Analitika

  • 1 459

Qarabağ və Şərqi Zəngəzurun turizm hədəfləri - TƏHLİL

image

Prezident İlham Əliyev: "Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var"

Azərbaycanın turizm məkanlarının coğrafiyası yaxın zamanlarda daha da genişlənəcək. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımız səfalı və müalicəvi əhəmiyyətə malikdir. Bu məkanların hər biri turistlərin marağına səbəb ola biləcək tarixi yerlərdir. Bəli, bu gün işğaldan azad olan Azərbaycan torpaqlarında yeni həyat canlanır. Azad olunmuş ərazilərimizdə sürətlə infrastruktur, o cümlədən turizm infrastrukturu yaradılır. Cari ildən etibarən azad edilmiş ərazilərə xarici turistlərin səfərləri təşkil olunur. Müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan da işğaldan azad edilmiş ərazilərə turistləri cəlb etməyə başlanılıb. Azərbaycanın Qarabağ İqtisadi Zonasının güclü turizm potensialı var. Orada müxtəlif turizm xidmətləri, o cümlədən yay turizmi, qastroturizm, qış turizmi ilə bağlı xidmətlər yaradılacaq.

Bəşər mədəniyyətinə qarşı vəhşilik törədən ermənilər bu ərazilərimizi talan etmiş, abidələrimizi darmadağın edərək viran qoymuşdular. Bütün məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilib. Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın və Mir Möhsün Nəvvabın ev muzeyləri Şuşanı işğal etmiş erməni vandalları tərəfindən dağıdılıb. Adları qeyd olunan məkanların bir çoxu artıq təmir və bərpa olunub.

TƏKRAROLUNMAZ TƏBİƏT VƏ TARİXİ ABİDƏLƏRİMİZ

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satıblar. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Şuşanın Cıdır düzünün də bu sırada adı var. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır… Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək".

Xatırladaq ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı Rusiyada keçirilən 30-cu "MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi" sərgisində təqdim olunur. Əlbəttə ki, Rusiya Azərbaycan turizmi üçün prioritet bazarlardan biridir. Ötən il Azərbaycana səfər edən xarici turistlər arasında ilk yeri məhz Rusiya Federasiyasının vətəndaşları tutub. Belə ki, 40 faiz artımla 624 mindən çox Rusiya vətəndaşı Azərbaycana səfər edib. Cari ilin mart ayının əvvəlində Azərbaycan ilə Rusiya arasında 2024-2026-cı illəri əhatə edən hökumətlərarası saziş imzalanıb. Üç il ərzində digər sahələrlə yanaşı, turizm sahəsində də əməkdaşlığı genişləndirmək nəzərdə tutulub.

AZƏRBAYCANDA TURİZM BAZARI AÇIQ VƏ RƏQABƏTƏ DAVAMLIDIR

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Ordumuzun işğal altındakı torpaqlarımızı düşməndən azad etməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, ölkəmizin iqtisadi inkişafı üçün də yeni perspektivlər açmış oldu. Bu mənada, azad edilmiş ərazilərdə turizmin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu ərazilərdə olan potensial əminliklə demək olar ki, dünyanın bütün qitələrindən olan turistlərin həmin məkanlara səfər etməsinə səbəb olacaqdır. Turizm üçün bütün zəruri potensial Şuşada, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərimizdə mövcuddur. Bu ərazilərin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri xarici turistlər üçün cəlbedici olacaq. Əlbəttə ki, coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır.

Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir. Bu gün Azərbaycanda turizm bazarı açıq və rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.

Müxtəlif sahələrlə yanaşı, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi də hazırlanıb. Qeyri-neft sektorunun inkişafında turizm sahəsinin xüsusi çəkisi var.

Azad olunmuş ərazilərimizdə qısa müddətdə müasir infrastruktur qurulub. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdış həyata keçirilib. Digər yaşayış məntəqələrimizin yenidən qurulması və bərpası isə davam etdirilir. Qarabağda mövcud şərait – flora və faunanın rəngarəngliyi, iqlim, istirahət üçün zəruri hesab olunan amillər daha zəngin və cəlbedicidir. Bu amillər Azərbaycanın iqtisadi potensialının daha da yüksəlməsinə müsbət təsirini göstərəcəkdir. Zəngin Qarabağ torpağı istənilən əcnəbi turistin marağından kənar qala bilməz. Məlumdur ki, tarixi kökü olmayan və ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər 30 ilə yaxın işğal dövründə qəddarcasına Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi dağıdıb, bir sözlə regionun turizm infrastrukturunu tamamilə məhv ediblər. Talançılıq missiyasını reallaşdıran Ermənistan "sivilizasiyalı" dövlət kimi dünya ölkələri tərəfindən qəbul olunmuş konvesiya, qərar, bəyanat və qətnamələrə əməl etməyib. İşğal dövründə adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələrə zərbə vurulub. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə hazırda kütləvi qırılıb və mebel istehsalı üçün Ermənistana göndərilib.

TURİSTLƏRİN ƏN ÇOX MARAQ GÖSTƏRƏCƏYİ MƏRKƏZ

Dünyanı ən nadir flora və faunası ilə zəngin olan Azərbaycan istirahət guşəsi kimi bütün imkanları özündə birləşdirir. Burada on bir iqlimdən doqquzunun mövcudluğu Azərbaycanın həqiqətən də cənnət beşiyi olduğunu əsasladıran amildir ki, ta qədimdən bu günə kimi tarixi sərvətləri ilə ölkəmizin qonağı olan insanların marağına səbəb olmuşdur.

Qarabağ torpağının işğal dövründə təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması faktları Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasətidir. Belə ki, Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olur.

Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır.

İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətmələri də hər kəsin xatirindədir. "Leşkar" meşə sahəsində isə yararlı ağaclar tam qırılıb. Buna Azərbaycan iqtisadi gücü, potensialı var. Xatırladaq ki, Laçın dövlət yasaqlığında cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər. Belə bir səfalı yerlərə malik, turizmin inkişafına böyük təkan olacaq yerlərimizin ermənilərin əlində 30 ilə yaxın qalması Azərbaycanın iqtisadi inkişafına, onun turizm imkanlarının genişlənməsinə zərbə vurmuşdur. İşğal dövründə ermənilər bu xəzinədən vəhşicəsinə istifadə etmişdirlər. Cənnətməkan hesab olunan ərazilərimizi xarabalığa çevirən ermənlər yaxın bir zamanda buranın əvvəlkindən də gözəl bir məkan olacağının şahidi olacaqlar. Öz milli xüsusiyyət və təlabatlar çərçivəsində bu məkanlarda ab-hava yaradaraq Qarabağı turistlərin ən çox maraq göstərdiyi bir mərkəzə çevirəcəyik.

Erməni vandallarının işğalına və təcavüzünə məruz qalmış tarixi abidələrimiz təmir və bərpa olunur və Azərbaycanın turizm məkanlarının coğrafiyası daha geniş bir məkanı əhatə edəcək. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən istirahət və müalicəvi məkanları dünyanın ən sayılıb-seçilən mərkəzləri olaraq diqqətdə olacaqdır.

Artıq ərazilərimizdə abadlıq-quruculuq işlərinə start verilib. Ermənilərin vaxtilə dağıtdığı dini mədəniyyət abidələrimiz, tarixi yerlər yenidən bərpa olunur.

GÖRMƏLİ VƏ GƏZMƏLİ YERLƏRDƏ YAŞANILAN TARİX

Buraya səfər edənləri heyrətləndirən çox məqamlar var. Görməli və gəzməli yerlərdə bir tarix yaşanır. Ağdamda Qutlu Musa türbəsi, Xanoğlu türbəsi, Şeyx Nigari türbəsi, Uğrulla bəyin türbəsi və s. bu şəhərin tarixinin qədimliyini özündə yaşadır. Tarixi memarlıq abidələri sırasında Pənah xanın imarəti, İki sandığa bənzər abidə, Karvansara, Hatəm Məlik qalası və digərləri hər bir kəsin diqqətində ola biləcək nümunələrdir ki, turistlərin marağında olacaqdır. Ağdamın turizm məkanlarından söz açarkən, Ağdam Çörək muzeyini xüsusi olaraq qeyd etməliyik. Azərbaycanın Ağdam şəhərində yaradılan Çörək muzeyi 25 noyabr 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat vardı. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Mənbələrdə qeyd olunur ki, muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki "Çalağan təpədə" arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da olub. Ağdamdakı hər bir tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirir və bu məkanın tarixi dönəmlərdə inkişafda olduğunu bir daha göstərir. Belə bir şəhərə səfər edəcək turistlər zəngin təəssüratlarını hər kəslə paylaşacaqlar.

Ölkəmizin hər bir bölgəsinin belə turizm imkanları vardır. Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün ölkənin zəngin coğrafi landşafta, flora və faunaya malikliyi əsas şərtlərdəndir. Zəngin mədəni, tarixi irsə və əlverişli təbii şəraitə malik Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.

Nəzakət Ələddinqızı

Digər xəbərlər