Analitika

  • 2 931

Azərbaycan – Gürcüstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib - ŞƏRH

image

Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır. Azərbaycan – Gürcüstan münasibətləri əsrlər boyu yaxın qonşuluq, dostluq münasibətləri olmuş, indi isə artıq strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Ölkəmiz Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. İki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və indi də fəal olmaqda davam edir.

16 mart tarixində Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri bir daha göstərir ki, Azərbaycan, Türkiyə və Gürcüstan artıq bütün region üçün iqtisadi və siyasi baxımdan uğurlu bir format yaradıblar. Otuz ildən artıqdır ki, ölkəmizə qarşı ərazi iddiaları yolunu seçmiş Ermənistan yenə də Bakı, Ankara və Tbilisinin müttəfiqliyi sayəsində reallaşan bütün müsbət layihələrdən kənardadır və hazırkı mövqeyi davam etdirməklə rəsmi İrəvan dalan ölkəsi kimi qalacaqdır. Belə ki, Gürcüstanın baş nazirinin paytaxtımıza gəlişindən bir gün əvvəl Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq formatının xarici işlər nazirlərinin IX iclası keçirildi. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri arasında münasibətlərin daha da inkişaf etdirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalandı. Bakı Bəyannaməsində Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən bəhs edilir. Bu çox vacib bir məqamdır. İki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərir. Həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Başqa sözlə, Cənub Qaz Dəhlizi və TAP layihələrinin həyata keçirilməsi ilə Gürcüstan və Avropanın enerji təhlükəsizliyində yeni mərhələnin əsası qoyulmaqla bərabər, tərəflər arasında əməkdaşlıq münasibətinin möhkəmlənməsinə əsaslı təsir göstərir.

İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyirlər. İkitərəfli və üçtərəfli Azərbaycan–Gürcüstan–Türkiyə diplomatik formatında yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyır və bu münasibətləri hər iki xalqın milli maraqlarını şərtləndirir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri hər iki ölkəni sıx bağlayan fundamental amillərdəndir. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq.

Bundan başqa iki ölkə arasında yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Azərbaycan siyasi münasibətlər, strateji əlaqələrlə yanaşı Gürcüstanın 44 günlük Vətən müharibəsindəki dəstəyini də unutmur. Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu.Azərbaycan regionda yeni reallıqlar yaratmışdır. Cənubi Qafqazın bu iki dövləti davamlı olaraq bütün sahələrdə əlaqələrini genişləndirir. Və əlbəttə ki, hər iki ölkə bu münasibətlərdən ancaq fayda əldə edir. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər