Adətən idman yarışları, çempionatlar, olimpiadalar idman bayramı kimi qəbul edilir və insanları, millətləri və dövlətləri həm bir-birinə tanıdır, həm də daha da yaxınlaşdırır. Həmçinin, idman yarışlarına, olimpiadalara ev sahibliyi edən ölkələr həmin yarışların yüksək səviyyədə keçirilməsinə əvvəlcədən hazırlıq görür. Belə ki, hansısa xoşagəlməz halların baş verməməsi üçün öncədən təmizlik işləri görülür, qonaqların yerləşəcəyi ərazilər müəyyənləşdirilir, onların təhlükəsizliyinin təminatı üçün tədbirlər həyata keçirilir ki, Fransanın hazırda qarşılaşdığı rüsvayçılıqla, biabırçılıqla qarşılaşılmasın.
Biabırçılıq Fransanın da, onun lideri Makronun da alnına yazılmış oldu
Məlum oldu ki, Fransa qapılarını açıb cəmi 10 milyonadək turisti qəbul etməyə hazır deyilmiş. Bəlli oldu ki, bu Avropa ölkəsində nə qonaqların təhlükəsizliyi, nə təmizlik, nə idman bazaları, nə də yarışların keçiriləcəyi yerlərədək heç nə hesaba da, nəzərə də alınmayıb. Bu yekəlikdə Avropa ölkəsində qonaqların çantalarının oğurlanması da, otel və qonaq evlərində çarpayıların yararsızlığı da həmin ölkə üçün əsl biabırçılıqdır. Üstəlik, yarışların keçirildiyi yerə idmançıların özlərinin belə uzun-uzadı yol qət etmələri əsl rüsvayçılıqdır ki, bunu Fransa əvvəlcədən də özü üçün rəva bilibmiş. Ortada olan faktlar təsdiq edir ki, Paris nəinki qonaq qarşılamağa hazır deyilmiş, bu ölkənin qonaq qarşılamaq mədəniyyəti belə yox imiş. Hər halda, bunun da adı biabırçılıqdır və bu biabırçılıq Makronun da, Fransanın da əsl siması, güzgüsü olaraq yadda qadı. Heç şübhəsiz ki, Yelisey sarayının qonaqlara biganə yanaşmasını çətin ki, dünya ictimaiyyəti unuda və qonaqların təhlükəsizliyindən tutmuş, natəmizliyə, saymazlığa qədər belə bir biabırçılıq Fransanın da, onun lideri Makronun da alnına yazılmış oldu.
Bu Olimpiya Oyunları transseksualların, transvestitlərin çıxışı ilə ikrah doğurmaya bilməzdi
Olimpiya Oyunlarının açılış mərasimində transseksualların və transvestitlərin çıxışı dünyadakı xristian dindarlarının dəyərlərinə lağ edən bir şou olaraq iştirakçıların yaddaşına yazıldı. Dünyanı bürüyən fəlakətlər fonunda məhz 12 milyard ABŞ dolları sərmayə qoyulmuş bu Olimpiya Oyunları transseksualların, transvestitlərin çıxışı ilə ikrah doğurmaya bilməzdi. Avropanın düz ortasında dəhşətli, irimiqyaslı qanlı müharibə getdiyi bir zamanda, bu müharibə fonunda ölən ukraynalıların və rusların sayı artıq 1 milyon həddinə yaxınlaşdığı bir məqamda, Yaxın Şərqdə isə, üçdə biri uşaq olmaqla, 40 mindən çox fələstinlinin öldürüldüyü vaxtda, minlərlə insanın bombalar və raketlər altında həlak olduqları halda, Olimpiya Oyunlarının fransalı təşkilatçıları idman yarışlarının, olimpiadanın ruhunu rəhbər tutaraq, sülh çağırışı etmək və günahsız həlak olanların ruhlarına dua etmək əvəzinə, transseksualların, transvestitlərin şousunu nümayiş etdirirlərsə, bu, elə Makronun və Fransanın güzgüsü olaraq qəbul edilir.
“Qəbul olunmaz hörmətsizlik, biabırçılıq və xristianlara qarşı təhqir”
Mühafizəkar düşərgədə də mənfi reaksiya gözlənilən idi. Diqqətə çatdıraq ki, Donald Trampın fəal tərəfdarlarından biri olan amerikalı milyarder Elon Musk özü də “xristianlara qarşı həddindən artıq hörmətsizlik” ifadəsini təsadüfi olaraq işlətməyib. La Liqanın prezidenti Xavyer Tebas də özünəməxsus şəkildə fikir bildirib. “Qəbul olunmaz, hörmətsizlik, biabırçılıq! Paris Oyunlarından bu şəkildə istifadə etmək xristianlara qarşı təhqirdir”, deyə bildirilən fikirlər heç də əbəs yerə və mənasız şəkildə ola bilməz. Görünən odur ki, Fransa üçün elə xristian dini də heç bir dəyər və əhəmiyyət kəsb etmirmiş və dini inanc, dəyərlər bu ölkə üçün də, onun prezidenti üçün də sonuncu dərəcəlidir. Açıq-aydın şəkildə müşahidə olunur ki, Makron məhz pula, hər dəfə açıqlandığı zaman daha artıq şəkildə göstərilən məbləğə, sonuncu dəfə də artıq 11 milyard avro olaraq bildirilən vəsaitə sitayiş edirmiş.
Biabırçılıqda iştirakdan imtina etməkdə hər kəs haqlıdır və doğru addım da atmış olub
Xüsusilə diqqətə çatdıraq ki, bu yaxınlarda keçirilən parlament seçkilərinin nəticələrindən sonra Fransa lideri öz imici ilə bağlı narahatlıq keçirdiyi artıq özünü göstərir. Məhz bu narahatlığın fonunda, öz məhv olmuş imicini bərpa etmək üçün Olimpiadadan istifadə etmək istəyən Emmanuel Makron olimpiadadan nəinki daxili siyasi məqsədlər üçün, hətta xarici siyasi məqsədləri üçün də yararlanmaq istəyib, amma buna nail ola bilməyib. Qeyd etmək yerinə düşərdi ki, “Paris 2024”-ün açılış mərasimi son dərəcə qeyri-populyar tədbirə çevrilib, çünki dünya siyasi liderlərinin iştirakı baxımından bu, heç də Makronu, Fransanı qane edə bilməz. Bu yerdə nəzərə çatdıraq ki, ABŞ, Böyük Britaniya, İtaliya, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrin liderləri Olimpiya Oyunlarına gəlməyiblər. Açılış mərasimində müsəlman dövlətlərindən yalnız Qətər rəhbərliyi iştirak edib. Latın Amerikası ölkələrindən isə bir dənə də olsun lider Parisə gəlməyib. Əslində, belə bir hal bir Avropa dövləti üçün biabırçılıqdır və Makronun da, Fransanın da güzgüsü sayıla bilər. Çünki sadalanan ölkələrinin liderlərinin gəlməməsinin səbəbkarı da elə Fransa və şəxsən onun prezidenti Makron hesab olunur və bunun da adı biabırçılıqdır. Gey şousunun təşkilatçıları 33-cü Yay Olimpiya Oyunlarına görə biabırçı durumu özləri yaradıblar və bu biabırçılıqda iştirakdan imtina etməkdə hər kəs haqlıdır və doğru addım da atmış olub.
Fransanın, Makronun və onun hakimiyyət komandasının əsl biabırçı siması
Nəzərə çatdıraq ki, Braziliyanın əfsanəvi futbolçusu, dünya şöhrətli Ziko Fransanın paytaxtı Parisdə qarət edilib. Dünya əfsanəsi kimi yanınan futbol ulduzunun, 71 yaşlı keçmiş yarımmüdafiəçinin 420 min avro dəyərində portfeli oğurlanıb. Fransaya məxsus olan “Le Parisien” nəşri özü bu barədə məlumat yayıb və məlumatda qeyd olunur ki, dünyaşöhrətli Zikonun oğurlanan portfelində dəyərli əşyaları, bahalı saat, zinət əşyaları, brilyantlar və nağd pul olub. Argentinanın Olimpiya futbol komandasının futbolçusu, Braziliyanın “Botafoqo” klubunun cinah oyunçusu Tiaqo Almadanın da şəxsi əşyaları, saatı, zinət əşyaları Fransanın Sent-Etyen şəhərindəki stadionun soyunub-geyinmə otağından oğurlanıb. Mətbuat səhifələrində yayılan məlumata görə həmin futbolçuya da belə oğurluğa görə 50 min avro dəyərində ziyan dəyib. Belə görünür ki, Turistlərin təhlükəsizliyini, onların rahatlığını təmin etməli olan, lakin heç də təmin etməyən təşkilatçıların özlərinin də oğrulardan qətiyyən fərqi yyox imiş. Eyni zamanda, Fransa hakimiyyətinin özünün də olimpiya oyunları ilə bağlı ölkəyə səfər etmiş turistlərə münasibətdə oğurluğa biganəliyi, həmin ölkə hakimiyyətinin oğrulardan fərqli olmadıqlarını təsdiqləyir. Çünki belə bir təəssürat yaranır ki, elə bil olimpiadada oğurluq edən oğrularla yanaşı, onlara şərait yaradan Fransa dövləti də sanki qazanc güdürmüş. Hələ, Parisdə Olimpiadanın açılış mərasimi ərəfəsində 25 yaşlı avstraliyalı qadın turistin şəhərin mərkəzində, məşhur "Moulin Rouge" restoranın yaxınlığındakı kababxana restoranında afrikalı olduğu güman edilən 5 kişi tərəfindən zorlanması hadisəsi isə, tamamilə böyük bir rüsvayçılıq və biabırçılıqdır. Xüsusən də özünü dünyada mədəniyyətin inkişaf etdiyi bir ölkə kimi göstərən Fransa üçün bundan böyük zərbə ola bilməz. Amma hər halda bu biabırçılıqlar həmin Avropa ölkəsinin əsl simsıdır, Makronun və onun hakimiyyət komandasının göstərmək istədiyi yox.
Qərəzli mövqe sərgiləndiyi üçün rəsmi açılış mərasimi Fransanın biabırçılıq şousu kimi yadda qaldı...
Bildiyimiz kimi, Fransanı Azərbaycan üçün düşmən dövlətə çevirən prezident Emmanuel Makronun nə istədiyi də, ölkəmizlə bağlı qərəzli, düşmən mövqeyi də bir daha ortaya çıxıb və bu, özünü olimpiya oyunlarının rəsmi açılışı mərasimində də göstərib. Yenə də müşahidə olunub ki, rəsmi Paris və oyunların təşkilat komitəsi Azərbaycana qarşı təxribata xüsusi yer ayırıbmış. Daha dəqiq desək, Olimpiya Oyunlarının açılışını göstərən Fransanın “Fr2” telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı təxribatçı ifadələr səsləndirilib. “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların qəlbinə yaxın olan ölkə”, - deyə canlı yayımda “Fr2” kanalının aparıcısı Ermənistan oyunçuları keçən zaman məkrli fikirlər səsləndirib. Eyni zamanda o, yəni həmin aparıcı Azərbaycanın milli olimpiada komandası keçən zaman isə ölkəmizi “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib. Olimpiya kimi humanist, barışcıl yarış zamanı Fransa hakimiyyətinin məkrli niyyət güdməsi bu ölkə hakimiyyəti üçün, onun lideri üçün, ümumilikdə Fransa üçün əsl biabırçılıqdır. Amma etiraf edilməlidir ki, bu addım nə ilkdir, nə də son və bu da o deməkdir ki, müşahidə edilən Fransanın güzgüsüdür. Bu güzgüdə isə görünən ancaq biabırçılıqdan başqa bir şey deyil. Makronun da, onun rəhbərlik etdiyi ölkənin də, Fransanın da güzgüsü artıq göz önündədir və hər halda qonaq qarışlamağa ləyaqəti çatmayan Fransanın oyunlarla bağlı mühacirləri Parisdən zorla çıxarması, yolların bəzilərinin bağlanması səbəbindən nəqliyyatda xaosun, avtomobil qıtlığının yaranması, oğurluq, eləcə də zorlama hadisələrinə heç də biabırçılıqdan başqa bir qiymət verilə bilməz. Deməli, keçirilən yarış, Olimpiya Oyunları adı altında olan idman yarışı, sadəcə olaraq, Fransanın biabırçılıq şousu kimi yadda qaldı...
Müəllif: İnam Hacıyev