Analitika

  • 1 209

Dövlətimizin başçısı Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı - ŞƏRH

image

Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Sovet dönəmində qeyd olunmasına ciddi qadağalar qoyulmuş Novruzun uzun illərdən sonra 1969-cu ildən respublikamızda yenidən təntənə ilə qeyd olunmasına başlanması, həmin il ilk dəfə respublikanın rəhbərliyinə gəlmiş Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi.

Ulu Öndər torpaqlarımızın işğaldan azad ediləcəyinə və xalqımızın bütün bayramlarını, o cümlədən Novruz bayramını həmin torpaqlarda da qeyd edəcəyinə hər zaman bütün qəlbi ilə, bütün varlığı ilə inanırdı. Ümummilli Lider 1998-ci ildə etdiyi çıxışlarından birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarını torpaqlarımızdan qovdu, torpaqlarımızın 30 illik işğalına son qoydu. Daha sonra isə, ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi.

Hər dəfə fərqli məkandan Azərbaycan xalqının bayramını təbrik edən dövlətimizin başçısı bu il də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı, çıxış edərək ötən illərdə verdiyi vədlərinin yerinə yetdiyini xatırlatdı, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edildiyini bildirdi.

Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, son dörd ildə - 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, ötən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalları alovlandırılır. Altı ay əvvəl bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tamamilə bərpa etdik və bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Bütün bunlar Ermənistanın, dünya erməni birliyinin, Fransanın və digər dövlətlərin ədalətin zəfər çalmasına mane olmaq cəhdlərinə baxmayaraq baş verdi. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ölkəmiz haqqında hər cür qanunsuz, heç bir beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmayan bəyanatlar səsləndirərək, guya əsas məsələni – Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmək hüququna malik olduğunu başa düşmürlər. Onların torpağımızda separatizmi dəstəkləmək üçün göstərdikləri bütün cəhdlər son nəticədə nəticəsiz qaldı.

Xankəndidə və digər ərazilərimizdə də 2023-cü ildəki antiterror əməliyyatları ilə separatizmin kökünün birdəfəlik kəsildiyini diqqətə çatdıran Prezident İlham Əliyev bunun bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayişi olduğunu vurğuladı. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın hərbi uğurlarını şərtləndirən amillər barədə də fikirlərini bölüşdü. Azərbaycan Prezidenti Vətən müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayan Ermənistanın Qarabağın nəzarətimizdə olmayan hissəsində qanunsuz fəaliyyət həyata keçirdiyi barədə də danışdı və antiterror əməliyyatlarının zərurət halını aldığını dedi.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana və onun havadarlarına 44 günlük müharibənin nəticələrindən düzgün nəticə çıxarmadıqları barədə xəbərdarlıq etdi. “Əgər bu dərs olsaydı, o zaman antiterror əməliyyatı keçirməyə ehtiyac qalmazdı”, - deyə dövlətimizin başçısı vurğuladı. Bu, digər məsələlərlə yanaşı, Ermənistan və onun himayədarları üçün növbəti yeni xəbərdarlıq idi. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının vacibliyindən, Cənubi Qafqazda sabitlik və rifah mühitinin yaradılmasının vacibliyindən dönə-dönə çağırışlar edir. Amma indiyədək Ermənistan tərəfdən bu istiqamətdə konkret addımlar görmürük. Əksinə, Azərbaycana qarşı uydurma ittihamlar, dövlətimizə qarşı bəzi manipulyasiyalar, təxribatlar eşidirik. Lakin buna ölkə başçısının aydın cavabı var “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”.

Ümumiyyətlə, götürsək İkinci Qarabağ müharibəsi və sonrakı əməliyyatlar Azərbaycan Ordusunun savaşma qətiyyətini, iradəsini, gücünü və müasir texnologiyalarını dünyaya nümayiş etdirdi. Otuz ilə yaxın işğalın Azərbaycan xalqı üzərindəki təsirinin böyük olmasına baxmayaraq, gənclərimiz milli vətənpərvərlik ruhunda yetişdirildi, bu da torplarımızın işğaldan azad edilməsində böyük rol oynadı. Artıq torpaqlarımızın bərpası, illərlə Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Xankəndində qeyd etmək arzusu ilə yaşayanların ora qayıtması prosesi davam edir. Bütün bunlar yalnız şəhidlərimizin qəhrəmanlığı və Azərbaycan Prezidenti İlham Əliyevin parlaq qələbə strategiyası sayəsində mümkün olmuşdur.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər