Analitika

  • 4 845

Erməni eksperti müharibə ehtimalından və çoxsaylı canlı qüvvə itkisindən danışdı ANALİTİK+AKTUAL

image

Narek Nersisyan: “Eskalasiyanın tam olmayan iki günü ərzində ölənlərin və itkin düşənlərin sayı 207 nəfərə çatdı”
Ermənistanın Azərbaycana qarşı 12-14 sentyabr tarixlərində törətdiyi təxribatı zamanı şanlı Ordumuzun verdiyi qətiyyətli cavabı nəticəsində düşmənin xeyli sayda texnikası və canlı qüvvəsi məhv edildi. O cümlədən, Silahlı Qüvvələrimiz bir sıra əhəmiyyətli strateji yüksəkliklərə öz nəzarətini təmin etdi. Bu gün Ermənistanın siyasi-ictimai rəyi hakimiyyətin eskalasiya zamanı ölənlərin və itkin düşənlərin tam siyahısını təqdim etmədiyini bildirir və rəsmi siyahı tələb edirlər. Onu da qeyd edək ki, hətta bu gün iki il əvvəl – İkinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşən erməni hərbçiləri barədə məlumatlar verilmir, rəsmi siyahı isə ictimaiyyətə təqdim olunmur.
Hərbi ekspert: “Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən sonra nəticə çıxarmayıblar”
12-14 sentyabr hadisələrindən sonra da eyni hal davam edir və bununla bağlı bir sıra erməni hərbi ekspertləri iddia edirlər ki, ölənlərin və itkin düşənlərin sayı dəfələrlə çoxdur və bunun da səbəbləri var. SİA xəbər verir ki, mövzu ilə bağlı Sputnik-Armeniya saytına açıqlama verən hərbi ekspert Narek Nersisyana görə çoxsaylı itkilərin səbəblərindən biri təmas xətlərində tələb olunan müvafiq təminatların, silah və sursatların olmamasıdır. SİTAT: “... Bu eskalasiya insan itkisi baxımından çox ağır nəticələrə gətirib-çıxardı. Sonradan məlum oldu ki, tam olmayan iki günü ərzində ölənlərin və itkin düşənlərin sayı 207 nəfərə çatıb. Bu rəqəmlərə bir çox ekspertlər və siyasətçilər diqqət yetirdilər. Belə ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu yaxınlarda keçirdiyi mətbuat konfransında da bildirdi ki, əgər təmas xətləri effektli qaydada təmin olunsaydı bu qədər çox əsgər itkisindən yayınmaq mümkün olardı. Kpçaryanın sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən sonra nəticə çıxarmayıblar”.Nersisyan: “Qarşı tərəf Azərbaycandırsa və o, istifadə etdiyi silahlarını bir daha istifadə edirsə hətta ən güclü şəkildə qurulan müdafiə xətti belə ciddi itkilərdən xilas edə bilməzdi”
Hərbi ekspert bununla yanaşı situasiyaya daha geniş rakursdan baxmağa çağırıb və bildirib ki, fortifikasiya qurğuları (müdafiə bəndləri və s.) səviyyəsinin çatışmazlığı heç də sözügedən vəziyyətin əsas səbəbi deyil. SİTAT: “Ola bilsin ki, ikinci prezident mövqelərin tam təmin olunmaması haqqında danışarkən müasir müharibənin spesifikasını özü üçün daha geniş təsəvvür edə bilmir. Əlbəttə, müdafiə xəttini daha yaxşı təşkil etmək mümkün olardı və bu da şübhə doğurmur. Lakin qarşı tərəf Azərbaycandırsa və o, istifadə etdiyi silahlarını bir daha istifadə edirsə hətta ən güclü şəkildə qurulan müdafiə xətti belə ciddi itkilərdən xilas edə bilməzdi”.
Erməni hərbi ekspert: “Bizdə təəssüf ki, uzaq mənzilli zərbə sistemlərinin sayı lazım olan sayda deyil və ya yoxdur”
Nersisyanın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri eskalasiya zamanı yalnız minaatanlardan və iri kalibrli atıcı silahlardan istifadə etməyib, eyni zamanda, uzaqmənzilli və reaktiv artilleriyasını, həmçinin zərbə PUA-larını və kamikadze dronlarını da işə salıb. Ekspertin fikrincə, analoqu olmayan təminat olmadıqca belə bir gücün qarşısında dayanmaq qeyri-mümkündür. SİTAT: “Mövcud şəraitdəki döyüş meydanında Ermənistanın iki həll variantı var - ya preventiv zərbələr endirmək lazımdır, ya da çoxeşalonlu havadan müdafiə sistemlərinə malik olmaq gərəkdir... Lakin bizdə təəssüf ki, uzaq mənzilli zərbə sistemlərinin sayı lazım olan sayda deyil və ya yoxdur”.Erməni hərbi eksperti qeyd edib ki, Ermənistanın müttəfiqləri və hərbi-texniki partnoyrları bu sistemləri onlara verməyiblər və bu haqda da danışmaq lazımdır.
Savaş iddiası: “Növbəti müharibə “rahat gəzinti” olmayacaq”
“Mühəndis işlərinə gəlincə keçmiş zabit bildirib ki, 44 günlük müharibədən sonra hərbi rəhbərlik uzun müddətə hesablanmış müdafiə qurğularını, beton-möhkəmləndirmə sədlərini, müvafiq maskirovkaları, müşahidə kameralarını və s. texniki tələbatları təmin etməyə borclu idi və bunları həyata keçirməliydi. Ancaq arsenalın yarıboş qaldığı vəziyyətdə, istənilən halda onların da səmərəsi az olacaqdı” deyə qeyd edən Nersisyan təmas xətlərindəki “nə sülh, nə də müharibə” situasiyasını şərh edərkən bildirib ki, vəziyyətə mövcud hərbi imkanlar baxımından yanaşılarsa erməni tərəfinin əsas operativ və operativ-taktiki addımı qarşı tərəfə, yəni Azərbaycana qarşı maksimal zərər vurmaqdan ibarət olmalıdır. O, yeni münaqişənin daha geniş miqyaslı ola biləcəyini bildirib. Belə ki, hazırkı anda region dövlətlərinin qlobal maraqları toqquşur və növbəti müharibə “rahat gəzinti” olmayacaq.Erməni hərbi eksperti mövcud vəziyyətdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin fəaliyyətinin sıfır həddində olduğunu da bildirib. O, ölkəsinin təhlükəli vəziyyətdə qalma səbəblərindən biri kimi müxalifətin də fəaliyyətini göstərib, habelə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda səsləndirdiyi bəyanatlarını da əlavə edib. Nersisyan əmindir ki, Ermənistan 44 günlük müharibədəki döyüşlərdə ağır məğlubiyyətə düçar olub və əgər daxili və xarici proseslər bu cür davam edərsə hazırkı məğlubiyyət daha ağır kapitulyasiya ilə nəticəsini tapacaq.Xatırladaq ki, son günlər Ermənistanın Azərbaycanla delimitasiya və demarkasiya olunmamış sərhədlərinə doğru hərbi texnikaların yerləşdirməsi haqqında məlumatlar gəlməkdədir. O cümlədən, Ermənistanın Baş qərargah rəisi müharibə xarakterli bəyanatlar səsləndirib, habelə ölkə ərazisində ehtiyatda olan çağırışçılar təmas xətlərinə göndərilmək üçün hərbi komissarlıqlara dəvət olunurlar. Bu isə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistan sülhə hazır deyil.

Rövşən RƏSULOV

Digər xəbərlər