Ermənistan aclıq təhlükəsi ilə üzləşib
Son zamanlar Ermənistan rəsmləri ölkədə iqtisadiyyatın inkişaf etməsi və əhalinin sosial durumunun getdikcə yaxşılaşmasından dəm vursalar da, Ermənistanın özündə və xarici ölkələrdə nəşr olunan qəzetlərə nəzər saldıqda, bunun belə olmadığını anlamaq olur. Bu yaxınlarda "BMT-nin Dünya Ərzaq Proqramı"nın hesabatı da göstərdi ki, işğalçı ölkənin əhalisi artıq sosial faciə astanasındadır. Ermənilər aclıq təhlükəsi ilə üz-üzədir. Zəif və təcrid olunmuş iqtisadiyyata malik ölkənin separatçı hakimiyyəti öz əhalisini ən minimal səviyyədə belə dolandıra bilmir.
Beyənəlxalq təşkilatların hesabatlarını heç kim inkar edə bilməz və hər belə hesabat terrorçu dövlətin durumunun nə dərəcədə ağır olduğunu əyani göstərir. Yadınızdadırsa, ötən ay Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (DƏP) maliyyə böhranının tüğyan etdiyi dünyanın 5 ölkəsində yaranmış ağır vəziyyət barədə açıqlama yayıb, bu dövlətlərdə əhalinin artıq aclıq təhlükəsi ilə üzləşdiyini bəyan etmişdi.
DƏP-in icraçı direktoru Jozett Şeeran xatırlatmışdı ki, rəhbərlik etdiyi qurumun apardığı araşdırmalar həmin beş ölkədə aclıq və yoxsulluqla üzləşmiş insanların sayının durmadan artmasının həddindən artıq təhlükəli vəziyyət yaratdığını göstərir. İcraçı direktor beş ölkə siyahısında Ermənistanın, Banqladeşin, Qananın, Nikaraquanın və Zambiyanın adlarını çəkmişdi.
Jozett Şeeran son illərlə yaranmış xroniki aclığın Ermənistanı real təhlükə qarşısında qoyduğunu, bu vəziyyətin davam edəcəyi təqdirdə, aclar ordusunun sayının durmadan artmasından narahatlıq keçirdiyini bəyan edib.
DƏP ekspertləri aclıq təhlükəsi ilə üzləşmiş bu ölkələrdə hər gün 2 dollarla yaşamağa məcbur olmuş insanların, acınacaqlı taleyin ümidinə qaldıqlarını bildiriblər. Ekspertlər baş alıb gedən işsizliyin, korrupsiyanın, rüşvətxorluğun, özbaşınalığın, dövlət rəsmilərinin varlanma ehtirasları naminə əhalinin çapıb talamalarının həmin ölkələrdə insanların aclıq keçirmələrinə səbəb oduğunu qeyd ediblər.
Ərzaq məhsullarının qiymətinin getdikcə bahalaşması onsuz da vəziyyəti ağır olan əhalini var-yoxdan çıxarıb və yoxsulluğun son həddində yaşamaq məcburiyyətində qoyub. Ailəsini dolandırmaq xatirinə başqa ölkələrə üz tutmuş insanların əksəriyyəti çox vaxt getdikləri dövlətlərdə iş tapa bilmədiklərindən ailələrinə pul göndərə bilmirlər.
Təşkilatın Ermənistana tövsiyəsində qeyd edilib ki, əgər yaxın vaxtlarda Ermənistanda yaranmış vəziyyət aradan qaldırılmasa, ölkədə acların sayı arta və qarşıdan gələn qış onsuz da vəziyyəti ağır olan insanların durumunu daha da acınacaqlı vəziyyət qarşısında qoya bilər.
İş qabiliyyətli ermənilərin əksəriyyətinin ölkəni tərk edərək, ailəsini dolandırmaq məqsədi ilə Rusiya və Avropanın tikinti sektorlarında işləmələri Ermənistanda yaranmış ağır vəziyyətin aradan qalxmasına heç bir təsir göstərmir, əksinə, işçi qüvvəsinin itirilməsinə gətirib çıxarır.
Elə bu səbəbdən də, Ermənistandakı müəssisələrin, demək olar ki, çoxusu öz işlək funksiyalarını itirib və sənaye müəssisələri iflic vəziyyətə düşüb. Ermənistan rəsmiləri tezliklə ölkədə ciddi islahatlar keçirməsələr, ölkədə acların sayı daha da arta bilər. Bu isə, öz növbəsində, sosial partlayış yaradar.
Göründüyü kimi, erməni xalqı, Ermənistan siyasi müxalifəti artıq reallığı qəbul və etiraf etmək zorunda qalıb. Ölkə ziyalıları, müxalifət liderləri Ermənistanın düşdüyü ağır durumdan və iqtisadi-sosial problemlərdən əhalinin ziyan çəkdiyini, dövlətin beynəlxalq nüfuzunun son illər xeyli aşağı düşdüyünü qeyd edirlər.
Həqiqətən də, regionun ən yoxsul ölkəsinə çevrilən, sosial fəlakət qarşısında qalan, iqtisadi blokadaya düşən, qonşuları ilə ilə dinc yanaşı yaşamaq istəməyən bir ölkənin durumu bundan yaxşı ola bilməz.
Ölkə əhalisinin artıq 20 ildən bəri davam edən ağır böhrandan çıxmaq üçün hakimiyyətə təzyiq etmək etmək imkanları çoxaldıqca, hakimiyyət bunu nəzərə almaq zorunda qalır. Yerevandan gələn xəbərlərdən və səslənən son açıqlamalardan görünür ki, işğalçı ölkə rəsmiləri və ictimaiyyət nümayəndələri artıq hansı vəziyyətinn yarandığını bunun nə ilə sonuclanacağını dərk etmiş durumdadırlar. Bu səbəbdən də mövcud durumun gec-tez rəsmi Yerevanı reallığı nəzərə almağa, regionda sülhü və sabitliyi pozmaq əməllərinə son qoyulmasına gətirib çıxaracağı şübhə doğurmur.
İşğalçı ölkəni buna vadar edən səbəblərdən biri də böyük qardaşının yardımı ilə ərazisini işğal edib, əhalisini soyqırıma məruz qoyduğu və düşmən elan etdiyi Azərbaycanın durmadan sürətli inkişafı ilə bağlıdır. Ermənistanla müqayisədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti dəfələrlə çoxdur.
Qafqazda və dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, tarixi həqiqətin və ədalətin öz yerini tapmasına az qalıb. Azərbaycan Prezidentinin yetirdiyi siyasət gec-tez öz bəhrəsini verməlidir. Bunun simptomları artıq müşahidə olunur.