PDF Oxu

Araşdırma

  • 10

“ABŞ Azərbaycanın xeyrinə istənilən addımı atmağa məcburdur”

“ABŞ Azərbaycanın xeyrinə istənilən addımı atmağa məcburdur”
Son zamanlar, ABŞ Konqresində "907-ci düzəliş"in ləğvi ilə bağlı təkliflərin səsləndirilməsi siyasi təhlilçilərin marağını cəlb etməkdədir. Onların fikrincə, bu sənədin aradan qaldırılması məsələsinin tez-tez gündəmə gətirilməsi Azərbaycanın ədalətli mövqeyinin gücləndiyini göstərir. Məsələyə "Səs" qəzeti vasitəsilə münasibət bildirən siyasi elmlər namizədi Elşad Mirbəşiroğlunun sözlərinə görə, "907-ci düzəliş" ABŞ üçün çəkisi olmayan bir sənəddir. Bu sənədin ləğvi ilə bağlı ABŞ Konqresində təkliflərin səsləndirilməsi isə yeni hadisə deyil. Artıq bir neçə ildir ki, "907-ci düzəliş"in aradan qaldırılması istiqamətdə təşəbbüslər səsləndirilir.
Onun fikrincə, regionda yeni geosiyasi vəziyyət formalaşır və bunun fonunda istər ABŞ-da, istərsə də Avropada Azərbaycanın üstün mövqeyi qəbul edilir: "Yəni, etiraf edilir ki, Azərbaycan Avropanın maraqlarına cavab verə biləcək ölkəyə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində obyektiv rola malik olan subyektdir. Bu baxımdan, Avropanın da ABŞ-a müəyyən təsiri var. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyində Rusiyanın rolunun aradan qaldırılması və Azərbaycanın rolunun yüksəlməsində ABŞ maraqlıdır. Ona görə ABŞ Azərbaycanın xeyrinə istənilən addımı atmağa məcburdur. ABŞ humanist prinsiplərdən deyil, yalnız məcburiyyət qarşısında qaldıqda və öz maraqlarını təmin etmək naminə addımlar atır".
Bu gün ABŞ-ın regionda öz maraqlarını həyata keçirməsi üçün Azərbaycana çox böyük ehtiyacı olduğunu vurğulayan E.Mirbəşiroğlu, Konqresdə bu fikirlərin səsləndirilməsinin də bu baxımdan təbii bir hadisə olduğunu söylədi. Çünki ABŞ Azərbaycanın köməyinə möhtacdır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dinamikliyin artırılması və s. məsələlər də ABŞ-ın regionda maraqlarının təmin olunması istiqamətində atılan addımlar sırasındadır. "907-ci düzəliş"in aradan qaldırılması realdır və Azərbaycanın kənarda ayrılan maliyyə yardımlarına ehtiyacı yoxdur. Bunu ABŞ-ın özü də çox gözəl dərk edir və ən azından məsələyə öz maraqlarının təmin olunması kontekstindən yanaşır.
Daha sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensiv xarakter aldığını qeyd edən siyasi təhlilçi, onu da bildirdi ki, prezidentlər səviyyəsində aparılan danışıqlar öz səmərəsini verəcək və hətta verməkdədir: "Danışıqlar Madrid və Praqa prinsipləri çərçivəsində uzun müddətdir ki, davam etdirilir. Son iki ərzində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü daha intensiv xarakter alıb. Bu danışıqların perspektivindən xəbər verir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın haqq səsi bütün dünyada eşidilməkdədir. Münaqişənin Ermənistanın xeyrinə həll olunmasını Azərbaycan tərəfi heç bir zaman qəbul etməyib. Dövlət başçısı İlham Əliyev bu fikri bəyanatlarında dəfələrlə vurğulayıb. Ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına yönəlib". Ermənistanın ədalətli addım atmaq istəyində olmaması və kompromist mövqe nümayiş etdirməməsinin münaqişənin həllinə mane olan əsas amil olduğunu diqqətə çatdırdı. Azərbaycan indiki məqamda kifayət qədər ciddi bir subyektdir və hərbi, iqtisadi, siyasi potensiala malik olan bir ölkədir. Bu baxımdan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə özünün ərazi bütövlüyü çərçivəsində nail olacaq. Çünki bu gün dünyanın Azərbaycandan umduğu çox şey var. Xüsusilə, irimiqyaslı enerji layihələrinin gerçəkləşdirilməsində Azərbaycanın imkanları durmadan artır. Azərbaycan öz sözünü daha qəti və daha kəskin şəkildə deyəcək. NABUCCO layihəsinin gündəmə gətirilməsi və onun Avropa üçün həyatı əhəmiyyət kəsb edən bir layihə kimi qiymətləndirilməsi də milli maraqlarımızın təmin olunmasına xidmət edəcək. Bu layihədə Azərbaycanın həlledici bir ölkə rolunda olduğunu deyən E.Mirbəşiroğlu proqnozlara görə, Azərbaycandan həmin layihə əsasında hər il ixrac olunan qazın miqdarının 5-7 kubmetr miqdarında olacağını da bildirdi: "Bir sözlə, NABUCCO layihəsində Azərbaycana böyük ümidlər var. Ona görə danışıqlarda dinamikliyin artması, bütün bu proseslərin fonunda Azərbaycanın düzgün manevr edərək öz haqq səsini dünyaya çatdırması və prinsiplərini ortaya qoyması münaqişənin Azərbaycanın xeyrinə həll olunacağından xəbər verir".
ATƏT-in Minsk Qrupunun fəaliyyətini qeyri-məqbul dəyərləndirən politoloq, onların öz dövlət maraqlarından çıxış etdiyini vurğuladı. Bütün ümidlərin ölkə Prezidenti İlham Əliyevin diplomatiyasının, siyasi zəkasının gücündən qaynaqlandığını bildirdi. Heç bir vasitəçinin iştirakı olmadan hər iki ölkə prezidenti arasında danışıqların aparılmasının, eləcə də, kommunikasiya kanallarının yaradılmasının da müsbət dəyişikliklərdən xəbər verdiyini nəzərə çatdırdı. Münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsindən danışmağın yersiz olduğunu bildirdi. Ancaq buna baxmayaraq, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Türkiyənin ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunması ilə onların fəaliyyətində müəyyən dönüş yaranacağını dedi. ATƏT ilk dəfə yaradılarkən ATƏM adlandırıldı və onun həmsədrlik institutu formalaşdırılarkən orada Türkiyənin də təmsil olunması məsələsi var idi. Bəzi obyektiv məsələlər nəzərə alınaraq, Türkiyənin adı arxa plana keçirildi. Sonradan ATƏT-in üç ölkənin, ABŞ, Fransa və Rusiyanın iştirakı ilə həmsədrlik institutu formalaşdırıldı. Bu dövlətlərin ATƏT-in Minsk Qrupunda təmsil olunması ona olan ümidləri sıfıra endirdi. Çünki ABŞ erməni lobbisinin təsiri güclü olan bir ölkədir, Fransa ermənipərəst siyasəti ilə seçilir, Rusiya da Ermənistanı özünün forpostu adlandırıb. Belə olan halda, adıçəkilən dövlətlərin münaqişənin ədalətli həlli istiqamətində pozitiv addım atacağını gözləmək yersizdir. Bu ölkələrlə yanaşı, Türkiyənin də Minsk Qrupunda təmsil olunması müsbət haldır. Onun sözlərinə görə, Türkiyə ATƏT-in Minsk Qrupu həmsədrliyində təmsil olunmasa belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini hər zaman gündəmə gətiriblər.

Digər xəbərlər