Azərbaycan Prezidentinin çağırışı qüvvədədir!
Məlum olduğu kimi, Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Fransanı Afrikadakı koloniyaçılıq siyasətinə görə üzr istəməyə çağırdı. Qara qitədə uzun illər işğalçılıq və soyqırımı siyasəti yürüdən fransızların günü bu gün də neokoloniyaçılıq siyasətini davam etdirmək cəhdləri isə 21-ci əsrdə ümumiyyətlə qəbuledilməzdir. Çünki qlobal siyasi mühit, bəşəriyyətin azadlıq və hüquqlarının təmin olunması uğrunda cərəyan edən proseslər yeni dünya reallığını da ortaya çıxarmış olur.
İlham Əliyev: “Biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”
“Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”, deyə vurğulayan dövlətimizin başçısı əlavə edib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. SİTAT: “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.
Makronun “Françeafrique epoxası başa çatdı və Fransa qitənin neytral həmsöhbətinə çevrilib” vədi reallığı əks etdirirmi?
Beləliklə, Azərbaycan Lideri Makronu üzr istəməyə dəvət etdi. Lakin Makronun bu çağırışa əməl edib-etməyəcəyi növbəti müzakirələrin predmeti ola bilər. Daha dəqiq desək, Fransanın dövlət başçısı daha yaxşı olardı ki, Azərbaycan Prezidentinin çağırışına müsbət cavab versin. Amma onu da etiraf edək ki, onun istər ölkəsində, istərsə də beynəlxalq siyasi çevrələrdəki “nüfuzu” hansı səviyyədədir, bu zaman Makrondan hər hansı digər səviyyəni gözləməyə də dəyməz.
Daha bir diqqətçəkici məqam da budur ki, Bakıda keçirilən Zirvə görüşü zamanı Emmanuel Makron Afrika ölkələrində səfərdə idi. Mövcud hakimiyyətə müxalif olan bir sıra fransız KİV-lərinin yazdıqlarına görə, martın 1-dən 5-nə qədər səfərdə olan Makron necə deyərlər, özünü “demokratik lider” kimi sırımağa çalışıb. Halbuki onun özünün ölkəsində diqqətə alınacaq bir sıra qlobal problemlər dayanmaqdadır.
Makronun Qabona səfəri, əsasən, ekoloji məsələlərə aid olub. O cümlədən, Fransa prezidenti hələ 3 il əvvəl bu ölkəyə səfər etməli idi, sadəcə, koronavirus pandemiyası həmin səfərin gecikməsinə səbəb olub. Ancaq onun Qabondakı bəyanatı da diqqət çəkib. O deyib. SİTAT: “Françeafrique epoxası (fransız kolonizasiyası) başa çatdı və Fransa qitənin neytral həmsöhbətinə çevrilib”.
Xatırladaq ki, Françeafrique sözü İkinci dünya müharibəsindən sonra Parisin Afrikadakı siyasətini nəzərdə tutur və Saxaranın cənubu istiqamətində iqtisadi, diplomatik və hərbi maraqlarını ifadə edir. Fəqət, Makron Afrikaya getməyinə getdi, amma üzr istəmədi.
Survie təşkilatının həmsədri Polina Tetiyon Almaniyada nəşr edilən Deutsche Welle nəşrinə: “Françafrique nəinki bizim üçün real olaraq mövcuddur, hətta inkişaf belə etməkdədir”
Yeri gəlmişkən, Makron Françeafrique sisteminin başa çatması ilə bağlı vəd versə də, Fransanın daha əvvəlki prezidentləri də həmin vədlərlə çıxış etmişdilər. Yəni fakt budur ki, Fransa elə hazırda da Afrikaya neokolonial siyasət yürütməkdə davam edir.
Kifayət qədər diqqətçəkən nüansı da xatırlatmaq yerinə düşərdi. Uzun illər Fransanın Afrikadakı koloniyaçılıq siyasətinə qarşı fəaliyyət göstərən Survie təşkilatının həmsədri Paolina Tetiyon Almaniyada nəşr edilən Deutsche Welle nəşrinin fransız dili bürosuna müsahibəsində deyib ki, o, Makronun sözlərinə inanmır və Fransa Afrikanın daxili işlərinə müdaxiləsini davam etdirir. “Françafrique nəinki bizim üçün real olaraq mövcuddur, hətta inkişaf belə etməkdədir”, deyə o bildirib.
Bəli, Makronun Afrika xalqlarından üzr istəyib-istəməyəcəyi onun öz siyasi ədəbinə qalır, amma fakt budur ki, Azərbaycan Prezidentinin çağırışı da öz qüvvəsində qalmaqdadır.
Rövşən RƏSULOV