ VƏ MƏCBURİ KÖÇKÜNÜN MƏNZİL ŞƏRAİTİ YAXŞILAŞDIRILIB
Göründüyü kimi, indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına rəvac verib. Əlverişli sosial atmosferin yaradılması, bütün ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit gəlirləri üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə də dövlət ən yüksək səviyyədə daim böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 901 ailə və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 19 il ərzində qaçqın və məcbururi köçkünlər üçün ölkənin 30-dan çox şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Bunun da 3,3 milyon kvadrat metr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə inşa edilib.
HEYDƏR ƏLİYEV FONDUNUN HƏYATA KEÇİRDİYİ HUMANİST XARAKTERLİ UĞURLU LAYİHƏLƏR
Məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. "Qobu Park" köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi oldu. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Həmçinin, onu da qeyd etmək lazımdır ki, qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil, Qaradağ rayonu ərazisindəki «Qobu Park» yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, Dövlət Proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış kompleksləridir.
BİZ, HƏMÇİNİN KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİN ÖZ DOĞMA YURDLARINA QAYIDIŞI PROSESİNƏ BAŞLAMIŞIQ
Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında, müsahibələrində dəfələrlə bildirib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün bütün uğurlu addımlar atılır. Dövlət başçımızın 16 noyabr 2022-ci ilda imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" Sərəncamı da deyilənlərin göstəricisidir. Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında dövlətimizin başçısı bildirmişdir: “Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”.Dövlət proqramında nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. Sənədin əsas məqsədləri "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd: Əhalinin dayanıqlı məskunlaşması və Ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib.Bu məqsədlər ilk növbədə ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqini təşviq etmək nəzərdə tutulur.Qoyulan hədəflər nəzərə alınmaqla Dövlət Proqramının icrası üzrə monitorinqlər keçiriləcək. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr dövlət proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edəcək. Sözügedən dövlət proqramı üzrə monitorinq və qiymətləndirmə Prezidentin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi" Qaydasına əsasən həyata keçiriləcək. Bəli, dövlət başçısı İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında müharibədən ötən qısa müddət ərzində böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur artıq doğma sakinlərini qəbul etməyə başlayıb. Çox tezliklə, bütün keçmiş məcburi köçkünlər qayıdış karvanları ilə doğma yurdlarına dönəcəklər. Yenidən o doğma torpaqlarda yaşayacaq, quracaq, abadlaşdıracaq, xoşbəxt həyat sürəcəklər. Necə ki Prezident İlham Əliyev vaxtilə, 24 dekabr 2011-ci ildə, 50 illik yubileyini Qarabağ torpağında - Ağcabədidə Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd etdiyi gün onlara söz vermişdi: "...Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ ki işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm..."Bəli, artıq o gün gəlib. Məhz buna görə də, qaçqın və məcburi köçkünlər əmindirlər ki, onlar Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində doğma yurdlarına qayıdacaqlar. O gün uzaqda deyil.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər