PDF Oxu

Araşdırma

  • 7 110

Azərbaycan - Belarus: dostluq və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlıq - TƏHLİL

image

Prezident İlham Əliyev: "Qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür"

Azərbaycan - Belarus ikitərəfli əlaqələri müasir dövrümüzdə daha da dinamik inkişaf etməyə başlamışdı. Bu münasibətlər möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Müasir dövrdə dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib desək, fikrimizdə yanılmarıq. Belə ki, dövlətlərarası imzalanan sənədlər, qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, qarşılıqlı etimad və dialoqa mühüm töhfə verir. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Dövlətlər arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən sənədlər imzalanıb.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri məhz mövcud münasibətlərin dostluq və qarşılıqlı etimada söykəndiyinə əsaslanır. Əlbəttə ki, Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu münasibətlərin dərinləşməsində mühüm rola malikdir. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə bildirdiyi kimi, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk: "Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur". Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

DİPLOMATİK MÜNASİBƏTLƏRİN TƏMƏLİ

Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. Həmin zamandan 30 ildən artıq vaxt ötür. Bu münasibətlər xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada söykənir. Vurğulayaq ki, 18-19 noyabr 2018 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri, 28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti A leksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 13-14 aprel 2021- ci il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur.

Hazırda Azərbaycan və Belarus arasında bir çox sahələrdə eləcə də hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Bildiyimiz kimi, Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Əlbəttə ki, ölkələrarası əməkdaşlığın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Onu da bildirək ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyirlər.

DÖVLƏTLƏRARASI İMZALANAN SƏNƏDLƏR

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol"u "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"u imzalanıbdır. Eyni zamanda "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum"u, "Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum"u, "Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu"nu və s. imzalanması dövlətlərarası müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır.

"BİZ AZAD EDİLMİŞ ƏRAZİLƏRİN BƏRPASINDA BELARUS ŞİRKƏTLƏRİNİN, MÜƏSSİSƏLƏRİNİN İŞTİRAKINA ŞAD OLARDIQ"

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparılıb. "Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq" – deyən Prezident bildirib ki, nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər.

Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişləndirilir. Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı buna nümunədir. İndi işğaldan azad olunan ərazilərimizdə dirçəliş dövrüdür. Belarus dövləti də dost ölkə olaraq bu prosesdə iştiraka öz töhfəsini verəcəkdir. "Biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər" – deyə Belarus Respublikasının Prezidenti bildirib.

ÖLKƏLƏRİMİZ ARASINDA ÇOXŞAXƏLİ MÜQAVİLƏ-HÜQUQİ BAZA

Hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı təchizatı həyata keçirilir. Onlarla Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər. Ölkəmizdə Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar fəaliyyət göstərir.

İqtisadi sahədə əlaqələrin genişləndirilməsində birbaşa əmtəə ticarəti ilə yanaşı, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi kimi ölkələr üçün əlamətdar layihəyə çevrilib. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında maraqlıdır. Ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquqi bazası yaradılıb.Təbii ki, iki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin demək olar ki, bütün sahələrində öz əksini tapıb.

Göründüyü kimi, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər