Analitika

  • 1 507

Sivil dünyamızda terrorizm - TƏHLİL

image

Müasir dövrün ən təhlükəli təzahürlərdən biri olan terrorizmin acı nəticələrini hələ də dünyamız yaşamaqdadır. İnsan təlafatları ilə nəticələnən və güclü psixoloji gərginliklər yaşadan terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. İnsanların həlak olması, onların sağlamlığına zərərin və əmlaka əhəmiyyətli ziyanın vurulması əlbəttə ki, terror olaraq hər zaman cəmiyyət tərəfindən nifrətlə qarşılanıb. İctimai təhlükələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər insanlarin ömürlərini yarımcıq qoymuşdur. Terrorun ən çox rast gəlinən formaları terrorla hədələmə, sui-qəsd, girov götürmə, eləcə də partlayıcı qurğulardan, kimyəvi, bioloji, nüvə və radioloji silahlardan istifadədir.
Bu günlərdə Moskvada "Crocus City Hall"da baş verən dəhşətli hücum bir daha göstərir ki, sivil dünyamızda terror aktları hələ də baş verir və günahsız insanlar bu acı olayın dəhşətlərini yaşayırlar. Bu hadisə yüzlərlə insana psixoloji gərginlik yaşatdı. Konsertə yığışmış insanlar göz yaşı ilə "Crocus City Hall" qorxu və həyacanla, qaça-qaça tərk etdilər. Yüzlərlə insan həlak oldu, yaralandı.
Terrorçuluqdan əziyyət çəkən ölkə kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Zaman-zaman Azərbaycan qarşı terror aktları törədilmiş və bunun acı nəticələrini yaşamışıq. Sülh və təhlükəsizliyin qarantına çevrilən Azərbaycan bəşər svilizasiyasına öz töhfəsini verdiyi bir zamanda terror aktları ilə qarşılaşır.

TERRORÇUNUN VƏTƏNİ OLMUR

Yaxın tariximizdə baş verən ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edilməsi əlbəttə ki, vəhşiliyin nümunəsi idi. Əlbəttə ki, səfirliklər hər bir dövlətin daxilində digər bir ölkəni təmsil edir və təhlükəsizliyindən yerləşdiyi ölkənin hüquq mühafizə qüvvələri cavabdehlik daşıyırlar.
Bəzi mütəxəssislər terroru yeni bir siyasi sistemin qurulmasına dəstək olmaq üçün inqilabi hərəkatlara fokuslanan təhlükəli bir fəaliyyət növü kimi təqdim edirlər. Mənbələrdə göstərilir ki, İsrail tədqiqatçısı Natenyahu da qəsdən və sistematik şəkildə günahsız insanları öldürmək, xəsarət yetirmək və hədələməklə terrorun dünyadakı ən qorxunc insan fəaliyyəti olduğunu vurğulayır.

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücum hücum beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulması deməkdir. Belə ki, 1961-ci il aprelin 18-də qəbul olunmuş diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında müəyyən edilmiş müddəalara əsasən, Azərbaycan Respublikasının səfirliyinin binasının və akkreditə olmuş əməkdaşlarının təhlükəsizliyini təmin etmək məhz İran dövlətinin də üzərinə düşən öhdəlikdir. Dövlət başçımız bu hücumu beynəlxalq hüquq normalarına sığmayan qatı cinayət olaraq qiymətləndirib. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu bu gün sivil bir dünyada yaşadımız zamanda heç bir məntiqə sığmır.

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmışdır. Eyni zamanda, 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən bu silahlı hücum terror aktı kimi pislənmişdir. Müasir dövrün ən təhlükəli təzahürlərdən biri olan terrorizmin acı nəticələrini hələ də yaşamaqdayıq.

GÜLLƏYƏ TUŞ GƏLƏN 12 NƏFƏR TERRORUN QURBANI OLDU

Dünya inkişaf etsə də bu gün ağıla sığmayan terrorların, faciələrin baş verdiyinin şahidi oluruq. Nə qədər müasirləşsək belə insan qanının tökülməsinə susayan, bunu törətməkdən usanmayanlarla hələ də bir zamanda yaşayırıq. İnsanlıq əleyhinə çevrilmiş terrorların günahsız qurbanları olanların faciəli ölümlər hər kəsdə bir nifrət, qəzəb hissini oyadır. Qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması insanlığa qarşı əməldir. Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 30 aprel, 2009-cu il tarixində baş vermiş faciənin törədildiyi zamandan 15 ilə yaxın zaman ötsə də bu acını yaşayırıq. Həmin günü o zamanı yaşayan insanlar olduğu kimi yaxşı xatırlayır. Səhər saatlarında 9:30 radələrində keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsində qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan cinayətkarın birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər arasında təhsil ocağının professorları, müəllimləri, laborantları və tələbələri olublar. Yaralıların 3-ü xarici vətəndaşı idi: ikisi Sudan, biri isə Suriya. Cinayəti törətmiş 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlunun üstündən ona məxsus şəxsiyyət vəsiqəsi, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülmüşdü. Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.

XƏLİFƏLİÇAY ÜZƏRİNDƏKİ KÖRPÜ PARTLADILDI

Terror aktlarının sayı-şesabı yoxdur. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması terrorun acı nəticəsidir. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. 44 nəfərin həlak olunması erməni faşist ideologiyasını bir daha üzə çıxarır. Xatırladaq ki, hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.
Göründüyü kimi, real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir. 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmasında cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib.

QARABAĞ MÜNAQİŞƏSİNİN İLK QURBANLARI

1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıblar. Bu, Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb olub. Bundan sonra sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərib. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş edib və onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Qarabağ münaqişəsinin ilk qurbanları olublar. Bu bir daha ermənilərin terrorçu olduğunu sübut edən dəlillərdir. Belə ki. 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar.

SOVET DÖNƏMİNDƏ BAKIDA 106 SAYLI SƏRNİŞİN AVTOBUSDA YAŞANILAN TERROR

İllər uzunu ölkəmizin demək olar ki, hər bir yerində ermənilər tərəfindən törədilən bu və ya digər faciələri, qətliamlar yaşamışıq. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçimişdilər. Hələ sovet dövründə yaşadığımız illərdə 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi, Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır. 24 mart 1990-cı ildə "Noraşen-Bakı" yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür. Bu siyahını artırmaq üçün əsas dəlillər çoxdur. Hər bir terror aktında insan ölümü diqqəti çəkir. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb.

BMT-NİN UŞAQ HÜQUQLARI HAQQINDA KONVENSİYASININ MÜDDƏALARI KOBUD ŞƏKİLDƏ POZULUB

44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də. qoca da bu terrorların acı nəticəsini yaşamış oldu.
30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermiş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Lənnətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Bunu silmək, yox etmək qeyri-mümkündür. Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Dünya, insanlıq bu faciəni necə qəbul edə bilər? Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. O erməni ki, 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.

Müasir dünya inkişaf etsə də, yenə də terror hadisələrinə rast gəlirik. Bu gün baş verən hadisələrə, cəmiyyətə yanaşma da fərqlidir. Bəşər sivilizasiyasının yüksək nöqtəsində ağıl və idrakın sivil bir nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi əlbəttə ki, heç bir məntiqə sığa bilməz.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər