Analitika

  • 12 848

İnsan amilinə söykənən növbəti humanist addım - TƏHLİL

image

Prezident İlham Əliyevin Sərəncamına əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar birdəfəlik yardım ödəniləcək

9 may - alman faşizmi üzərində qələbədən 78 il ötür. Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti danılmazdır. Müharibə başlanandan keçən qısa müddət ərzində, Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib, 1941-1945-ci illərdə respublikanın 700 mindən çox oğlan və qızları cəbhəyə yola salınmışdır. Göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci kimi milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək, qəhrəman övladlarımız Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətlə döyüşmüşlər. Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942–1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.

"ƏGƏR BAKININ NEFTİ OLMASA İDİ, SOVETLƏR İTTİFAQININ QƏLƏBƏSİ MÜMKÜN DEYİLDİ"

1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və Baltikyanı Respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər. Azərbaycanlılardan Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5000 nəfərə qədər, Belarusiya torpaqlarında isə 1000 nəfərə qədər döyüşçü partizan dəstələrində fəal iştirak etmişlər. Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşistə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər.

Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur", - deyə bildirmişdir. Ulu Öndər Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda çıxışında bildirmişdir ki, çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı.

Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə dediyi fikri xatırlatmaq yerinə düşər: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq". Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. Buna baxmayaraq, 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi, və bu qərara əsasən 1942-ci ilin sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi.

"XALQIMIZIN QIZIL FONDU"

Onların qəhrəmanlığı, fədakarlığı heç zaman unudulmur. Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İkinci Dünya müharibəsində od-alov püskürən cəbhələrdə ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına da Azərbaycanda böyük diqqət və qayğı göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, veteranlara ikinci həyatı Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Gününü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərilməyə başlandı. Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını "xalqımızın qızıl fondu" adlandırırdı. Belə ki, xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. 9 May faşizm üzərində qələbədən 78 il ötsə də, həmin illərin ağrısını-acısını yaşayan insanlar hələ də var.

Azərbaycan Prezidenti İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" 26 aprel 2023-cü il tarixli Sərəncamı həmin kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğının daha bir təzahürüdür. Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.Sərəncam, ümumilikdə İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3729 şəxsə şamil olunacaq.Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti təzahürüdür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər