Analitika

  • 1 464

Xankəndidə Novruz tonqalı – haqqın təntənəsi! ŞƏRH

image

Uzun illərin həsrətindən sonra bu il ilk dəfə olaraq, ölkəmizin bütün şəhər və kəndlərində, rayon və bölgələrində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun da artıq hər bir guşəsində Novruzu bu torpaqların həqiqi sahibləri qarşılayır. 2023-cü ilin oktyabr ayının 15-də Xankəndidə müqəddəs bayrağımızı ucaldan, noyabrın 8-də tarixi Qələbəmizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qəbul edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu ilin 18 mart tarixində bu qədim Azərbaycan şəhərində Novruz tonqalını alovlandırdı və xalqı bayram münasibətilə təbrik etdi.

Təəssüflər olsun ki, Xankəndidə, Pənahəli xanın saldığı bu Azərbaycan şəhərində erməni millətçiləri təkcə işğal dövründə deyil, ondan əvvəlki dönəmdə də ağalıq edirdilər. Səbəb də bu idi ki, 1920-ci illərin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və məhz bu ədalətsiz, absurd qərardan sonra xalqımızın problemləri başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında isə Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək müvəqqəti də olsa, o vaxt öz çirkin niyyətlərini həyata keçirə bilmişdir. Cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, bu məsələdə onlara o zaman da, indi də dəstək verən bütün xarici qüvvələr bu qanlı cinayətlərə görə məsuliyyəti erməni separatistləri ilə bölüşürlər.

Azərbaycan 2020-ci ildə apardığı və cəmi 44 günə tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq öz torpaqlarını işğaldan azad etməklə münaqişənin hərbi yolla həllinin mümkün olduğunu sübut etdi. Otuz ilə yaxın davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan öz ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsinə nail ola bilmədi. Bunun əvəzində isə, cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan öz Prezidentinin iradəsi, xalqın birliyi və ordusunun rəşadəti ilə sübut etdi ki, istənilən münaqişənin hərbi yolla həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayırsa və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol da məhz elə hərbi yoldur. Lakin Ermənistan II Qarabağ Müharibəsinin nəticələrindən dərs almadı. Buna görə də Azərbaycan altı ay bundan əvvəl yenidən öz gücünü göstərmək məcburiyyətində qaldı və uğurla keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır və Ermənistanın arxasında hansı qüvvələrin durmasından asılı olmayaraq, xalqımızı və dövlətimizi öz məqsədindən heç nə yayındıra bilməz.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər