Analitika

  • 1 297

Traxomanın ləğv olunması Zərifə xanımın adı ilə bağlıdır - ŞƏRH

image

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.

Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur;

Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir;

Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər