Analitika

  • 1 669

Yaşıllığı olmayan şəhərlər məhvə məhkumdur - ANALİZ

image

Əhalisi çox olan şəhərlərdə yaşıl ərazisi çox olan parkların sayı da çox olmalıdır. Çünki yaşıl ərazilər və ağaclar şəhərlərin ağciyərləridir. Ağaclar və yaşıl sahələr karbonu udur və özündə saxlayır, şəhər ərazilərində və ətraflarında iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edir, istiləşmənin qarşısını alır. Həmçinin şəhər ərazisində strateji yaşıllıq sahələrinin salınması isti havalarda havanı 8 dərəcəyə qədər soyudur, kondisionerə ehtiyacı 30 faiz azaldır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, şəhərlərdə adambaşına düşən yaşıllıq sahəsi ən azı 9 kvadratmetr olmalıdır, lakin bu rəqəm 10-15 kvadratmetr olarsa daha idealdır. İnkişaf etmiş ölkələrdə adambaşına orta hesabla 20 kvadratmetr yaşıl sahə düşür. Yerli idarəetmə orqanları planlaşdırma işlərində adambaşına ən azı 15 kvadratmetr yaşıl sahə hədəfləri qoymalıdırlar. Şəhər sakinləri ağacların daha çox olmasını planlaşdırsalar, insanlarımıza böyük faydası olar. Meşələşdirmə işlərində ağaclar regional iqlim şəraitinə uyğun və davamlı yerli növlər olmalıdır.

Yerli idarəetmə orqanları öz şəhərlərində yeni meşə salma sahələri yaratmalı, bir ailənin doğulan hər övladı və ya hərəyə bir fidan əkmə təşəbbüsləri təşkil edə bilər. Həmçinin hər məhəllədə parklar, şəhər içində meşələr, yol və prospektlərdə yaşıllıq zolaqları planlaşdırmalı və həyata keçirməlidir. Prospektlərdəki ayırıcı zolaqlar yaşıl zolaqla əvəz edilməlidir.

Dəmiryol vağzallarının, avtovağzalların ətrafı prospektlər, meydanlar və xiyabanlar sürətlə ağaclaşdırılmalıdır. Magistral yol marşrutu üzərindəki yaşıllıqlar, meşələr insanların səyahət zamanı stressini aradan qaldırdığı üçün bu ərazilərdə də yaşıllıq artırılmalıdır. Ağaclar şəhərin oksigenini, torpağını yaxşılaşdırmağa kömək edir.

Yaşıl sahələr şəhərlərin ən mühüm investisiyalarından biridir. Şəhərləri yaşamağa yararlı edən yaşıl ərazilərdir. Şəhərlər meşələrə yaxın salınanda insanlar daha sağlam və xoşbəxt olurlar. Yaşıllıqlar olmadan urbanizasiya olmamalıdır, ağacsız şəhərlər insanları xəstələndirir və onların erkən ölümünə səbəb olur.

Şəhərlərdəki ağaclar həm də hava filtri rolunu oynayır, çirkli havanı təmizləyir və nəfəs yolu ilə ağciyərlərə keçən virusların qarşısını alır. Həmçinin ağaclar, avtomobillərdən, fabrik-zavodlardan və digər sənaye sahələrindən atılan zərərli maddələri süzür. Şəhərlərdə ağacların bol olması səs-küyün qarşısını alır.

Meşələr hava ilə yanaşı içməli suyu da qoruyur. Şəhər ərazilərində və ətrafındakı meşələr suyun filtrlənməsinə və tənzimlənməsinə kömək edir, yüz milyonlarla insanın yüksək keyfiyyətli şirin su təchizatına töhfə verir. Meşələr daşqınların qarşısını alırlar. Şəhərlərdəki yaşıl sahələr yağış sularının torpağa hopmasına və yeraltı su ehtiyatlarında depolanmasına şərait yaradır.

Nəzarətlə salınan meşələrdə və sistemli yaşıllaşdırılan şəhərlərdə ağaclar biomüxtəlifliyin qorunmasına və artırılmasına kömək edir, bir çox bitki və heyvanlar üçün yaşayış mühiti, qida və qoruma təmin edir.

Şəhərlərdə və ətraf ərazilərdəki meşələr turizmin inkişafına da töhfə verir, on minlərlə iş yeri yaradır və şəhərin abadlaşdırılması sxemlərini stimullaşdırır, dinamik, enerjili, firavan yaşıl iqtisadiyyat yaradır.

Meşələr də daxil olmaqla şəhər yaşıllıqları aktiv və sağlam həyat tərzini təbliğ edir, psixi sağlamlığı yaxşılaşdırır, xəstəliklərin qarşısını alır və insanların sosiallaşmasına şərait yaradır. Araşdırmalar göstərir ki, daha çox yaşıllıq olan ərazilərdə yaşayan insanların psixoloji-mənəvi sağlamlığı daha yaxşıdır. Şəhərlərdə ağacların bolluğunun, aydın səmanın olması və quşların nəğməsinin eşidilməsi bütün stressi dəf etdiyi, gərginliyi aradan qaldırdığı barədə müxtəlif araşdırmalar da var. Tədqiqatlar göstərir ki, şəhərin yaşıl sahələrinə yaxın yaşamaq yüksək qan təzyiqi və stressi azaltmaqla fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilər.

Araşdırmalara görə, meşə sahəsinə yaxın olan, ağacların bol olduğu şəhərlərdə depressiya və stress 42 faiz daha az olur, yerli sakinlərin ümumi psixi sağlamlığı 63 faiz yaxşılaşır. Zorakılıq hadisələri 29 faiz azalır, səhiyyə xərcləri azalır, insanlar təmiz oksigenlə zəngin hava ilə nəfəs aldığı üçün, xüsusilə uşaqlarda piylənmə nisbəti azalır. Ağaclar PM10, PM2.5 adlandırılan və insan sağlamlığı, xüsusən də uşaqlar və yaşlılar üçün çox təhlükəli olan atmosfer çirkləndiricilərini süzür. Normal böyüklükdə bir ağac havadan 4,5 kq çirkləndirici maddə süzür və ildə 118 lt təzə oksigen istehsal edir.

Böyük şəhərlərdə çox yaşanan səs-küylü vəziyyət ağacların sayəsində normallaşdırıla bilər, çünki ağaclar həm də səs-küyün udulmasını həyata keçirir. Ağaclar immunitet sistemini gücləndirir. Ağaclar çox olanda şəhərin havası qışda mülayim, yayda isə 2-4 dərəcə sərin olur. Biomüxtəliflik qorunur, quşlar, arılar, dələlər, kəpənəklər, böcəklər sığınacaq, yemək və yuva üçün ağaclara güvənir. Dünyadakı meşələr müxtəlif heyvan həyatını təmin edir. İstiliyi və enerji istehlakını azaldır. Bir ağac bir ildə 150 kq karbon qazını (CO2) udur, ildə 2,64 milyon litr təzə oksigen istehsal edir, həmçinin yağış təminatına dəstək olur.

Beləliklə, şəhər daxilindəki ağaclar şəhər infrastrukturunun mühüm tərkib hissələridir. Çünki onlar havadan zərərli çirkləndiriciləri süzərək effektiv hava filtrasiyası funksiyasını yerinə yetirirlər. Yetkin ağaclar su axınını tənzimləyir və daşqınların qarşısının alınmasında və təbii fəlakət riskinin azaldılmasında mühüm rol oynayır. 50 yaşlı hər bir ağac torpaq eroziyasının qarşısını alır.Məsələn, yetkin həmişəyaşıl bir ağac ildə 15 min litrdən çox suyu tuta, axıntının qarşısını ala bilər. Buna görə də içməli su şəbəkəsinə, kanalizasiya sisteminə yaxın yerlərdə çinar əkilmir.

Əkinçilik və maldarlıq formalaşmamışdan əvvəl dünyanın quru ərazisində meşələrin payı 56 faiz təşkil edirdi. Hazırda bu göstərici 30 faizdən aşağı düşüb, yəni 2 dəfəyə yaxın azalıb. Hazırda dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Son illərdə dünyanın ən böyük meşə sahələrdə (Amazon, Sibir, Avstraliya, Kaiforniya və s.) baş verən yanğınlarda çox nəhəng meşəlik sahələri məhv oldu. Getdiikcə planetimizdə yaşıllıq sahələrinin payı azalır ki, bu da çox ciddi ekoloji böhranlara gətirib çıxara bilər.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub. Hazırda bu göstərici 11 faiz təşkil edir. Bu rəqəm Rusiyada 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. Müqayisə üçün deyək ki, dünyanın iri şəhərlərində yaşıllıq sahəsi Bakıdan dəfələrlə yüksəkdir. Məsələn Moskvada ərazinin 54, Sinqapurda 47, Vyanada 45 faizi yaşıllıq sahəsidir. Bakıda isə bu göstərici 5 faizdən azdır və bu Bakı əhalisinin sayı ilə müqayisədə faciəvi rəqəmdir.

Lalə Mehralı

Digər xəbərlər