PDF Oxu

Araşdırma

  • 3 249

Azərbaycanın tolerantlıq modeli: etimad və hörmət şəraitində vahid ailə TƏHLİL

image

"Şərqlə Qərbin qovuşağunda körpü rolunu oynayan Azərbaycan uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardandır. Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yəhudi xalqının milli yeni il bayramı – Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanldığı təbrikində bildirib. Bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcud olduğunu bildirən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, cəmiyyətimizin ayrılmaz hissəsi və bərabərhüquqlu üzvü olaraq yəhudi əsilli vətəndaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə töhfələr verir, hazırda böyük tərəqqi və sürətli inkişaf mərhələsini yaşayan respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.Bu gün Azərbaycanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər daha çox Bakı şəhərində yaşayırlar.
QIRMIZI QƏSƏBƏ DÜNYADA İSRAİLDƏN SONRA YƏHUDİLƏRİN YIĞCAM YAŞADIĞI NADİR MƏKANDIR
Ölkəmizdə yaşayan müxtəlif xalqlar öz dini-milli bayramlarını qeyd edirlər. Bildiyimiz kimi, hər il Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-xa-Şana bayramını əmin-aman şəraitdə qeyd edirlər. Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə qəsəbə sakinləri sinaqoqa gedərək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, bayram süfrəsi arxasında toplaşaraq Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs "Yom Kipur" gününü qeyd edirlər. Roş-xa-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər təntənəli şəkildə keçirir. Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. "Qafqazın Yerusəlimi" adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şərəaitində yaşaması fikirlərimizi əsaslandırır. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasətidir.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Beləliklə, davamlı olaraq bu istiqamətdə tədbirlər reallaşdı.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qadağan olması barədə müddəalar həmin sənəddə əksini tapdı.
DÜNYA BİZİM TƏCRÜBƏMİZİ ÖYRƏNİR
Qərb fəlsəfi fikrində özünə yer almış multikulturalizm mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığını ifadə edir. Azərbaycan qədim zamanlardan müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuş, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı mədəni məkana çevrilmişdir. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti kimi qəbul edilərək Qərb dövlətləri ilə müqayisədə daha səmərəli şəkildə həyata keçirilir. Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayan bir dövlətdir və dünya bizim təcrübəmizi öyrənir.
AZƏRBAYCANIN TARİXƏN SAHİB OLDUĞU TOLERANTLIQ VƏ MULTİKULTURALİZM ƏNƏNƏLƏRİ
Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə həyati əhəmiyyət kəsb edir. Bu gün artıq ölkələr, xalqlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı bir zamanda əməkdaşlıq, mədəniyyətlərarası dialoq vacib məsələlər sırasındadır. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə verdiyi töhfələr də əhəmiyyət kəsb edir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Xüsusi olaraq vurğulayaq ki, paytaxtımızda Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qadağandır.Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bəyan etdiyi dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir.
30 SAYDA MİLLƏT VƏ ETNİK QRUPLAR
Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub. Bu ölkədə heç zaman dini və ya irqi ayrı-seçkilik olmayıb. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azərbaycanın müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlə bağlı mühüm işlər görülür. Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları dövlətimiz tərəfindən möhkəmləndirilib. Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "xalq teatrı" adını almış gürcü dram dərnəyinə dövlət statusu verilmişdir. S. Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla Teatrlarındakı rus bölmələri fəaliyyət göstərirlər. Astara rayon Mədəniyyət evinin "Sevinc" mahnı və rəqs ansambllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində rolu vardır. Astarada "Məhsul", "Əkinçi", "Şum" bayramları keçirilir.Dövlətin din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Din sahəsindəki siyasət beynəlxalq hüququn prinsiplərinə və normalarına, dövlətimizin qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər