2020-ci il noyabr ayının 8-i bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu qələbə bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi.Məhz həmin gün qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.
Əlbəttə ki, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçib. 2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq, 30 ildən artıq bir müddətdə ərazilərinin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi.
Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə Ermənistan kapitulyasiya aktına imza atdı.Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.
Beləliklə, uzun illər həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz Zəfər, hər birimizə canı qədər əziz olan üçrəngli Bayrağımızın viran qoyulmuş şəhərlərimizdə dalğalanması ilə nəticələndi.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Böyük Sərkərdəsi, Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm Zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.
Eyni zamanda, bu Zəfər qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi.
Müharibə dövründə orduya komandanlıq edən, onun strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın siyasi, diplomatik fəaliyyəti informasiya müharibəsində də qələbə ilə nəticələndi. Prezident İlham Əliyev istər müharibənin gedişində, istərsə də müharibədən sonra dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələrləmünaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə müvəffəq oldu.
Keçən dörd il ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirir.
Onu da qeyd edim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoydu. Bu Zəfər keçən bir il müddətində Azərbaycanın, eləcə də bütün regionun sülh və iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Eyni zamanda, bu gün Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında gedən sürətli bərpa və quruculuq işləri Azərbaycan dövləti, xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bütün dünyaya nümayiş etdirir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri isə bunun əyani sübutudur.
Heç kəsə sirr deyil ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Məhz Ümummilli Liderin yorulmaz səyləri nəticəsində müasir, müstəqil, demokratik Azərbaycan Respublikasının əsası qoyuldu, müstəqilliyimizin rəmzlərinə çevrilən Dövlət Bayrağı vəKonstitusiya qəbul edildi.
Təsadüfi deyil ki,noyabr xalqımız üçün xüsusi əlamətdar aylardan biridir. Bu ay qədirbilən Azərbaycan xalqı Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Gününü böyük çoşqu, qürur hissi ilə qeyd edir.
Bu il xalqımız 08 noyabrda tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədiləAzərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı və diqqəti ilə Bakı şəhərində yaradılan, xüsusi günlərimizin simvoluna çevrilən“Zəfər” abidəsini fəxarətlə ziyarət edəcək.
Bu gün də qəhrəman xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir.Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq. Ölkə başçısının qeyd etdiyi kimi, “Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.”
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı