Analitika

  • 5 808

Pambıq əkirik, amma pambıq məhsullarını xaricdən alırıq - ARAŞDIRMA

image

Pambıq geyimlər əksəriyyətimizin qarderebunda az-çox yer tutan geyimlərdir. 100 faiz pambıq tərkibli geyimlər nisbətən baha olsa da, çalışırıq ki, ən azı övladımızın geyimlərini təmiz pambıq tərkibli alaq. Doğrudur, bu sağlamlıq üçün əlverişlidir, amma qiymətdə nisbətən baha başa gəlir. Pambıq parçalar dərimizə nəfəs almağa şərait yaradan, dözümlü və keyfiyyətli materialdır. Pambıq əmtəə olmaqla yanaşı, dünyada, demək olar ki, yarısı qadın olan 32 milyon istehsalçının da dolanışığını təmin edir.

Ümumdünya Pambıq Günündə pambığın rolu

​2019-cu ildə Pambıq Kvarteti (Benin, Burkino Faso, Çad və Mali) kimi tanınan Mərkəzi Afrikaya məxsus dörd pambıq istehsalçısı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Ümumdünya Pambıq Gününü qeyd etməyi təklif edib. Bundan sonra sonra Ümumdünya Pambıq Günü, pambıqla bağlı məlumatların paylaşılmasına və fəaliyyətlərin işıqlandırılmasına, bu əkin növünün yayılmasının təşviqinə səsləyən bir gün qeyd olunmağa başladı. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Pambıq Gününü tanıması ilə bu xüsusi gün, inkişaf etməkdə olan ölkələrin pambığa və pambıq mənşəli məhsullara çıxış ehtiyacı barədə məlumatlılığı artırmaq imkanı verir.

Bu il Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Pambıq Günündə “Təsərrüfatdan modaya: pambığın hamı üçün əlçatan olması” teması ilə kampaniyalar təşkil edib. Bu yolla təşkilat pambıq sektorunun perspektivliyini artırmağı hədəfləyir. Bu həmçinin, pambığın iqtisadi inkişafda, beynəlxalq ticarətdə və yoxsulluğun azaldılmasında oynadığı mühüm rola diqqət çəkməyə xidmət edir. 2023-cü il Ümumdünya Pambıq Günü tədbirləri davamlı və inklüziv iqtisadi artımın və hər kəs üçün münasib, əlçatan iş yerlərinin vacibliyinə diqqət çəkir. Çünki, qaydalara əsaslanan, ayrı-seçkiliyə yol verməyən, ədalətli, inklüziv, proqnozlaşdırıla bilən və şəffaf pambıq ticarəti sistemi, bütün dünyada yüz milyonlarla ehtiyaclı insanı dolanışıq vasitələri ilə təmin etmək üçün ən uyğun açardır.

Pambıq etibarlı və təhlükəsiz əkin hesab edilir

Pambığın əhəmiyyəti, pambıq məhsullarının fonunda böyük ticarət zəncirinin formalaşmasındadır. İnkişaf etmiş iqtisadiyyatlar üçün kommersiya əhəmiyyətli olan pambıq, həm də zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əhalisi üçün təhlükəsiz əkin növüdür. Pambıq, kiçik istehsalçılardan tutmuş günəmuzd işçilərə, xüsusilə də qadınlaradək əksər təsərrüfatçının üstünlük verdiyi əkin növüdür. Pambıq ən yoxsul ölkələr üçün gəlirli məşğulluq mənbəyidir. Ən yoxsul bölgələrdə il ərzində cəmi bir ton pambıq orta hesabla beş nəfərin yaşayış təminatı deməkdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) inkişaf etməkdə olan ölkələrdə məhsuldarlığı artırmaq və pambıq dəyər zəncirində daha çox imkanlar yaratmaq üçün texniki dəstək təklif edir, bu istiqamətdə müxtəlif mexanizmlərin tətbiqinə şərait yaradır. Bununla belə, sektoru xammal istehsalından kənara çıxarmaq və pambığa daha çox dəyər qatmaqla fermerlər üçün yeni gəlir imkanları yaratmaq üçün yeni investisiyalara ehtiyac var.

Azərbaycan pambıq istehsalını artırır

Ötən il ölkəmizdə pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib. Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35 min 259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb. 2022-ci ildə pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Məhsuldarlığın öncəki ilə nisbətən artmasında sahələrdə düzgün aqrotexniki qulluğun aparılması əsas göstərilir. Eyni zamanda tarlalarda zərərvericilərə qarşı vaxtında tədbir görülür, yığım prosesi demək olar ki, müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilir, əl ilə toplama yox deyiləcək qədər azalıb.

Eyni zamanda dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağının artmasına səbbə olub. Aqrar Subsidiya Şurasının qərarına əsasən, tədarük məntəqələrinə təhvil verilən pambığa görə məhsul subsidiyasının məbləği hər ton üçün 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Əvvəl 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, 2022-ci ildə təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilirdi. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ötən il Azərbaycan 175,5 milyon dollar dəyərində 77 min 580 ton pambıq lifi (mahlıc) ixrac edib. Bu, 2021-ci illə müqayisədə həcm baxımından 39 faiz, dəyər baxımından isə 16,8 faiz azdır. Ötən il 33,1 milyon dollar dəyərində 8 min 623 ton pambıq iplik xaricə göndərilib. Bu isə 2021-ci illə müqayisədə həcm baxımından 2 dəfədən çox az deməkdir. Dəyər baxımından isə 43 faiz aşağıdır.

Pambıqçılığa təşviq, fermerə subsidiya

Doğrudur, ölkəmizdə pambıq xammalı istehsalı ilə yanaşı, pambıqçılığın dəyər zəncirinin bütün mərhələləri üzrə istehsal həcmində də artım baş verib. Belə ki, 2003-2022-ci illər ərzində pambıq mahlıcı istehsalı 2,3 dəfə, pambıq ipliyi istehsalı 5,2 dəfə, pambıq parça istehsalı isə 6,8 dəfə artıb. Həmçinin qeyd edək ki, ölkədə pambıq yağı istehsalı 2015-2022-ci illər ərzində 2,4 dəfə artıb və 5,8 min tona çatıb.

Azərbaycanda pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaradılması, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu qəbul edilib.

Ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Həmçinin Aqrar Sığorta Fondu pambıq bitkisinin dövlət dəstəyi ilə sığortalanması təmin edir, həmçinin kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta haqqının 50 faiz hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilib.

Pambıq ölkəsi Azərbaycan pambıq məhsullarını idxal edir

Bütün bunlara rəğmən, biz hələ də ən xırda pambıq məhsullarını belə xaricdən idxal edirik. Qulaq təmizləmə çöplərindən tibbi pambığa, pambıq tərkibli geyimədək bir çox məhsul ölkəmizə idxal gəlir. Hazırda pambıq ipliyindən parça istehsalına keçməklə bağlı çox az müəsisisə tərəfindən bir sıra tədbirlər həyata keçirilir, türk şirkətləri ilə müqavilə imzalayaraq parça və digər pambıq məhsullar istehsalına bşaşlayan kiçik sahibkarlar da var. Bu yeni iş yerlərinin açılması, yerli məhsulların dünya bazarına çıxması, xarici investisiyaların, iri şirkətlərin ölkəyə cəlb olunması kimi amillərə imkan yaradır və iqtisadiyyatın inkişafına zəmindir.

Təəssüf ki, pambıqdan son məhsulun əldə olunması üçün ölkəmizdə müvafiq infrastruktur hələ qurulmayıb. Azərbaycanda 24 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların 23-nün illik istehsal gücü 465 min tondur. Əslində istehsal olunan pambığın hamısını emal etməyə texniki güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkəmizdə potensial zəifdir. Fabriklərdə pambıq mahlıcından “Ring”, “Open End” üsulu ilə müxtəlif cür iplik istehsalı nəzərdə tutulur.

“Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalı məhsuldur. Bu məhsuldan əsasən köynəklər istehsal olunur. “Open End” üsulu ilə alınan iplik isə daha kobud olduğundan əsasən cins və digər üst geyimlərin istehsalında istifadə olunur. Əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı ölkəmizdə məhdud saydadır.

Doğrudur, hazırda Azərbaycanda trikotaj məhsulları müəssisələri var, Şəki tekstil, Şəki-İpək, Gilan Tekstil parkında toxuculuq fabrikləri fəaliyyət göstərir. Hesablamalara görə onların istehsal gücü daxili tələbatı tam qarşılamaq, həmçinin xaricə də məhsul ixrac etmək imkanındadır. Lakin təəssüf ki, Azərbaycanda istehsal olunan pambıq yüksək keyfiyyətli geyim istehsalı üçün uyğun deyil. Bu, pambığın orta lif uzunluğu, qalınlığı, təmizliyi və sair göstəricilər baxımından hesablanır.

Lakin Azərbaycanda əvvəllər olmuş kütləvi toxuculuq sənayesinin - yataq dəstləri, dəsmalların, bez, çit, mahud parçaların və sair pambıq məhsullarının istehsalının yenidən geniş bərpası mümkündür. Çünki hazırda istehsal etdiyimiz pambığın keyfiyyəti buna imkan verir. Bununla belə, hazırda ölkəmizdə az da olsa alt və üst geyimi, yataq ağları istehsalı var.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər