Araşdırma

  • 5 648

İqtisadi sərvət: susuz dünya kimə lazımdır?

image

Dünyadakı şirin su qaynaqlarının yalnız 10 faizi əlçatandır. Qalan şirin su ehtiyatları yeraltı sularda və buzlaqlarda mühavizə olunur. Dünyada 663 milyon insanın adekvat su ehtiyatlarına çıxışı yoxdur, hər gün 5 yaşınadək 800 uşaq qeyri-adekvat su, kanalizasiya və pis gigiyena şəraitinin yaratdığı ishaldan ölür. Dünyada qadınlar və qızlar evlərinə su daşımaq üçün ümumilikdə 200 milyon saat sərf edirlər.

Su yaşamaq üçün ən əsas ehtiyaclarımızdan biridir. Dünyanın bir çox yerlərində insanlar içməyə və yemək bişirməyə su tapa bilmirlər. Afrika ölkələrinin uzun illərdir mübarizə apardığı su qıtlığı indi Yaxın Şərq ölkələrində də müşahidə olunur. Digər tərəfdən, yaxın gələcəkdə su qıtlığının gözlənildiyi ölkələr də var. Ona görə də bütün dünyada su problemləri və həlli yolları araşdırılır.

Suyun bütün canlıların ehtiyaclarını ödəməyə yetməyəcək dərəcədə azalmasına su qıtlığı deyilir. Su problemi ilk növbədə ekoloji problemlər yaratsa da, sosial və iqtisadi aspektlərdə də danılmaz əhəmiyyət kəsb edir. Su qıtlığının bir çox səbəbi var. Həyatın təməli olan su ehtiyatları, əhali artımı, sənayeləşmə, iqlim dəyişikliyi və çirklənmə kimi səbəblərə görə təhlükə altındadır. Həmçinin, su ehtiyatlarından qeyri-düzgün istifadə, israfçılıq da su qıtlığı riskini artırır. Azərbaycanın da yaxın gələcəkdə su böhranı ilə üzləşmə təhlükəsi var.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, bu gün dünyada hər üç nəfərdən birinin təhlükəsiz içməli suya çıxışı yoxdur. 2050-ci ilə qədər dünyada 5,7 milyard insanın ildə ən azı 1 ay suyun məhdudlaşdırıldığı yerlərdə yaşaya biləcəyi təxmin edilir. Həmçinin, 2040-cı ilə qədər suya tələbatın 50 faiz arta biləcəyi, bunun da bu mühüm həyat mənbəyinə təzyiqi artıracağı düşünülür.

İqlim dəyişikliyi ilə əlaqədar artan temperatur həm də quraqlıq gətirir. Qlobal su sistemi həmçinin quraqlıq təhlükəsi ilə üz-üzədir. İstixana qazları emissiyaları bütün dünyada temperaturun artmasına səbəb olur. Bu vəziyyət onsuz da qurumuş yerlərin daha da qurumasına səbəb olsa da, hazırda quraqlıq yaşamayan yerlərin də tədricən qurumasına səbəb olur. Hazırda 80 ölkə su çatışmazlığından əziyyət çəkir.

Dünyanın istiləşməsinin bir çox fəsadları var. Bu nəticələr arasında hava axınlarının dəyişməsi su qıtlığına zəmin yaradır. Ekvatorda yağıntıya imkan verən buludlar yavaş-yavaş qütblərə doğru sürüşür. Buludların yerdəyişməsi Kosta Rika və Qvatemala kimi Mərkəzi Amerika ölkələrini və Somali, Cibuti və Komor kimi Mərkəzi Afrika ölkələrini susuz qoyur.

Dünya əhalisinin sürətli artımı illər əvvəl salınmış şəhər və ya qəsəbələrin infrastrukturunun yetərli olmamasına səbəb olur. Su təmizləyici qurğulara adekvat sərmayə qoyulmaması, kanalizasiya xətlərinin layihələndirilməsində yol verilən səhvlər, dar borular və bir çox digər problemlər hər il dünyada milyonlarla ton içməli su israfına səbəb olur. Təkcə İngiltərədə borulardan su itkisi hər il 3 milyard litrə çatır. Yəni infrastrukturun olmaması səbəbindən böyük miqdarda su israfı var. Bunun qarşısını almaq üçün infrastruktur işlərinə diqqət yetirilməli və kifayət qədər sağlam sistem yaradılmalıdır.

Dünyada təmiz su ehtiyatlarının təxminən 70%-i kənd təsərrüfatında istifadə olunur. Beləcə, kənd təsərrüfatı, su ehtiyatlarının israfı sahəsinə liderlik edir. edilir. Təxmini hesablamalara görə,1 kq buğdanın yetişməsi üçün 1250 litr su sərf edilir. Kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq və bir çox başqa sahələrdə su ehtiyatlarından elə istifadə edilir ki, sanki içməli su qaynaqları tükənməyəcək. Əhali sayının artamsı ilə artan istehlak miqdarı su qıtlığının əsas səbəblərindən biri kimi göstərilir.

Bütün dünyada şirin su ehtiyatları nəinki azalır, həm də çirklənir. Bu tendensiyanın qarşısı alınmasa çox da uzaq olmayan gələcəkdə ciddi formada su qıtlığı yaşanacaq. Su qıtlığından əziyyət çəkən və yaxın gələcəkdə su qıtlığı yaşayacaq ölkələr üçün təcili tədbirlərin görülməsi həyati əhəmiyyət kəsb edir.

Həm yerli, həm də qlobal səviyyədə su ehtiyatlarından səmərəli istifadə çox vacibdir. Dövlətlərin görə biləcəyi tədbirlərlə yanaşı, fərdi tədbirlər görülməlidir. İnsanlar içməli suyun hər damlasının qiymətli olduöunu anlamalı, məişətdə istifadə edərkən israfa yol verməməlidir. Avtomobillər yuyularkən, duş alarkən, paltar və qab yuyarkən, yaxın gələcəkdə nəinki bunları etmək, hətta içməyə belə su tapa bilməyəcəyimizi nəzərə almalıyıq.

Sudan istifadəni azaltmaqla yanaşı, şirin su ehtiyatlarını çirkləndirən birdəfəlik istifadə edilən plastik tullantıları da azaltmaq lazımdır. Məsələn, birdəfəlik plastik butulkalarda satılan suyu seçmək su qıtlığına “töhfə” vermək deməkdir. Plastiklərin həm istehsalı, həm də istehlakdan sonra təbiətə atılması təbiətə zərər verir. Təbiəti, dolayısı ilə özünüzü qorumaq üçün ekoloji cəhətdən təmiz su şüşələri seçə bilərsiniz.

Alternativ su mənbələrinə müraciət etməklə davamlı içməli su ehtiyatları yaradıla bilər. İnsanlar, kənd təsərrüfatında içməyə yararlı olmayan sulardan istifadəni, sənayedə içməli su istifadəsini dayandırmaqla təbiətə, dolayısı ilə insanlara faydalı olmuş olar. Həmçinin, çirkab suları düzgün və texnoloji təmizləyici sistemlərlə istifadəyə yararlı hala salına bilər. Suyun təmizlənməsi və istifadəsi bir çox müxtəlif sektorlar üçün faydalı ola bilər.

Dünyanın 70 faizi su ilə örtülüdür, lakin içməli su ehtiyatları bütün suyun yalnız 1 faizini təşkil edir. Bununla belə, mövcud içməli su mənbəyinin əlçatanlığı ciddi problemdir. Su ehtiyatlarının kəmiyyət və keyfiyyətcə qeyri-kafi və əlçatmaz olması təbiətə, cəmiyyətə və fəaliyyət göstərən iqtisadiyyatlara birbaşa təsir göstərir. Qlobal suya tələbat artır. Sosial, iqtisadi və ekoloji sahələrdə su problemi bəşəriyyət üçün əsas təhlükələrdən biri hesab olunur. Həyati əhəmiyyətinə görə “Su iqtisadi sərvət olmamalıdır” fikri səsləndirilsə də, əslində içməli su indi ən çox ticari söz-söhbət yaradan təbii sərvətdir. Dünya ölkələri içməli suya çıxış, əlçatanlıq məsələsində bir-birindən gizlin tədbirlər görməkdir. Artıq qızıl yataqları, neft quyuları qədər içməli su ehtiyatları da milli sərvət hesab edilir.

Biz 2 milyard insanın çirkli su içdiyi, 700 milyon insanın su qıtlığından əziyyət çəkdiyi və 2050-ci ilə qədər dünya əhalisinin demək olar ki, yarısının su qıtlığı yaşayacağı bir dünyanın sakinləriyik. 2040-cı ilə qədər təxminən 600 milyon uşaq (hər 4 uşaqdan 1-i) su ehtiyatlarının son dərəcə məhdud olduğu bölgələrdə yaşayacaq. Dünyanın gələcəyi və öz gələcəyimiz üçün daha çox insana su qıtlığı ilə bağlı məlumat ötürməli, su israfçılığının qarşısını almaq istiqamətində işlər görməliyik. Biz təcili olaraq su istehlakında olan israfçılığımızı, xüsusən də kənd təsərrüfatında içməli sudan istifadəni dayandırmalıyıq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər