Analitika

  • 6 222

Rusiyada fərarilik dalğası: səfərbərliyə qarşı etirazlar artır ANALİTİK

image

Bəzi insanlar Ukrayna cəbhəsində həlak olmaqdansa həbsxanalarda yatmağa üstünlük verirlər

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də imzaladığı qismən səfərbərlik fərmanından sonra ölkədə kütləvi etirazlar və eyni zamanda fərarilik dalğasına start verildi. Məsələ həm də ondadır ki, Rusiyanı tərk etmək istəyən yüz minlərlə insan müxtəlif ölkələrə təyyarə biletləri alaraq hava limanlarına, eləcə də ölkənin quru sərhədlərinə doğru axışırlar. Qeyd edək ki, müəyyən yaş həddi tətbiq edilən səfərbərliyə ehtiyatda olan zabitlərlə yanaşı, hərbi mükəlləfiyyətləri olan insanlar da cəlb olunublar. Bununla yanaşı, Rusiyanın müvafiq qanunvericiliyinə görə, hərbidən yayınanlara qarşı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası da tətbiq olunmaqdadır. Artıq vəziyyət o həddə qədər inkişaf edib ki, ölkə xaricinə çıxmaqda imkanı olmayan insanlar müxtəlif xırda cinayətlər törətməklə həbsxanalara düşür, Ukrayna cəbhəsində həlak olmaqdansa həbsxanalarda yatmağa üstünlük verir, məhz bu vasitə ilə sağ qalmaq, yaşamaq şanslarını qorumağa çalışırlar.
Moskva ilə yanaşı, Sankt-Peterburq, Saratov, İrkutsk, Novosibirsk, Tomsk, Ulan-Ude, Çita...
Səfərbərliyə qarşı etiraz aksiyaları isə demək olar ki, ölkənin bütün vilayətlərində və şəhərlərinə baş qaldırmaqdadır. Bu arada, rusları etirazlarda iştirak etməyə müharibə əleyhinə “Vesna” təşkilatı və Aleksey Navalnının tərəfdaşları çağırır, vərəqlər paylayır. Etiraz aksiyaları paytaxt Moskva ilə yanaşı, Sankt-Peterburq, Saratov, İrkutsk, Novosibirsk, Tomsk, Ulan-Ude, Çita və başqa şəhərlərdə keçirilir. Artıq həmin ərəfədən etibarən indiyədək yüzlərlə insanın saxlandığı bildirilir.Rusiya Federasiyasının daxilindəki respublikalarda da etiraz dalğaları get-gedə böyüməkdə və nəzarətdən çıxmaqdadır. Xüsusilə, etnik azlıqların kütləvi şəkildə səfərbərliyə alınmaları, üstəlik yaş həddini keçənlərin də bu sıraya salınmaları hiddətlə qarşılanır.
Dağıstan və Çeçenistan çağırışçıları polisə müqavimət göstərirlər
Ən sərt etirazlar isə son bir neçə gündə Dağıstanda qeydə alınıb. Belə ki, respublikanın paytaxtı Mahaçqala da daxil olmaqla Xasavyurt, Dərbənd, Kaspiysk kimi şəhərlərdə hüquq-mühafizə orqanları ilə çağırışçılar, habelə zorla hərbi çağırış məntəqələrinə aparılan şəxslər arasında əlbəyaxa davalar, qarşıdurmalar yaşanıb. Hətta havaya atəşlər də açılıb. Kəskin müqavimət hallarında yaralananlar var.Onu da qeyd edək ki, bir çox yerlərdə əvvəlcədən elan edilmiş aksiyalar keçirilir. Etirazçılar aksiyalarını Telegram və s. sosial şəbəkələr vasitəsilə əlaqələndirirlər. Fəallar müxtəlif rayonlarda kiçik qruplarda iştirak etmək, daha sonra isə birləşərək “Müharibəyə yox, səfərbərliyə yox” şüarları səsləndirərək şəhərin mərkəzi küçələrini doldururlar.Bu əsnada diqqət çəkən məqamlardan biri də budur ki, müharibənin ilk vaxtlarından Çeçenistan respublikasının başçısı Ramzan Kadırov silahlı qruplarını Ukraynaya göndərib. Lakin son çağırışdan sonra artıq çeçenlər də müharibədə iştirak etməkdən yayınmağa başlayırlar, eləcə də etiraz səslərini ucaldırlar. Amma buna baxmayaraq, Ramzan Kadırov onun səlahiyyətində olan hərbi dəstələri Ukraynaya göndərməyə davam edir.
Yuxarı Lars yolundan Gürcüstana keçmək istəyən on minlərlə insan!
Kütləvi fərarilik halları Şimali Osetiyadan Gürcüstana gedən istiqamətdə – Yuxarı Lars yolunda müşahidə edilir. Bildirilir ki, minlərlə piyada və avtomobillər hər vəchlə, müxtəlif vasitələrlə Gürcüstan ərazisinə keçməyə çalışırlar. Vəziyyət o həddə çatıb ki, gürcü tərəfi piyada vəziyyətində sərhədi keçməyə icazə verib ki, sıxlıq aradan qaldırılsın.Maraqlı məqamlardan biri isə budur ki, artıq Rusiya tərəfi sərhəd-keçid məntəqəsi ərazisinə ordu qüvvələri yeridib və düşərgələr salaraq mobil hərbi çağırış məntəqələri yaradır. Məqsəd səfərbərlikdən yayınan və ölkə ərazisini tərk edən çağırışçıları aşkarlamaq və dərhal Ukraynaya göndərməkdən ibarətdir. Məhz bu məsələyə görə sərhədi keçmək istəyən ruslar arasında kütləvi sıxlıq müşahidə olunur.
Rusiya-Qazaxıstan sərhəddi...
Qazaxıstan sərhədçiləri buraxılış məntəqəsindən kənarda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç Rusiya vətəndaşını saxlayıblar. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib. Qeyd olunur ki, sərhəd pozucuları bu gün Sərhəd Xidmətinin Kostanay vilayəti üzrə departamentinin ərazisində saxlanılıblar. Onlar bu hərəkətlərini Rusiyada həyata keçirilən qismən səfərbərlikdən yayınmaq cəhdi kimi izah ediblər.
Zelenski təslim olanlara və fərarilərə hansı vədləri verib?
Qeyd edək ki, Ulrayna prezidenti Vladimir Zelenski müharibədə iştirak etmək istəməyən rusiyalı çağırışçılara müraciət edib. O vəd verib ki, əgər cəbhədə ağ bayraq qaldıraraq Ukrayna silahlı qüvvələrinə öz xoşu ilə təslim olmaq istəyənlər varsa onlar dərhal qəbul ediləcək və sonradan üçüncü ölkələrə təhvil veriləcəklər.Bu günlərdə Monqolustan prezidenti də TV vasitəsi ilə çıxış edib və o sözügedən məsələyə fərqli cəhətdən yanaşıb. Daha dəqiq desək, yakut, nanay, nenets və s. kimi bölgə etniklərini qeyd-şərtsiz qəbul edəcəyini bildirən Monqolustanın dövlət başçısı onlar üçün ölkəsində hər cür şəraitin yaradılacağını vəd edib.
Müharibə həm Rusiya, həm də Ukrayna insanlarını yorub
Lakin ortada olan fakt budur ki, Rusiyanın Ukrayna ilə müharibəsi kifayət qədər çox həyatları məhv edib, insanları öldürüb. Məhz bu reallığı anlayan rusiyalı vətəndaşlar həm də boş yerə davam edən qardaş qırğınında günaha batmaq istəmədiklərini bildirirlər.
Baxmayaraq ki, Rusiyanın dövlət TV-ləri kifayət qədər kütləvi təbliğat kampaniyaları aparır müharibədən yayınmaq istəyənlər də bir o qədər də çoxalır. Bu savaşda minlərlə canlı itkilər verən Rusiyanın bir sıra dövlət dairələri, əsasən də miqrasiya xidmətləri artıq bu ölkədə çalışan digər ölkələrin vətəndaşlarına da təkliflər verirlər. Misal üçün, onlara bildirilir ki, qısa müddətdə RF-nın vətəndaşlığı veriləcək və hərbi mükəlləfiyyətli kimi qeydə alındıqdan sonra həmin insanlara yüksək məvacib ödəniləcək və s. Lakin bu təkliflərdən imtina edənlərin olduğu kimi, qəbul edənlər də tapılır...Ancaq fakt budur ki, artıq müharibə həm Rusiya, həm də Ukrayna insanlarını həqiqətən də yorub və bu savaşın hələ nə qədər can alacağını isə kimsə deyə bilməz...

Rövşən RƏSULOV

Digər xəbərlər