Analitika

  • 2 869

Bütöv Azərbaycana Novruz gəlir - TƏHLİL

image

Prezident İlham Əliyev: "Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır"

"Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə xalqımızı təbrikində bildirib.Novruz bayramı təbiətlə - su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edir. Xalqımız üçün əziz olan bu bayramı - əbədiyaşarlıq rəmzi olan Novruz bayramını qeyd edirik. Elimizə, obamıza Novruz gəlib. Yeni gün, yeni müjdə gəlib. İlıq nəfəsi ilə elimizə yaz gəlib. Yazın gəlişi ilə bütün canlı təbiət yenidən oyanıb. Soyuq qış günlərindən sonra yazın gəlməsi insanlarda böyük əhvali-ruhiyyə yaranıb. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Prezidentin təbrikində qeyd olunub ki, novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir: "Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur".
Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Novruz bayramı haqqında müxtəlif rəvayətlərə, onun yaranması səbəblərinə, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrə yazılı nümnələrdə rast gəlirik. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

MİLLİ DƏYƏRLƏRİMİZƏ, ADƏT VƏ ƏNƏNƏLƏRİMİZƏ DÖVLƏTİMİZ TƏRƏFİNDƏN VERİLƏN QİYMƏT

Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilir. Novruz şənliklərində dövlət başçısının iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsirini göstərir. Bu gün artıq müstəqil dövlətimizdə Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Bu bizimi milli dəyərlərimizə, adət və ənənələrimizə dövlətimiz tərəfindən verilən qiymətdir. Dövlətin milli-mənəvi dəyərlərimizə olan münasibəti onun prioritet istiqamələrdəndir. İslami, milli dəyərlərə yeni prizmadan baxış ictimai düşüncənin formalaşmasında özünü göstərir. Bu amillər zaman-məkan kontekstində həllini tapır. Müasir dünyada baş verənlər qloballaşma və inteqrasiya prosesində ölkəmizin uğurlu gələcəyini təmin etmək üçün tarixi köklərimizə söykənir.
Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prosesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik. Dünyada milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq, əsrimizə və yeni yüzilliyə qədər gəlib çatmışdır.
Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü və adət-ənənələrini özündə yaşadır. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir.

QƏLBLƏRİ NURLA DOLDURAN NOVRUZ BAYRAMI

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Beynəlxalq ictimaiyyətin diqqət və maraq mərkəzində olan, Azərbaycan xalqının adət və ənənələrini, milli-ənənəvi xüsusiyyətlərini özündə əks etdirən, soydaşlarımıza və ölkə vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Xalqımız bu gözəl bayramı gözəl nəticələrlə, yaxşı əhval-ruhiyyə ilə qarşılayır. Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin, xeyirxahlığın və birliyin təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa çağırır. Əsrlərin sınağından çıxan Novruz milli adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayram kimi əhəmiyyətlidir.
Azərbaycan xalqı artıq dördüncü ildir ki, daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə bayramı qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda – Bütöv Azərbaycanda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Cənab Prezidentin təbrikində bildirildiyi kimi, builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır: "Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.
Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi bərəkət və firavanlıq gətirməsini diləyirəm".
Novruz bayramınız MÜBARƏK! Bu bayram hər bir ailəyə bol ruzi və sevinc bəxş etsin!

Zümrüd BAURAMOVA

Digər xəbərlər