PDF Oxu

Araşdırma

  • 5 209

Nikol Paşinyan 2020-ci ilin ab-havasında: Bakının səbr etmək jesti başa çatıb ANALİTİK+AKTUAL

image

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın ünvanına təxribatçı bəyanatlar səsləndirməyə başlayıb. Hökumət iclasında çıxış edən erməni baş nazir həmin bəyanatları ilə bir daha sübut edib ki, İrəvan özünün işğalçılıq siyasətindən əl çəkmək fikrində deyil. Məsələn, iclas zamanı o bildirib ki, martın 1-də Qarabağın erməni nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında keçirilən ilk görüşdən dörd gün sonra məlum silahlı insident baş verdi. O, bu hadisəni məhz Bakının ayağına yazmaq cəhdini gizlətməyərək, onu “terror aktı” adlandırıb, üstəlik, ittihamlar irəli sürməyi də unutmayıb. Daha dəqiq desək, o özünün ucuz düşüncəsi ilə Bakının “hədəflərinin” olduğunu iddia edib. Guya həmin “hədəflərdən” biri Qarabağın erməni təmsilçiləri ilə növbəti daşınıqlara son qoymaq və bununla yeni “hərbi təxribata” yol açmaqdan ibarətdir.

Paşinyan həm özünü, həm də Qarabağ separatçılarını “sülhpərvər” göstərməkdən ötrü onu da iddia edib ki, sən demə, “Dağlıq Qarabağın XİN”i hər şeyə rəğmən (???!!!) Azərbaycanla danışıqları davam etdirməyə hazırdır və s. “Bu, çox mühüm məsələdir. Hesab edirəm ki, Bakı və “stepanakertin” arasında fasiləsiz və institusional danışığın təmin olunması üçün etibarlı beynəlxalq mexanizmlərin yaradılmasına ehtiyac var və bu, yuxarıda qeyd edilən beynəlxalq razılaşmanın realizəsinə həqiqi zəmanət verə bilər”.

Lakin sözügedən təxribatçı və əsassız ittihamlarının ardınca Ermənistanın baş naziri daha bir sərsəm iddiasını irəli sürüb. O, Bakının “ikinci hədəfinin” olduğunu bildirib. Daha dəqiq desək, Paşinyann özü də yaxşı bilir ki, təxribat ermənilər tərəfindən törədilib və onu da yaxşı bilir ki, insidentin yaşandığı Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu vasitəsi ilə Ermənistandan hərbi məqsədli yüklər daşınıb. Amma bunu inkar etmək üçün sözügedəən faktı Azərbaycanın “əsassız iddiası” olaraq təqdim edib, bu vasitə ilə Qarabağ separatçılarını silahlandırması reallığını gizlətməyə cəhd edib.

Bu kimi məsələlərdə, xüsusilə, Nikol Paşinyanın ritorikasında rəsmi İrəvan nədənsə bir sıra Avropa ölkələrinin, eləcə də strukturlarının Ermənistanın işğalçılıq siyasətinə dəstək göstərəcəklərini sanır. Praqa görüşündən sonra, eləcə də Fransanın açıq-aydın anti-Azərbaycan fəaliyyəti də daxil olmaqla erməni tərəfi nəticəyə gəldi ki, artıq Brüssel, Moksva görüşlərindən imtina etmək olar. İrəvan bu vasitə ilə Qarabağ separatçılarına eyham vurur ki, onlar da Bakı ilə danışıqlardan imtina etsinlər, bunun yerinə isə “tələblər” irəli sürsünlər. Və bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarının imzalanması vacibliyi ətrafında səsləndirdiyi çoxsaylı bəyanatları fonunda baş verir.

Beləliklə, erməni baş nazir Azərbaycanın suveren ərazilərinə beynəlxalq güclərin daxil olmasına çalışır və maraqlıdır ki, Azərbaycanın özünün razılığı olmadan (???!!!) Bu cür davranış isə bir şeydən xəbər verir – Azərbaycanın daxili işlərinə qarışmaq və öz ərazilərini nəzarətdə saxlamaq hüququndan məhrum etmək. Başqa sözlə ifadə etsək, Paşinyan siyasi qudurğanlıq siyasətini önə sürüb. Təbii ki, belə “siyasəti” ilə o Ermənistanı təhlükə altına salır. Çünki belə davranışlar əvvəl-axır Azərbaycanın qətiyyətli və sərt cavabı ilə nəticələnəcək. Bütün bunların da məsuliyyəti Azərbaycanın Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin son bəyanatında vurğulandığı kimi, məhz erməni rəhbərliyinin boynunda qalır.

Beləliklə, Bakı İrəvanın, onun timsalında Xankəndi separatçılarının və s. tərəflərin davranışlarını da diqqətlə izləyir və bu dəfə səbr etmək jesti də artıq geridə qalıb...

Rövşən RƏSULOV

Digər xəbərlər