Analitika

  • 1 853

Tibb elminə həsr olunmuş ömür - ŞƏRH

image

Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayan zaman ilk öncə xatirimizdə Onun işıqlı çöhrəsi canlanır. Və qarşımızda nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, geniş erudisiyaya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır. Zərifə xanımın tibb sahəsində fəaliyyətinə nəzər saldıqda isə qarşımıza sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş, oftalmologiya elminin inkişafındakı əvəz olunmaz xidmətləri olan bir şəxsiyyətlə qarşılaşırıq. Onun milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır.

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Qeyd etmək istərdim ki, Zərifə xanım tibbi fəaliyyəti ilə yanaşı, uzun illər respublikanın bir cox iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Tədiqiqatlarında bu müəssisələrdə istehsal posesində istifadə olunan zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və ürəyə mənfi təsirlərini dərindən araşdırıb.

Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri görkəmli alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Qeyd edək ki, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri də gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi ilə bağlı olub. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri akademikin "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə şərh edilib. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik-diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Görkəmli oftomoloq tədqiqatlar zamanı əldə olunan nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşib. Bu əsərlər arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" xüsusi yer tutur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva öz dövrünə görə cox az araşdırılmış iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş və tədqiqatının nəticələrini əhatə edən iki monoqrafiya hazırlayıb.

Xüsusi qeyd olunmalıdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. Sonda demək istərdim ki, Zərifə xanımın tibbi etika və deontologiyaya dair baxışları isə digər əsərində daha ətraflı əks olunur. Bu əsərində görkəmli oftalmoloq alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir.

PƏRVANƏ TALIBOVA

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində Incəsənət Gimnaziyasının múəllimi

Digər xəbərlər