Analitika

  • 1 129

Mina terroru və onun qurbanları - TƏHLIL

image

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra qarşıda duran əsas vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Azərbaycan işğaldan azad olmuş ərazilərdə mina xəritələri üçün Ermənistana müraciət etmiş olsa da, Ermənistan rəsmiləri əvvəlcə bu cür xəritələrin mövcudluğunu inkar etdilər və sonradan isə verdiyi xəritələri Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yalnız 5 faizini əhatə etmiş oldu. Sözügedən xəritələrin də yalnız 25 faizi dəqiq idi. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur.
140 MIN NƏFƏR QARABAĞA VƏ ŞƏRQI ZƏNGƏZURA KÖÇÜRÜLƏCƏK
Artıq işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdış başlanılıb. Minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına çətinlik yaradır. Hər bir ərazini mianalardan təmizləmək sözsüz ki, zaman tələb edir. Azərbaycanın keçmiş məcburi köçkünlərin məskunlaşdırılması üzrə "Böyük Qayıdış" dövlət proqramına əsəsən, 2026-cı ilə qədər 140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutur. Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Bir sıra magistral avtomobil yolları, dini-tarixi abidələr, infrastruktur layihələri icra olunub və bu davamlı həyata keçirilir. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır.Vurğulayaq ki, 44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. Belə ki, 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
MÜHARİBƏ BİTSƏ DƏ …
İlk pilot layihə 2022-ci ilin iyulunda başlanıldı. Zəngilan rayonunun cənubunda yerləşən nisbətən çirklənməmiş Ağalı kəndinə bir neçə ailə qayıtdı. Dövlətimiz tərəfindən daha sonra Füzuli, Laçın, Şuşaya köç başlanıldı. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən artıq vətəndaşımız mina qurbanı olub və onların sırasında həlak olanlar da var, ağır yaralananlar da. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3550-ə yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 600-ə yaxını həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir. Əlbəttə ki, bu xəritələri verilməsi işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrini tez bir zamanda reallaşmasına səbəb olar. Qeyd edək ki, bu yaxınlarda işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi qeydə alınıb və kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi "Man" yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşmüşdü. Həmin hadisədən bir gün sonra rayon ərazisində mina partlayışı baş verdi və ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirdi. Müharibənin bitməsindən üç ildən artıq bir zaman ötsə də, hələ də bu hadisələrin acı nəticələrini yaşayırıq.
280 MİN HEKTAR ƏRAZİ MİNALARDAN TƏMİZLƏNƏCƏK
Bu gün Qarabağ və Şərqi Zəngəzurun minalanmış ərazilərində innovasiyalar, texnologiyalar, dronlar və süni intellektin imkanlarından geniş istifadə olunur. 2021-ci ildən dronlar və süni intellektin istifadəsi ilə tədqiqat işlərində səmərəli nəticələr göstərən "Uzaq Məsafədən (Havadan) Mina sahələrinin Tədqiqatı" sistemini tədbiq edir.İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsində yerli istehsal olan texnikalardan da istifadə edilir. Düşmən tapdağından azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda minalardan təmizlənməsi prosesi sürətlə davam edir. "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Dövlət Proqramında nəzərdə tutulduğu kimi, 2026-cı ilə kimi, 280 min hektar ərazi minalardan təmizlənəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər