Analitika

  • 8 801

Azərbaycan dünyanın diqqət mərkəzində

image

Prezident İlham Əliyev: "İqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir"

Azərbaycanda qazanılan uğurlar son illər həyata keçirilən davamlı islahatların nəticəsidir. Ötən dövrdə ÜDM istehsalı 3,2 dəfə artıb, sənayeləşmə, aqrar sektorun inkişafı, yeni emal müəssisələrinin yaradılması, kimya sənayesinin yenidən qurulması və digər tədbirlər qeyri-neft sektorunda məhsul istehsalını stimullaşdırıb. Bunun sayəsində bir sıra məhsulların idxalı azalıb, ixracı isə artıb. Həyata keçirilən iqtisadi layihələr ölkənin modernləşməsinə və dünyanın tranzit mərkəzlərindən birinə çevrilməsinə imkan yaradıb. Bu layihələr ölkəmizin iqtisadi inkişafına güc qatmaqla yanaşı, dünyada siyasi nüfuzunu da artırıb. Aparılan düzgün, məqsədyönlü siyasət sayəsində Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmiz Şərqdən Qərbə, Şimaldan Cənuba daşınan yüklərin qovşağında mükəmməl nəqliyyat və logistika imkanlarına malikdir. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əhəmiyyətini yüksək qiymətləndirərək demişdir ki, "Biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün bu ehtiyatlar 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir".Azərbaycanda reallaşan iqtisadi islahatların əsas hədəfi qeyri-neft sektorunun inkişafıdır. Bu sahədə indiyədək görülən işlər uğurlu nəticələrə nail olmağa imkan yaradıb. Onların sırasında ən önəmlisi sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasıdır. Artıq bir neçə sənaye parkı və sənaye məhəllələri fəaliyyətə başlayıb. Keçən ilin sonunda təkcə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə açılıb, 3 müəssisənin təməli qoyulub. Cari ildə isə əlavə 2 nəhəng zavod işə düşəcək. Bu, "SOCAR Polymer" və Azot Gübrələri zavodlarıdır. Qeyd edək ki, həmin müəssisələrin tikintisinə 2 milyard dollara yaxın vəsait qoyulub. Xatırladaq ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında 17 rezident var və ümumilikdə, buraya yatırılan sərmayənin həcmi 2,8 milyard dollardır. Həmin vəsait özəl sektor tərəfindən yatırılır. Sahibkarların buna həvəs göstərməsi də səbəbsiz deyil. Azərbaycanda olan münbit investisiya mühiti və mükəmməl qanunvericilik bazası sahibkarların vəsaitlərinin qorunmasına təminat verir.Mingəçevir Yüngül Sənaye Parkının da xüsusi əhəmiyyəti var. İlk növbədə, bu, iqtisadi ağırlığın tədricən bölgələrlə bölüşdürülməsi deməkdir. İkinci bir tərəfdən, Mingəçevir şəhərinin yaxınlığında kənd təsərrüfatı rayonları var. Park yaradılarkən, bu amil nəzərə alınıb. Belə ki, parkda, əsasən, xammal kimi aqrar sektorda istehsal edilən məhsullardan istifadə olunacaq. Bu ilin əvvəlində sənaye parkında iki böyük iplik fabriki açılıb. Qurulan müəssisələr indiyədək ölkəmizdə yaradılan iplik fabriklərinin yarısı qədər məhsul istehsal edəcək. Başqa sözlə, istehsal gücləri 20 min ton iplikdir. Burada istehsal olunan məhsulun çox hissəsinin ixrac edilməsi nəzərdə tutulub. Parkdakı müəssisələr şəhər əhalisinin məşğulluq probleminin həllinə də kömək edəcək. Məlumat üçün bildirək ki, parkda nəzərdə tutulan müəssisələr fəaliyyətə başladıqdan sonra, ən azı, 700-750 nəfər işlə təmin olunacaq.Ölkənin sənayeləşməsi və onun coğrafiyasının genişlənməsində sənaye məhəllələri də xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, həyata keçirilən iqtisadi siyasətin hədəflərindən biri bütün rayonlarda sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələrinin ilki olan Neftçala Sənaye Məhəlləsində ildə 10 min avtomobil istehsal edə bilən zavodun açılışı olub. Zavodda 300 nəfərdən çox işçi çalışır. İstehsal edilən avtomobillər xaricə də ixrac olunacaq.Hazırda Hacıqabul, Masallı və Sabirabad sənaye zonalarında istehsal və xidmət müəssisələri tikilir. Bu sənaye zonalarında müxtəlif istiqamətlər üzrə məhsul istehsalı planlaşdırılıb. Burada sənaye, kənd təsərrüfatı, emal, həmçinin, xidmət müəssisələri fəaliyyət göstərəcək. Həmin zonalarda fəaliyyət göstərən müəssisələrin bir çoxunun kənd təsərrüfatı məhsullarından xammal kimi istifadə etməsi bölgələrdə aqrar sektorun inkişafına təkan verəcək, alıcı sarıdan fermerlərin işi asanlaşacaq. Yəni məhsul istehsal etdikdən sonra onu kimə satacağı barədə fikirləşməyə ehtiyac qalmayacaq.Gəncə Avtomobil Zavodunun fəaliyyəti ölkəmizdə traktorlara olan tələbatın ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. İndiyədək müəssisədə 10 min traktor istehsal olunub. Bunun sayəsində aqrar sektorda çalışan fermerlər münasib qiymətə "Gəncə-Belarus" traktorlarını əldə edə bilirlər. Həmin nəqliyyat növü aqrar sektorda ən çox istifadə olunandır. Əgər bu müəssisə fəaliyyətə başlamasaydı, biz həmin texnikanı xarici ölkələrdən almalı idik. Belə hal ölkədən valyuta axınına səbəb olmaqla yanaşı, onun qiymətinin də yüksək olmasını şərtləndirərdi. Bu gün müəssisə özünün ikinci inkişaf mərhələsinə qədəm qoyur. Belə ki, burada daxili tələbat ödənilməklə yanaşı, xaricə məhsul ixrac etmək üçün zəruri tədbirlər görülür. Bu, o deməkdir ki, yaxın vaxtlarda Gəncədə istehsal olunan texnikalar xarici bazarda satılacaq.Bir sözlə, bu gün Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi sənayeləşmə siyasətini tam sürəti ilə həyata keçirməkdədir. Əldə olunan uğurlar isə, onu göstərir ki, respublikamız ciddi nailiyyətləri ilə diqqət çəkməkdədir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər