Analitika

  • 2 972

Azərbaycanın əvəzedilməz Lideri - Heydər Əliyev - ŞƏRH

image

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Belə ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən dahi şəxsiyyət Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb. Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub.

1995-ci ilin mayında Əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə Əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.Görkəmli dövlət xadimi və dahi siyasətçi kimi dünyada geniş şöhrət qazanmış Heydər Əliyevin ümummilli liderlik zirvəsini fəth etməsi Onun ən çətin və mürəkkəb məqamlarda ölkənin və xalqın taleyində həlledici rol oynamasının, xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirməsinin, bütün hallarda dövlətini və millətini irəli aparmağı bacarmasının məntiqi nəticəsidir.

Xalqımızın böyük oğlu Heydər Əliyev həm Sovetlər Birliyi dövrünün özünəməxsus siyasi-ideoloji çətinlikləri, həm də Azərbaycanda müstəqillik mərhələsinin başlanğıc illərinin ziddiyyətləri şəraitində hər zaman liderlik funksiyasını yüksək səviyyədə həyata keçirməyi bacarmışdır. Beləliklə, fenomenal şəxsiyyət olan Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi ümumxalq ehtiramı və məhəbbəti qazanmışdır.Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının əsası Onun Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından - qurtuluş tariximizdən xeyli əvvəl, konkret desək, 1969-cu ildə respublika rəhbərliyinə gəlməsi ilə qoyulub.

Həmin il iyulun 14-də keçirilən tarixi plenumda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib və bununla da ölkəmizin sosial-iqtisadi inkişafında yeni epoxa başlayıb. Bu dövrədək zəngin iqtisadi potensialının və təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə və yaşayış səviyyəsinə görə axırıncı yerlərdən birini tuturdu. Ulu Öndərin o zaman respublikanın siyasi rəhbərliyinə gəlməsi Azərbaycanda bütün sahələrdə hərtərəfli tərəqqiyə yol açdı. Tarixi anlamda qısa zaman kəsiyini əhatə edən 1969-1982-ci illərdə Ulu Öndərin dahiyanə zəkası, titanik əməyi və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik respublika kimi İttifaq tərkibində öncül sıralara yüksəldi.

Xalq ölkədə tüğyan edən hərc-mərclikdən, AXC-Müsavat iqtidarının yarıtmaz siyasətindən, yumşaq desək, cana doymuşdu. Xalqımızın sağlam qüvvələri və ziyalılar Heydər Əliyevə müraciət edərək Onu xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu Öndər mövcud reallıqları dərindən təhlil edərək bu partiyanın yaradılmasına razılıq verdi. Lakin ozamankı hakimiyyət nümayəndələri partiyanın təsis konfransını Bakıda keçirməyə imkan vermədilər və konfrans Naxçıvanda baş tutdu. Beləliklə, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər