Erməni hərbi birləşmələrinin Şuşa yaxınlığında törətdikləri terror aktı dünyada geniş əks-səda doğurub. Ermənistanın və ermənilərin dostları yaxalarını cıraraq bu hadisədə rəsmi Bakını günahlandırmağa çalışırlar. Amma beynəlxalq təşkilatlar, xüsusən də Azərbaycanla Ermənistan arasında uzunmüddətli barışın olmasını istəyən və buna çalışan biri kimi özünü göstərən tərəflər - Rusiya, Avropa İttifaqı və ABŞ isə məsələyə daha təmkinli yanaşırlar. Bütün ölkələr Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, hətta Ermənistan ərazi bütövlüyü məsələsində etirazçı tərəf olmadığını Praqa və Soçidə keçirilən üçtərəfli və çoxtərəfli görüşlər zamanı bir daha ərz edib. İnsident baş verəndən sonra isə rəsmi İrəvanın mövqeyində sapmalar meydana gəlib. Paşinyan hələ də İrəvan üçün ölü hesab edilməyən ATƏT-in “Minsk qrupu”nun fransalı “həmsədri” ilə görüşündə dedikləri fikirlər heç bir diplomatik əndazə və əxlaqa sığmır. Baş nazir elə məqamlardan danışır ki, guya Qarabağ müstəqil ölkədir və Azərbaycan suveren ölkənin ərazisinə müdaxilə edib. Amma Paşinyan unudur və həyasızcasına qulaqardına vurur ki, Ermənistan 30 il Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, Qarabağ və Şərqi Zəngəzur ərazilərində ölkəmizin bütün dünya tərəfindən tanınmış suveren hüquqlarını tapdalayıb. Əslində ermənilərin və Ermənistan rəsmilərinin bu mövzuda danışmaları beynəlxalq münasibətlər sisteminin, beynəlxalq təşkilatların bütün hüquqi sənədlərini, eyni zamanda BMT-nin nizamnamə və prinsiplərini kobud şəkildə inkar etmək, tapdalamaq, heçə saymaqdır.
Hadisədən sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı Azərbaycana gəldi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu qəbul etdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırladı və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğuladı. Toivo Klaar da öz növbəsində Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd etdi və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini dedi. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı. Bu, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar platformalarından birinin nümayəndəsinin səfəri idi. Digər platformanın müəllifi Rusiya isə məsələyə hələ də rəsmi münasibət göstərməyib. Ekspertlər bunun Rusiya sülhməramlılarının zatən Qarabağda olması və hadisələrin episentrində olması ilə izah edirlər. Hadisənin baş verdiyi ərazi Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazidədir və deməli bütün məsuliyyət də onun üzərinə düşür. “Aİ-nin Ermənistanda missiyasının fəaliyyətə başlaması Brüsselin Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində əldə etdiyi nəticələrdən istifadə edərək, postsovet məkanında özünə yer tapmağa cəhdindən başqa bir şey deyil”. Bunu Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov deyib. Əlavə edib ki, burada əhəmiyyətli anti-Rusiya komponenti də var – “ölkəmizin təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyi”.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi brifinqdə bildirib ki, Aİ Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir, o cümlədən Ermənistan ərazisində özünün qondarma missiyasını həyata keçirməklə, bu, legitimlik baxımından ciddi şübhələr yaradır.
Buna əlavə olaraq qeyd edək ki, Avropa İttifaqı Şurası fevralın 20-də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində iki illik mandatla Aİ-nin Ermənistanda mülki missiyasının fəaliyyətə başladığını elan edib. Bundan əvvəl, 2022-ci ilin payızında - 20 oktyabr - 19 dekabr 2022-ci il tarixlərində Avropa İttifaqının monitorinq missiyası Ermənistanda işləyib. Onun tərkibinə regiondakı vəziyyətin təhlili və hesabatların tərtib edilməsi məqsədilə Azərbaycanla sərhədə yaxın Ermənistan ərazisində monitorinq keçirən 40 mülki mütəxəssisdən ibarət olub.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da insidentlə bağlı rəsmi mövqeyini açıqlayıb və baş verənləri “hadisə” adlandırıb. Bildirib ki, Vaşinqton martın 5-də Qarabağda beş nəfərin ölümü ilə nəticələnən atışma "hadisəsi" ilə bağlı xəbərləri izləyir. Diplomat münaqişənin insan tələfatının davam etməsindən təəssüfləndiyini bildirib. “Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Sülhü qorumağın yeganə yolu danışıqlar masasına oturmaqdır və gücdən istifadə danışıqlara xələl gətirir”.
Prays əlavə edib ki, ABŞ yalnız Cənubi Qafqazda sülh və təhlükəsizlikdə maraqlıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda Rusiyanın vasitəçilik rolunun vacibliyi ilə bağlı bəyanatını şərh edən Prays qeyd edib ki, Vaşinqton Moskva ilə rəqabət aparmaq əvəzinə, Cənubi Qafqazda sülh prosesini təşviq edir. “ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək niyyətində deyil, tərəflər məsələləri özləri həll etməlidirlər. Biz İrəvan və Bakı üçün vasitəçi deyilik, tərəfdaşıq”, - deyə o, Vaşinqtonun bütün səylərinin razılığın əldə edilməsinə və iki ölkə arasında uzunmüddətli münaqişənin həllinə yönəldiyini bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar həm sözdə, həm də əməldə göstərdi ki, onlar iki ölkəni yaxınlaşdıra bilərlər, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyişə nail olmağa hazırdırlar. “Bu, həm də Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğundur”, - diplomat yekunlaşdırıb.

NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın baş verən erməni diversiyasına münasibətində bildirib ki, ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən son dərəcə narahatıq. Bu hadisə danışıqlar masası arxasında həll edilməmiş məsələlərin həllinin vacibliyini nümayiş etdirir. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.

Sülhməramlılar Qarabağdan çıxarsa, 102-ci baza da...
“Sülhməramlıların Qarabağdan çıxarılması demək olar ki, avtomatik olaraq bazanın Gümrüdən çıxarılmasına gətirib çıxaracaq, bu, İrəvanın media-PR-ı yox, Qərbə yönləndirilməsidir”. Bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov yazıb. O bildirib ki, Qarabağda yeni silahlı insidentlər baş verir. Risklər artır. Və ultimatumların təqdim edilməsi bu sahədə yeni taktika olmasa da, açıq-aydın görünür ki, bunlar güclə dəstəklənəndə Rusiya üçün risklər xeyli artır. Qafqazda bu məqam xüsusi əhəmiyyət kəsb edir. Onu əsas adlandırmaq belə mübaliğə olmaz. Baş moderator rolunun (hətta Qərblə artan rəqabət və Türkiyə ilə rəqabət tərəfdaşlığı şəraitində belə) qorunub saxlanılması həm Ermənistana, həm də Azərbaycana təsiri ilə Moskvanı təmin edir.
O qeyd edib ki, kimsə Rusiyanın “bərabərlik siyasəti”ni bəla və lənət, kimisə vacib resurs hesab edir. Aydındır ki, bu, həm qazanc gətirir, həm də Moskvanı bir çox azimutlarda məhdudlaşdırır. Amma bu gün İrəvan və ya Bakı arasında hansısa “son seçim” etmək düzgün deyil. Variantlar, əlbəttə ki, mümkündür, lakin onlardan qaçmaq daha yaxşıdır. Rusiyanın Ermənistan və Azərbaycana təsirini itirməsi Moskva üçün Gürcüstanda yaranmış müsbət tendensiyaların dondurulmasına gətirib çıxaracaq. Aydın məsələdir ki, Türkiyənin bütün platformalarda (təkcə Qafqaz deyil, Suriya və Ukrayna) səsi daha çox çıxacaq. Beləliklə, “Qarabağ açarı” uğrunda mübarizə aparmaq vacibdir.
Rusiyasız Ermənistanla Azərbaycan arasında sülh yarana bilərmi?
Bu suala münasibətində S.Markedonov bildirib ki, Moskvanın iştirakı olmadan Cənubi Qafqazda regional nizam mümkündürmü sualını “beynəlxalq siyasətdə hər şey mümkündür” deyə cavablandırmaq olar. “Tarixdə elə dövrlər olub ki, Rusiya dövləti Qafqazda olmayıb, yaxud orada minimal mövcudluğu olub. Son illərdə Rusiya Federasiyasının çox iştirakı olmadan Balkanlar “sakitləşdi”. Lakin belə davamsızlığın nəticələri heç də təhlükəli deyil, çünki guya Kremlin “imperiya ambisiyalarına” zərbə vurulacaq. Rusiyanın özü Qafqaz dövlətidir, bunu bir dəqiqə belə unutmaq olmaz. Buna görə də Moskvanın Zaqafqaziyada xüsusi məsuliyyəti var. Daha bir emosional və psixoloji məqam var. İstənilən ölkənin yaxın qonşuluğunda təhlükəsizliyə xüsusi münasibəti var. Qərb potensial sülhməramlılar kimi Qafqaz regionunda uzaq periferiyada olduğu kimi fəaliyyət göstərir. Təfərrüatlara və nüanslara varmaq Rusiyanın səlahiyyətidir”, - Markedonov yazıb.
Qarabağdakı separatçı qurumun ”dövlət nazirinin müşaviri Artak Beqlaryan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı Bakıda verdiyi açıqlamaya görə tənqid edib. “Kor yabı” təxəllüslü Artak hətta o qədər həddini aşıb ki, amerikalı diplomatı “həvəskar diplomat” adlandırıb. Bir az da irəli gedən Beqlaryan Klaarı “azərbaycanlılar tərəfindən beyni yuyumuş”, “korrupsioner”, ”Avropa dəyərləri, maraqları və insan haqları haqqında təhrif olunmuş təsəvvürlərə malik” birisi kimi təsvir edib. Beqlaryan bütün bunları Twitter hesabında yazıb.
Bəli, hadisələr hər an dəyişir və cərəyan edən hadisələrə münasibətlər də subyektivliyi ilə seçilir. Haqlı da, haqsız da hüquq tələb edir, işğalçı da, işğala məruz qalan da özünü tərəzinin eyni gözünə qoyur. Separatçılar beynəlxalq qanunlarda yazılanların əlehinə getdiklərinin fərqinə varmadan ədalət axtarır, heç kim tərəfindən tanınmasa da dünyanın bəzi ölkə və beynəlxalq təşkilatlarını ittiham edir, onlara siyasət dərsi keçməyə cəhd edir və bundan zərrə qədər də xəcalət çəkmirlər. Ermənistan-Azərbaycan münaqişəsinin tarixcəsini bilməyən az ölkə, təşkilat olar. Səbəb, bəhanə və baş verənlər bunu deməyə əsas verir ki, dünya hələ də itirmiş nizamını bərpa edə bilməyib. Bir ölkənin tərkibində yaşayan azsaylı etnik qrupun qalxıb qanunsuz olaraq, həm də işğal yolu ilə özünə dövlət qurmağa cəhd etməsi, bunun dünya ölkələri tərəfindən tanınmasına çalışması və dünya birliyinin də baş verənlərə laqeydlik bir kənara, bəzən dəstək verməsi sistemin çürüməsindən xəbər verir. Bəli, beynəlxalq münasibətlər sistemi çöküb, bunu etiraf etmək lazımdır. Hər kəs güclünün yanında durmağı öyrənir. Bəzi dövlətlərin dəstəyini arxasına alan Ermənistan düz 30 il torpaqlarımızı işğal altında saxlamağı “bacardı”. Gücü arxasında hiss edən İrəvan regionda “at oynadırdı”. Bizim dediklərimizi, haqq-ədalət istəyimizi isə görməzdən gəlirdilər. 30 il Ermənistanın tasmasını tutanları həm haqqa gətirməyə çalışdıq, həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyə hazırlaşdıq və qələbə qazandıq. Azərbaycan həm də dünyaya ədalətin bərpa olunma yollarını öyrətdi...
V.VƏLİYEV