Analitika

  • 856

Zəfər tonqalı - ŞƏRH

image

Yurdumuza yenidən xoş müjdəli bahar gəldi. 30 il həsrətlə dilədiyimiz arzular artıq 4 ildir ki, çin olub. Dörd idir ki, 30 il işğal altında qalan əzəli-əbədi yurd yerlərimizdə uca dağlar, sıldırım qayalar öz ana dilimizdə əks-səda verir. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları qalanır, şənliklər keçirilir.Qarabağ həqiqətlərini, Ermənistanın işğalı nəticəsində üzləşdiyimiz bəlaları dünya ictimaiyyətinə hər zaman yorulmadan və usanmadan çatdıran ümummilli lider Heydər Əliyev xalqa Novruz müraciətlərinin birində demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ata vəsiyyətinə əməl edən, layiqli varis Prezident İlham Əliyev Baharın gəlişinin işğaldan azad edilmiş torpaqlarımızda qeyd olunmasını ənənə halına çeviribdir. Belə ki, dövlətimizin başçısı Novruz tonqalını 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Tərtərin Talış kəndində yandırmışdı. Bu il isə düşmən tapdağından azad olunmuş yurd yerimiz Xankəndi şəhərində bayram tonqalını alovlandırdı.

Cari ilin 18 mart tarixində Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Dövlət başçımız dördüncü dəfə Novruz bayramının Qarabağın azad edilmiş torpaqlarında qeyd edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın müstəqil və suveren dövlət kimi öz torpaqlarında öz bayramlarını qeyd etmək hüququnu təsdiqlədi. Bu, həmçinin, ölkənin ərazi bütövlüyünün tamamilə təmin edildiyini və antiterror əməliyyatı nəticəsində suverenliyin tam bərpa olunduğunu göstərir.Azərbaycan İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır.

Prezident İlham Əliyev vurğuladı ki, bu işlər keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təmin edir və bu prosesin davam etdirilməsi planlaşdırılır. Bu, həmçinin, Ermənistanın İkinci Qarabağ müharibəsindən düzgün nəticə çıxarmamasının və qanunsuz silahlı birləşmələrini Azərbaycan torpaqlarında saxlamaq cəhdlərinin qarşısını almaq üçün zəruri addımların atıldığını göstərir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa etmişdir. Dövlət başçımız Azərbaycanın bütün qərar və addımlarının beynəlxalq hüquqa əsaslandığını və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin öz gücü ilə bərpa edildiyini qeyd etmişdir.

Prezident ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yüksək səviyyədə təmin edilməsinin önəmini vurğulayaraq, Azərbaycan xalqının bu qələbələrlə əbədi qürur duyacağını bildirdi.Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin, torpaqların azad edilməsinin və bərpa-quruculuq işlərinin başlanmasının önəmini bir daha vurğuladı.Prezident nitqinin sonunda deyib: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!”.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər